Şriftin ölçüsü / 904

Vergilər Nazirinin müavini sahibkarları aşağıladı

19 May 2016 [16:42]
"Azərbaycanda iri supermarket şəbəkələri ərköyünlük edir”. "APA-Economics” xəbər verir ki, bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov iri supermarket şəbəkələrinin vergi güzəştləri təklifinə münasibət bildirərkən deyib.

"2016-cı ildə apardığımız təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb. Aparılan xronometraj müşahidələri zamanı məlum olub ki, faizlə yox, dəfələrlə dövriyyəni gizlədir. Artıq 3-4 dəfə dövriyyənin gizlədilməsi bizə adi hal kimi gəlir. Tanınmış iri supermarket şəbəkələrindən biri 15, hətta 40 dəfə aşağı göstərənlər var”, - deyə S.Ələkbərov vurğulayıb.

Nazir müavini əlavə edib ki, ƏDV istehlak vergisidir: "Bunun iri supermarket şəbəkələrinə aidiyyatı var. Güzəşt istəklə verilmir. Dövlətin iqtisadi qurumları bununla bağlı geniş araşdırmalar aparır ki, bundan vətəndaş nə qazanacaq, büdcə nə itirəcək və bunu hansı yolla kompensasiya etmək olar. Bizə misal çəkirlər. Bəzi ölkələrdə kənd təsərrüfatı məhsullarına ƏDV tətbiq olunmur. Bu, çox diletant yanaşmadır. Axı həmin ölkələrdə kənd təsərrüfatında güzəştlər yoxdur”.

S.Ələkbərov supermarketlərin Vergilər Nazirliyinə vergi məsələləri ilə bağlı dərs keçməsindən də narazılıq edib: "Hələ bizə deyirlər ki, gəlin oturaq, sizə başa salaq. Dimdiyinin sarısı getməyən dünənki cücə bizə ƏDV-ni öyrətmək istəyir”.

Xatırladaq ki, iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər.

Buna cavab olaraq vergilər naziri Fazil Məmmədov jurnalistlər qarşısında bəyan etdi ki, supermarketlərə vergi güzəştlərindən söhbət gedə bilməz.Nazirin sözlərinə görə, supermarketlər şəbəkələrinin sahibləri ölkədə istehsal edilən kənd təsərrüfatı mallarının parakəndə satışının ƏDV-dən azad edilməsini istəyirlər. Hazırda belə məhsullarının 90-95 faizi bazarlarda, yarmarkalarda satılır. "Kim daha yaxşı çeşidlənmiş, qablaşdırılmış məhsul almaq istəyirsə, vergisini ödəyib supermarketlərdən ala bilər. Ona görə də, bu məsələdə vergi güzəşti mümkün deyil”, – nazir bildirib.

Vergilər nazirinin supermarket şəbəkələrinin sahiblərinin qaldırdığı məsələyə bu cür nöqtə qoyması sahibkarları məyus edib. Onlar yenidən mətbuata müraciət edərək üzləşdikləri vəziyyətin necə çıxılmaz olması haqda danışıblar./Azpolitika.info/

Onların sözlərinə görə, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, dövriyyə həcmi 200 min manatı ötən sahibkarlara 6%-lik sadələşdirilmiş vergi ilə ƏDV ödənişi arasında seçim etmək təklif olunub. Devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin iki dəfə aşağı düşdüyünü deyən sahibkarlar hesab edirlər ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət parakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıydı.

Əgər birinci devalvasiyaya qədər market şəbəkələrinin ticarət obyektləri 2% həcmində sadələşdirilmiş vergiyə cəlb olunurdularsa, sonradan bu rəqəm 5%-ə qalxıb. Bu zaman ikinci devalvasiya baş verib və vergitutma dərəcəsi daha 1 faiz — 6%-ə qədər yüksəlib.

Sahibkarlar bildirirlər ki, əgər yerli məhsula 18% ƏDV tətbiq olunsa yerli məhsulun qiyməti avtomatik olaraq 18% artmış olar. Ticarət sistemi üçün isə dövriyyənin 18%-i böyük məbləğdir. Həm də o, kiçik dövriyyələr üçün tətbiq edilmir. Əgər əvvəllər güzəştli vergitutma məbləği 120 min manata qədər idisə (ƏDV yalnız bu məbləğ keçiləndən sonra ödənilirdi), indi həmin rəqəm 200 min manatdır.

Sahibkarların sözlərinə görə, yaranmış vəziyyət əsas gündəlik tələbat mallarının bahalaşmasına gətirib çıxaracaq. Onlar supermarketlərin indi çətin seçim qarşısında qaldıqlarını bildiriblər: ya qiymətləri artırmaq, ya bağlanmaq.

Hətta bəziləri Vergilər Nazirliyini güzəştə getməyəcəyi halda bir sıra ciddi addımlar atmaqla hədələyiblər. Belə ki, mağazaların rəsmi sahibləri nazir Fazil Məmmədova cavab olaraq, güzəşt olmazsa mağazaları bağlayacaqları, işçiləri ixtisara salacaqları, qiymətlərii qaldılracaqları, yerli kənd təsərrüfatı mallarını satmaqdan imtina edəcəkləri kimi hədələr səsləndiriblər. Nazirliyin bu hədələr qarşısında hansı addım ataçağı maraqla gözlənilirdi.

Nazir müavini Sahib Ələkbərov bu gün gözləntilərə son verərək, Vergilər Nazirliyinin bu hədələr qarşısında geri çəkilməyəcəyni açıq bəyan etdi. Hətta onların dövriyyəni dəfələrlə gizlətdiklərini bildirərək, iri market şəbəkələrinin sahiblərini faktiki cinayətdə ittiham etdi. Bu da nazir Fazil Məmmədovla iri supermarket şəbəkələrinin arxasındakı oliqarxlar arasındakı savaşın genişlənəcəyindən xəbər verir. Buna oliqarxların cavabı hansı şəkildə olacaq, yəqin yaxın vaxtlarda bilinəcək.


Millət