Şriftin ölçüsü / 667

Ermənistan növbəti dəfə beynəlxalq təşkilatları aldatmaq istəyir

23 May 2016 [14:28]
Əli Orucov: "Atəşkəsin pozulması hallarının azalması ermənilərin növbəti oyunudur"
"İşğalçı dövlətə sərf edir ki, nə sülh, nə müharibə şəraitində atəşkəs illərlə davam etsin"

Aprel ayında vəziyyətin gərginləşdiyi cəbhədə hazırda nisbətən sakitlik hökm sürür. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklər, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Ümumiyyətlə, prezidentlərin may ayının 16-da Vyanada keçirilən görüşündən sonra təmas xəttində vəziyyət daha öncə görünməmiş dərəcədə dəyişib desək, yanılmarıq. Məsələ ondadır ki, xüsusilə aprel döyüşlərindən sonra erməni tərəfi atəşkəs rejimini müntəzəm olaraq iriçaplı pulemyotlar və minaatanlardan atəşlə pozurdu. Lakin son bir neçə gündə atəşkəsin pozulması halları əhəmiyyətli dərəcədə azalıb. Mayın 19-da erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub. Yəni ermənilər atəşkəsi həmişə olduğundan 5-6 dəfə az pozub. Bu isə son illər ərzində baxdıqda aşağı göstərici hesab oluna bilər. Çünki orta hesabla ermənilər hər gün atəşkəsi 120 dəfə pozurdu. Elə gün olub cəbhə bölgəsində atəşkəs 200 dəfə pozulub. Ümumilikdə atəşkəsin pozulması hallarının azalması nəyin göstəricisidir? Bunu ermənilərin qarşıdakı danışıqlarda konstruktiv addımlar atacağının əlaməti kimi dəyərləndirmək olarmı?

Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, bu, ermənilərin növbəti maskalanmasıdır: "Düşünmürəm ki, bu hansısa sağlam niyyətə hesablanıb. Sadəcə, iki ölkə prezidentinin mayın 16-da keçirilən məlum görüşündən sonra Ermənistan növbəti dəfə beynəlxalq təşkilatları aldatmaq istəyir. O mənada ki, guya Ermənistan atəşkəsin qorunmasına sadiqdir, keçirilən danışıqlarda bununla bağlı əldə olunan razılığın məsuliyyətini dərk edir və s. Ermənistan Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib. O baxımdan işğalçı dövlətə sərf edir ki, nə sülh, nə müharibə şəraitində atəşkəs illərlə davam etsin. Ermənilər hesab edir ki, vaxtın uzanması onların xeyrinə işləyir. Çünki yetərincə böyük ərazi işğal ediblər. Ancaq bundan fərqli olaraq, Azərbaycan vəziyyətin bu cür davam etməsi ilə razı deyil. Ona görə ki, bu bizə sərf etmir və ziyanımıza işləyir. Nəticəsiz danışıqlar daha nə qədər davam etməlidir ki?! O baxımdan atəşkəsin pozulması hallarının azalması ermənilərin növbəti oyunudur. Dünyada özləri barəsində yalançı sülhpərvər imic yaratmaq istəyirlər. Həm də son aylar Dağlıq Qarabağ məsələsinə dünya mətbuatının diqqəti yönəldiyi üçün bu aralar ermənilərə atəşkəsi intensiv pozmaq sərf etmir".

Vidadi ORDAHALLI


Millət