Şriftin ölçüsü / 1170

Orta əmək haqqı Ermənistanda Azərbaycandakından niyə çoxdu?

24 May 2016 [18:54]
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2015-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 466,4 manat olub (312 dollardan bir qədər çox).

Bu il aprelin 1-nə isə ölkədə orta aylıq əməkhaqqı 485,5 manat təşkil edib (325 dollardan bir qədər çox).

Transparency.az Beynəlxalq Əmək Təşkilatının 2015-ci ilə dair hesabatında dünya ölkələrində orta əməkhaqqının nə qədər olduğuna nəzər salıb.

Beynəlxalq Əmək Təşkilatının orta əməkhaqqı reytinqinin ilk sırasında Norveç durur. Ötən il bu ölkədə orta əməkhaqqı 7049 dollar olub.

İkinci yerdə olan Avstraliyada orta aylıq əməkhaqqı 5209 dollar, üçüncü yerdə gedən Yeni Zelandiyada orta aylıq əməkhaqqı 4763 dollardır.

İlk onluqda bu ölkələr də yer alır: ABŞ (4580 dollar), Almaniya (4576 dollar), Kanada (3676 dollar), Yaponiya (3418 dollar), Fransa (3397 dollar), İtaliya (3270 dollar), Cənubi Koreya (2785 dollar).

Keçmiş SSRİ məkanından Estoniyada ötən il orta aylıq əməkhaqqı 1259 dollar olub (13-cü yer).

Türkiyə 907 dollar orta əməkhaqqı ilə Beynəlxalq Əmək Təşkilatının reytinq cədvəlində 15-ci pillədədir.

Təşkilatın hesabatına görə, ötən il Rusiyada orta aylıq əməkhaqqı 829 dollar olub (16-cı yer). Ancaq Ali İqtisadiyyat Məktəbi 2015-ci ildə Rusiyada orta əməkhaqqının 558 dollara düşdüyünü açıqlayıb. Qurumun hesabatına əsasən, 2013-cü ildə orta əməkhaqqı 936 dollar olub, 2014-cü ildə 847 dollara enib. Əmanət Bankının ötən həftə açıqladığı rəqəmlərə görə isə hazırda Rusiyada orta əməkhaqqı 450 dollardır.

Müqayisə üçün deyək ki, Azərbaycan iqtidarının acından, səfalətdən və böhrandan öldürdüyü Ermənistanda orta əmək haqqı 383 dollar, orta pensiyanın məbləği 87 dollardır, "sürətlə iqtisadi siçrayışlar edən", neft-qaz ölkəsi olan Azərbaycanda isə orta aylıq əmək haqqı 325 dollar, pensiya isə 90-100 dollar civarındadır.Özünüz nəticə çıxardın


Millət