Şriftin ölçüsü / 1027

AMİP Siyasi Şura üzvü Səyavuş Novruzovu AMİPə dəvət etdi

26 May 2016 [12:17]
Əli Orucov: "S. Novruzov gəlsin AMİP-ə, ona müxtəlif sahələr üzrə proqramlarımızı bir daha təqdim edək, oxusun və heç olmasa öyrənsin”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, müxalifət kadr potensialı baxımından axsayır. O bunu onunla əsaslandırmağa çalışıb ki, müxalifət partiyalarından YAP-ın iqtisadiyyat, səhiyyə, sosial, elm, təhsil, idman və digər sahələr üzrə komissiyalarına hər hansı təkliflər daxil olmayıb: "Onların müxtəlif sahələrdə faydalı təşəbbüslərlə çıxış etməsi üçün böyük potensial tələb olunur. Bu cür potensial müxalifət partiyalarının heç birində yoxdur. Müxalifət partiyalarında müxtəlif sahələr üzrə kadr potensialı olmadığına görə, hansısa təkliflərlə çıxış edə bilmirlər. Amma siyasi partiyaların fəaliyyəti bu cür olmalı deyil. Müxalifət partiyalarını öz funskiyalarını düzgün yerini yetirməlidirlər. Onlar müxtəlif sahələrin inkişafı ilə bağlı konkret təklifləri həm hakim partiyaya və həm də ictimaiyyətə təqdim etməlidirlər”.

Görəsən, S. Novruzov müxalifətin kadr potensialının olmaması barədə dedikləri fikrində nə dərəcədə haqlı, və yaxud haqsızdır?

Yenicag.az-a açıqlamasında AMİP Siyasi Şura üzvü Əli Orucov da qeyd etdi ki, Səyavuş Novruzovun müxalifətdə kadr problemi olduğu barədə dedikləri həqiqəti əks etdirmir: "Əslində müxalifətdə olan bacarıqlı, güclü potensiala malik kadrlar hakimiyyətin özündə yoxdur. Bacarıqlı, peşəkar kifayət qədər kadrlarımız var ki, hakimiyyət onların potensialından çox təəssüf bəhrələmir. Müxalifət düşərgəsi ölkəni ilgiləndirən çoxsaylı problemlərlə bağlı tədbirlər keçirib, müxtəlif diskussiyalar hazırlayıb, təkliflər paketi, proqramlarla çıxış edib. Amma nə yazıq ki, hakim partiya hər dəfə bu təklif və təşəbbüsləri görməzdən gəlib. Siyavuş Novruzovun yaddaşı belə xarab olubsa, ona xatırlatmaq istərdim, bu yaxınlarda müxalifət düşərgəsi böhrandan çıxış yolları ilə bağlı təkliflər paketi hazırladı. AMİP özü bununla bağlı Prezident Aparatı və Milli Məclisə yazılı şəkildə təkliflərini verib. Bilə-bilə yalan danışmaq bu artıq qeyri-ciddilik əlamətidir. S. Novruzov gəlsin AMİP-ə, biz ona müxtəlif sahələr üzrə proqramlarımızı bir daha təqdim edək, oxusun və heç olmasa öyrənsin”. /Yeni Çağ/


Millət