Şriftin ölçüsü / 529

AMİP-in etirazından sonra Avropa Xalq Partiyası səhvini düzəltdi

26 May 2016 [16:30]

Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhədə qoşunların təmas xəttində başlanmış hərbi əməliyyatlardan sonra 4 aprel 2016-cı il tarixdə Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının Siyasi Assambleyası bununla əlaqədar Təcili Qətnamə qəbul etmişdi. Qətnamədə Siyasi Assambleya Dağlıq Qarabağ problemini daim diqqətdə saxladığını bildirməklə yanaşı tərəflərin 1 aprel tarixinə olan mövqelərə çəkilməsinin zəruri olduğunu vurğulamışdı. Azərbaycan Milli İstiqlal Partiyası bu ifadəyə dərhal reaksiya vermiş və AMİP Baş Katibi Arzuxan Əlizadənin imzası ilə AXP Sədrinə, Baş Katibinə və AXP Siyasi Assambleyasına etiraz məktubu göndərilmişdi. Bu gün AXP Sədri Joseph Doul və AXP Baş Katibi Antonio Lopez-İsturizin imzası ilə AMİP-ə rəsmi cavab məktubu daxil olmuşdur. Məktubda bildirilir:

"Sizin 1-4 aprel tarixlərində baş verən hadisələrlə bağlı AXP Siyasi Assambleyasının qəbul etdiyi Qətnaməyə və Dağlıq Qarabağdakı vəziyyətə dair 8 aprel tarixli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan həm Avropa İttifaqı, həm də AXP üçün çox önəmli tərəfdaşdır. Avropa İttifaqı xüsusi olaraq enerji, regional təhlükəsizlik, qanunun aliliyi, fundamental azadlıqlar və dinlərin sülhlə birgəyaşayışı baxımından Azərbaycanla əməkdaşlıq etməkdə konkret marağını ifadə etmişdir.

Biz hər zaman Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin gedişatına diqqətlə nəzarət etmişik və təmas xəttində ötən illər ərzində şahidi olduğumuz qarşıdurmanın kəskinləşməsi bizi narahat edir. Birmənalı olaraq biz münaqişənin beynəlxalq hüquq əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik və eyni zamanda biz ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin səylərinin status-kvo vəziyyətindən çıxaraq daha da irəliləməsini və sülh ilə hərtərəfli danışıqlara nail olmasını tam dəstəkləyirik. Bu, AXP Siyasi Assambleyasının qəbul etdiyi Qətnamənin arxasında dayanan əsas məqamdır.

Tərəfdaşımız olaraq sizin Qətnamənin ifadə tərzinə etyiniz qeydləri lazımi qaydada nəzərə alırıq, eyni zamanda bu məsələyə cəlb olunan hər kəsi qıcıq yaradan bəyanatlardan çəkinməyə və regionda mövcud gərgin vəziyyətin sakitləşməsi üçün fəaliyyət göstərməyə çaığırırıq "


Millət