Şriftin ölçüsü / 636

AMİP ATƏT-in Minsk Qrupuna çağırış etdi

30 May 2016 [14:29]

Bu gün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir. Siyasi Şura Azərbaycan xalqını 28 May Respublika günü münasibətilə təbrik etmişdir. İclasda Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair son Vyana danışıqları əsas müzakirə mövzusu olmuşdur. Sonda AMİP Siyasi Şurası Bəyənat qəbul etmişdir. Bəyənatda deyilir:

22 il öncə imzalanmış atəşkəs müqaviləsindən sonra Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına ümüdlər bəslənilirdi. Bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupuna daxil olan aparıcı dövlətlər üçlüyündən gözləntilər böyük idi. Amma ötən 22 il ərzində ATƏT-in Minsk qrupu məsələnin sülh yolu ilə həllinə nail olunacağı barədə ümidləri doğrultmamışdır. Təəssüf ki, aparılan fəaliyyət problemin həllindən daha çox onu unutdurmağa xidmət etmək təsiri bağışlamışdır. Bu illər ərzində erməni tərəfinin provakasiyası nəticəsində təmas xəttində mütamadi olaraq atəşkəs pozulmuş, yüzlərlə hərbçi, eləcə də qadın və uşaqlar da daxil olmaqla dinc mülki vətəndaşlarımız həlak olmuşlar. Bu ilin aprel ayının əvvəllərində erməni tərəfinin növbəti provakasiyasından sonra Azərbaycan hərbiçilərinin cavab olaraq uğurlu hərbi əməliyyatlara başlaması həm hərbi, həm də mənəvi baxımdan xalqımızın illər boyu susadığı qələbə haqqı idi. Bu uğurlardan sonra böyük dövlətlərin təklifi ilə yenidən atəşkəs elan edərək sülh danışıqlarını bərpa etməyə razılıq verilməsi də Azərbaycanın Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllində maraqlı olmasının bariz nümunəsidir. Lakin Vyanada baş tutan son danışıqlardan sonra erməni tərəfinin qəbuledilməz şərtlər irəli sürməsi və müharibə ritorikasına üstünlük verməsi onu deməyə əsas verir ki, məsələnin sülh yolu ilə həll olunması ehtimalı azdır. Belə ki, problemin beynəlxalq hüquqa söykənən ədalətli həlli Ermənistanı qane etmir. Buna görə də erməni tərəfi danışıqlar zamanı müxtəlif bəhanələrlə problemin həllinin dalana dirənməsinə cəhd göstərir. Bütün bunlar Prezidentlərin iyun ayında gözlənilən növbəti görüşünün nəticələcələrini indidən böyük şübhə altında qoyur.

Deyilənlərdən çıxış edərək Azərbaycan Milli İstiqlal Partiyası tərəfləri məsələnin sülh yolu ilə həll etməyə dəvət edən dövlətləri təkidlə bu istaqamətdə səylərini artırmağa çağırır. Eyni zamanda AMİP bəyan edir ki, aparılan sülh danışıqları nəticə verməzsə Azərbaycan tərəfi öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək istiqamətində ciddi addımlar atmalıdır.


Asya Cəlilova