Şriftin ölçüsü / 644

Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla azad etməsi üçün əl-qolu açılır

30 May 2016 [15:33]

Elşən Mustafayev: "Azərbaycan problemin həlli naminə hərtərəfli, əsas və nəticə verəcək danışıqlara hər zaman hazır olduğunu bəyan edib"

"Amma Ermənistan tərəfi bu səpkili danışıqlar prosesində iştirakdan hər zaman yayınıb"
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Vyana görüşünün mahiyyətini yenə də təhrif edir. Sözlərlə oynamağın vaxtı artıq çoxdan keçib. Vyana görüşünün nəticəsi olaraq irəli sürülən təkliflər bir-biri ilə bağlıdır.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Edvard Nalbandyanın fikirlərini şərh edərkən deyib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, atəşkəs rejiminin məqsədi hərtərəfli və substantiv danışıqlara başlamaq üçün zəminin yaradılmasıdır. Münaqişənin həllinə dair hərtərəfli siyasi prosesin tərkib hissəsi kimi isə qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli və Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Əgər Ermənistan atəşkəs istəyirsə, atəşkəsin pozulmasının səbəbi olan işğal faktına və Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qanunsuz mövcudluğuna son qoyulmalıdır. Münaqişənin həllinin əsasları artıq çoxdan məlumdur. Ermənistan xarici işlər naziri öz xalqını sülhə hazırlamalı və münaqişənin həlli prosesi barədə düzgün məlumatlandırmalıdır. Təəssüf ki, biz yalnız bunun əksini görürük.
"Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır. Bu ayın sonunda xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub", - deyə H.Hacıyev qeyd edib.

Münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesi deyəndə XİN rəsmisi nəyi nəzərdə tutub?

AMİP-in beynəlxaql məsələlər üzrə katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, illər ərzində Dağlıq Qarabağla bağlı gedən danışıqlar prosesində müxtəlif həll variantları təklif edilib: "Son təkliflər Yenilənmiş Madrid Prinsipləri və Kazan görüşündə irəli sürülən təkliflər olub. Bütün bu təkliflərdə problemin mərhələli həlli və digər müxtəlif variantlar öz əksini tapıb. Bu gün ortada olan bütün prinsiplərdə bizi qane etməyən bir çox məqamların olmasına baxmayaraq, Azərbaycan problemin həlli naminə hərtərəfli, əsas və nəticə verəcək danışıqlara hər zaman hazır olduğunu bəyan edib. Amma Ermənistan tərəfi bu səpkili danışıqlar prosesində iştirakdan hər zaman yayınıb. Onun da səbəbi odur ki, ortada olan təklifləri birmanalı şəkildə inkar edəcəyi halda hansı vəziyyətə düşəcəyini gözəl anlayır. Yəni əsas danışıqlar prosesi başlayarsa, sonunda onların üzündən nəticəsiz olarsa, o zaman Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla azad etməsi üçün əl-qolu açılır. Ona görə də Ermənistan müxtəlif bəhanələrlə hərtərəfli və əsas danışıqlara başlamaqdan yayınır. Əslində bunu ona məsləhət verən güclər də var".


Millət