Şriftin ölçüsü / 693

28 May – tarixi dövlətçilik ənənəmizin təsdiqi idi

30 May 2016 [15:49]

Dövlətçilik – milli, insani nemətdir. Tariximizdə çoxlu fərəhli məqamlarla yanaşı, kədərli məqamlar da olub. Bir millət kimi ayaqda qalmağımızı tarixi təsadüflərə də bağlamaq olar. Ancaq xalqımızın bundan sonra var olması ilk növbədə insanlarımızın özünü təsdiqilə bağlı olacaq.
28 May – Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus, bənzərsiz hadisədir.
Dövlət qurmaq hər millətə nəsib olmur. 28 May – tarixi dövlətçilik ənənəmizin təsdiqi idi. Dövlət – xalqın varlığının təsdiqidir.
***
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq varlığı dövlətçilik tariximizdə uca hadisə idi. Tariximizin fəlakətli məqamlarına kədərlənməklə yanaşı, həm də onlardan dərs götürməliyik. Özəllikcə o dönəmdə Rusiya imperiyasının caynağından qurtulmuş Quzey Azərbaycanda milli dövləti gerçəkləşdirmək olduqca çətin idi.
Mahiyyətcə özünü dərk etmiş hər bir fərd Vətəndir. Vətən səviyyəsinə yüksəlmək isə asan başa gəlmir. Ardıcıl, dəyişməz əqidəçilikdə qalmaq, torpağı müqəddəs yurd saymaq, onun yaşaması yolunda hər sayaq əzablara dözmək Vətənə layiq olmaqdır. Cümhuriyyət qurucuları bunu bacardılar.
***
28 May hadisəsini nə dərəcədə özümləşdirə bilmişik? Gedişat göstərir ki, hələ bu tarix insanlarımızın halında istənilən səviyyədə ömürləşməyib.
Milli uğurların ömürləşməsi fərddən başlayır. Fərd xalqın təsdiqi, ilk və ciddi ünvanı olur əslində. Tariximizə münasibətdə ardıcıl, ciddi, nəfəs səviyyəsində təəssübkeşliyimiz yaranmalıdır. Təəssüf ki, qazandığımızdan çox itiririk.
***
28 May hadisəsi elə bir çağda baş verdi ki, dünya sosializm həşirində idi. I Dünya Savaşının sonuna doğru sosializm kabusuna aşırı dərəcədə meyil artdı. «Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə!» şüarı çox cəlbedici idi. 20-ci yüzilin başlanğıcında özəlliklə Rusiya imperiyasındakı xalqlar sosializmə sürükləndikləri dərəcədə onların milli hissləri də alışdırılırdı. Qərbin istəyi Rusiya imperiyasını sarsıtmaq idi. Ancaq gerçəkdir ki, Rusiya imperiyası Oktyabr inqilabından sonra başqa bir biçimdə varlığını təsdiq etdi. Bu dönəmdə imperiyadan ayrılan xalqların dövlət qurmaq çabaları milli varlığın təsdiqi idi əslində. Sovet Rusiyası onları yenidən istila edən kimi ilk növbədə milliliyi yox etdi.
20-ci yüzilin sonlarında da – SSRİ-nin şöküşü ərəfəsində imperiyanın əsarətindəki xalqların milli hisslərinin alışdırılması Qərbin SSRİ-ni çökdürmək istəyi ilə bağlı idi. İndi isə milli hisslər elə Qərb tərəfindən də yoxa çıxarılır…
***
20-ci yüzilin başlanğıcında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması son dərəcə bənzərsiz milli hadisə idi. Belə bir gündə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını –Məhəmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi, Nəsib bəy Usubbəyovu, Məmməd Yusif Cəfərovu, Xudadat bəy Rəfibəyovu, Səməd bəy Mehmandarovu, Əliağa Şıxlinskini, Xəlil bəy Xasməmmədovu, Şəfi bəy Rüstəmbəyovu və başqalarını sayğıyla xatırlayırıq.
Azərbaycan Xalq Cümhuriyyətini quranların qətllərə, sürgünlərə, mühacirətə, Vətənində acı-ağrılı həyata tuş gəldiyi danılmazdır.
***
Qarşıda isə indikindən daha çox çətinliklərimiz olacaq. Heç vaxt rahat müstəqillik olmur. Əgər xalq olaraq özümüzü ardıcıl var edə bilməsək, yeni-yeni faciələrə tuş gələ bilərik. Qloballaşma (kürəsəlləşmə) həşirinə qarşı dura biləcək güclü idrakçılarımız yaranmalıdır. Bilmək gərəkdir ki, qlobalaşma xalqların özümlüyünə qarşıdır.
***
Azərbaycan Xalq Cümhuriyyəti yıxıldısa da, onu ruhumuzdan silə bilmədilər. Sabahkılara onların insansevərliyi, yurdsevərliyi, bəşərsevərliyi uca, kutsal əmanətdir.
Bu gün dünyada sosializmə qayıdış şüarları səslənməkdədir. Bu gün Azərbaycanda da ara-sıra sosializmə çağırışlar eşidilməkdədir. Hətta 1920-ci ilin 28 Aprelində baş vermiş Azərbaycan Xalq Cümhuriyyətinin çöküşünü də "xalq inqilabi hərəkatı”nın qaçılmaz nəticəsi sayanlar tapılır. Bu, kökündən yanlışdır. O dönəmdə sosializm yolunda vuruşan Nərimanovların sonrakı peşmançılığı bu gün hamıya aydındır...
Milli qüruru, ləyaqəti, ərdəmliyi bundan sonrakı dönəmdə daha ciddi şəkildə yaratmalı, qorumalı, yaşatmalıyıq.

İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü