Şriftin ölçüsü / 727

Ankara bu çağırışa ciddi yanaşmayacaq

06 Iyun 2016 [18:08]
Arzuxan Əlizadə: "Avropa Komissiyasının ilkin şərt irəli sürülmədən münasibətlərin normallaşdırılması ilə bağlı çağırışı məntiqsizdir"

"Hətta buna görə Türkiyəyə müxtəlif təzyiqlər edirlər"

Avropa Komissiyası Türkiyə və Ermənistanı münasibətlərini normallaşdırmağa çağırır və bu ölkələrin tam barışmasına gətirib çıxaracaq konstruktiv dialoqun aparılacağına ümid edir. Bunu mətbuata açıqlamasında Aİ diplomatiyası rəhbərinin rəsmi nümayəndəsi Maya Kosyançiç bildirib:
"Aİ Türkiyə və Ermənistan vətəndaş cəmiyyətlərinin tam barışmasına yol açacaq növbəti real addımların atılmasına çağırıb.
Aİ Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə sadiq qalmaqdadır və hər iki tərəfi heç bir ilkin şərt irəli sürmədən bu prosesi bərpa etməyə çağırır".
Məlumat üçün qeyd edək ki, 1991-ci il sentyabrın 21-də Ermənistan müstəqilliyini elan edib. 1991-ci ilin dekabrında Türkiyə Ermənistanın müstəqilliyini tanıyan zaman rəsmi İrəvana 3 konkret şərt irəli sürüb:
- Türkiyəyə qarşı ərazi iddialarından imtina etmək;
- Osmanlı Türkiyəsini soyqırım törətməkdə ittiham etməkdən və soyqırımın beynəlxalq aləmdə tanınmasından imtina etmək;
- Azərbaycana qarşı işğalçı siyasətdən imtina etmək.
Ermənistan rəhbərliyi şifahi razılıq versə də, bu şərtləri yerinə yetirməyə tələsmirdi. Hətta bunun əksinə olaraq, 1921-ci ildə Türkiyə-Ermənistan sərhədlərini müəyyən etmiş "Qars müqaviləsi"ni öz parlamentində ratifikasiya etməkdən imtina edirdi. Bunun davamı olaraq Şərqi Anadoluya iddialarını səsləndirirdi. Paralel olaraq diasporla əlbir şəkildə 1915-ci il hadisələrinin soyqırım kimi tanınmasına cəhdlər olunur, Qarabağdakı hərbi əməliyyatlar da öz axarında davam etdirilirdi. Daha sonra 1993-cü ilin aprelində Ermənistan Kəlbəcəri işğal edəndən sonra Türkiyə Ermənistanla sərhədləri bağladı. Müəyyən xarici dairələrin Türkiyəyə etdiyi təzyiqlər fonunda 2008-ci ildə Ermənistanla sərhədləri açmaq barədə diplomatik danışıqlar intensivləşdirildi. Tərəflər arasında 2009-cu ilin oktyabrında Sürix sazişi imzalandı. Ancaq o zaman Türkiyə ictimaiyyətinin təzyiqləri və Azərbaycanın etirazı fonunda saziş ratifikasiya olunmadı. Ancaq buna baxmayaraq, zaman-zaman Avropa dövlətləri ilkin şərt irəli sürülmədən Türkiyə-Ermənistan münasibətlərinin bərpasına çalışır.

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Qərbin ilkin şərt olmadan münasibətlərin bərpasını istəməsi yeni deyil: "Sərhədlər bağlı olandan Qərb ara-sıra bu kimi təşəbbüslərlə çıxış edir. Hətta buna görə Türkiyəyə müxtəlif təzyiqlər də edirlər. Bu təzyiqlərin nəticəsi idi ki, Türkiyədə o vaxtkı Süleyman Dəmirəl hökuməti hava sərhədinin açılmasına razılıq verdi. Qeyd edim ki, Kəlbəcərin işğalına görə Türkiyə Ermənistanla quru sərhədi ilə yanaşı, hava sərhədini də bağlamışdı. Sonra elə oldu ki, hava sərhədi açıldı. Yaxın perspektivdə iki ölkə arasında münasibətlərin bərpa olunacağını düşünmürəm. Belə ki, Avropa dövlətlərinin istəyi ondan ibarətdir ki, ilkin şərt irəli sürülmədən münasibətlər normallaşdırılsın. Türkiyə əsla buna getməyəcək. Çünki Avropa İttifaqına üzv olmaq məsələsində sərgilənən riyakar mövqe və Almaniya parlamentinin qondarma "soyqırım"la bağlı qəbul etdiyi qərar Türkiyədə böyük qəzəbə səbəb olub. Belə olan halda, əsla rəsmi Ankara bu çağırışa ciddi yanaşmayacaq. Avropa Komissiyasının ilkin şərt irəli sürülmədən münasibətlərin normallaşdırılması ilə bağlı çağırışı məntiqsizdir".
Vidadi ORDAHALLI


Millət