Şriftin ölçüsü / 510

Bəzən məmurlar öz vəzifələrini başdan sovdu görürlər

06 Iyun 2016 [18:13]
Əli Orucov: "”Bu bizim adamdır, bu hakimiyyətə yaxındır” düşüncəsi ilə uzağa getmək olmaz”

Azərbaycan diasporasının fəaliyyəti o qədər də ürəkaçan deyil. Uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanla bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdıra, xaricdə yaşayan soydaşlarımızı azərbaycançılıq ideologiyası ətrafında birləşdirə bilməyib. Azərbaycan diasporu Qərb dövlətləri bir yana, MDB ölkələrində belə uğurlu fəaliyyət göstərə bilmir. Azərbaycanlı soydaşlarımız yaşayan Gürcüstanda hələ bu günə qədər Azərbaycan dilində televiziya və yaxud digər bir informasiya agentliyi açılmayıb. Müqayisə etmək istəməzdim, ancaq Ermənistanın Rusiyada 10-a yaxın televiziya kanalı fəaliyyət göstərir.

Ötən gün Almaniya Bundestaqı qondarma erməni soyqırımını tanıdı. Bu da onu göstərir ki, onların diasporası necə lazımdır işləyir. Heç bir tarixi olmayan, hər zaman separatçılıqla məşğul olan bir dövlət diaspora vasitəsilə öz olmayan tarixini dünya ictimaiyyətinə qəbul elətdirə bilirlər.

"Cümhuriyət”ə şərhində Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov diasporanın işinin qaneedici olmadığını vurğuladı. Onun fikrincə, bunun əsas səbəbi ideologiyanın olmamasıdır:

"Ümumiyyətlə, hər hansı bir iş görəndə ilk növbədə həvəs lazımdır. O işi görən şəxs üzərinə düşən yükün məsuliyyətini dərk etməlidir. Çox təəssüflər olsun ki, bəzən məmurlar öz vəzifələrini başdan sovdu görürlər. Diasporaya hər il dövlət büdcəsindən və eləcə də bir sıra özəl təşkilatlardan külli miqdarda maliyyə ayrılır. Amma bu maliyyə təəssüflər olsun ki, ya aidiyyatı üzrə xərclənmir, ya da lazım olmayan yerlərə sərf olunur. Digər bir ehtimal isə hakimiyyətin özünün maraqlarına yönəldilir. Nəticə etibarı ilə bu da ya effektsiz olur, ya da ağır nəticələrinin bədəlini hansısa üsullarla biz ödəyirik. Etiraf etmək lazımdır ki, diasporanın işində ayrı-seçkilik yanaşmaları da var. Məsələn, bu bizim adamdır, bu deyil, bu hakimiyyətə yaxındır, bu birisi müxalifətdir. Bu cür yanaşma ilə uzağa gedə bilmərik. Konkret ideologiya olmalıdır. Bu gün ermənilərin müəyyən təbliğat vasitələri ideologiyaya söykənir. Bu gün saxta, qondarma soyqırım və "böyük Ermənistan” onların başlıca ideologiyalarından biridir. Amma bizim diaspora qruplara bölünüb. Bu cür olanda da anlaşma olmur. Böyük ideallar, böyük işlər qalıb qıraqda hansısa bir şəxsin ətrafında fikir mübadiləsi və mübahisələr aparırlar. Bu, yolverilməzdir. Ona görə də bizim diasporamız heç bir uğur əldə edə bilmir. Digər biz məsələ də var, ancaq bu bizdən asılı səbəblərdən deyil. Son dövrlər sivilizasiyalararası çəkişmələr geniş yayılıb. Xristian-müsəlman qarşıdurması. Amma bununla yanaşı, biz də bir millət, dövlət olaraq üzərimizə böyük bir vəzifə düşür ki, bu qlobal siyasətdə özümüzü qoruya, sığortalaya bilək bilək”.


Millət