Şriftin ölçüsü / 737

"Diaspor təşkilatları da lazımi səviyyədə fəallıq göstərmir"

07 Iyun 2016 [20:04]
Əli Orucov: "Diaspor təşkilatları və səfirliklər bununla bağlı çağırışı ciddi dəyərləndirib nəticə çıxarmalıdır"

İyunun 3-4-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV qurultayı, Azərbaycanla yanaşı, dünyada da müəyyən rezonans doğurub. Qurultayda çıxışı zamanı Prezident İlham Əliyevin toxunduğu məqamlar ciddi marağa səbəb olub.

Diaspor qurumlarının daha da gücləndiyini deyən dövlət başçısı nitqində gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşüb: "Azərbaycanlılar tarixi Vətənlə əlaqələri kəsməməlidirlər. Soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal olmalıdırlar".

Diaspor təşkilatları ilə dövlət orqanları, həmçinin, səfirliklər arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunan Prezident deyib: "Bəzi hallarda diaspor təşkilatları bir-birilə rəqabət aparır. Bu rəqabət sağlam olmalıdır. Bizim gücümüz birlikdədir". O bildirib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır: "Belə olanda ictimaiyyətin onlara hörməti də artacaq. Xarici ölkələrin cəmiyyətləri görsələr ki, diaspor təşkilatlarımız bir-birilə yola getmirlər, onlara münasibət yaxşı olmayacaq. Birlik əsas məsələdir. Azərbaycanlıların əksəriyyəti vətənpərvərdir və ölkəmizin güclənməsini istəyirlər". Dövlət başçısı qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdəki səfirlər daim diaspor təşkilatları ilə əlaqədə olmalıdır: "Mən iki ildən bir səfirlərlə görüşürəm və diaspor təşkilatlarına kömək göstərmələrini tapşırıram. Səfirlərlə diaspor təşkilatları arasında əlaqələr güclənməlidir. Çünki məqsədimiz Azərbaycanın daha da güclənməsidir".
Ümumilikdə səfirliklərlə diaspor təşkilatlarının əlaqəli şəkildə işləməsi bu sahədə daha effektli nəticənin əldə olunmasına gətirib çıxara bilər. Hər halda, tərəflər Prezidentin bununla bağlı çağırışını ciddi dəyərləndirməlidir.

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, ümumi müşahidələrə əsasən demək olar ki, bu sahədə işlər arzuolunan səviyyədə deyil: "Dövlət başçısının sözügedən çıxışında da bu amil qabardıldı. Görünən odur ki, bu sahədə xeyli iş görülməlidir. Necə deyərlər, bu yöndə işlər arzuolunan səviyyədə deyil. Xarici ölkələrdə elə səfirliklər var ki, ümumiyyətlə diaspor təşkilatları ilə bu sahədə iş qurmağa sanki həvəsli deyil. Elə diaspor təşkilatları da lazımi səviyyədə fəallıq göstərmir. Yəni Azərbaycanın maraqlarından çıxış edib səfirliklərlə əlaqə qurmur. Əlaqə quranda da hansısa biznes maraqlarını təmin etmək niyyəti güdürlər. Yaxud da bəzən görürsən ki, səfirliklər diaspor təşkilatlarına yuxarıdan aşağı baxır, əlaqələrin qurulmasında maraqlı olmur.

Deməyim odur ki, bu sahədə müxtəlif problemlər var. Ancaq bu heç də o anlama gəlmir ki, hamısında vəziyyət belədir. Elə ölkələr var ki, orada bu sahədə vəziyyət müəyyən mənada qənaətbəxşdir.

Hər halda, diaspor təşkilatları və səfirliklər bununla bağlı çağırışı ciddi dəyərləndirib nəticə çıxarmalıdır. Erməni təcavüzünün dünya ictimaiyyətinə çatdırılması və xarici ölkələrdə soydaşlarımızın maraqlarının qorunması baxımından bu çox vacib məsələdir".
Vidadi ORDAHALLI