Şriftin ölçüsü / 667

“Aslan İsmayılov gözünün içinə qədər yalan danışır”

10 Iyun 2016 [11:44]
Hakimiyyəti götürə bilərdik, Etibar Məmmədov qoymadı"

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) təmsil olunan Elşad Musayev Gəncədə baş verən 4 iyun qiyamı ətrafında Tezis.az-ın suallarını cavablandırıb:

- Elşad bəy, hər il iyun ayında 1993-cü ildə iyunun 4-də Gəncədəki qiyamla bağlı müzakirələr aparılır, qarşılıqlı ittihamlar səslənir. Sosial şəbəkə və mediada AMİP-in xəyanətkar mövqedə dayandığı, qiyamı dəsəklədiyi iddiaları yer alır. Sizhəmin dövrdə AMİP-dətəmsil olunurdunuz. Əslində vəziyyət necə idi?

- 20 ildən çoxdur bir qrup dəstə var ki, o zaman hakimiyyətdə təmsil olunub, yaxud onlara mirzəlik ediblər, öz səhvlərini, cinayətlərini gizlətmək üçün günah keçisi axtarırlar. Bizim dövrümüzdə AMİP barədə bir söz deyə bilmirdilər, çünki adları çəkib ifşa edirdik, informasiyamız kifayət qədər idi. AMİP-in sonrakı nəsli hadisələrin əvvəlini o qədər də yaxşı bilmədiyinə görə həmin dəstə fürsətdən istifadə edir. İyun hadisələrində məsələyə bir sıra mərhələlərdən yanaşmaq lazımdır. Birincisi, iyun hadisələri niyə oldu, həmin ərəfədə hansı proseslər gedirdi, ölkədə hansı vəziyyət vardı, iyun hadisələrini zəruri edən səbəblər nə idi? Ölkədə anarxiya idi, hakimiyyət daxilində 4-5 qrupa bölünmüşdülər. Müsavatçılar, yurdçular, bozqurdçular, cəbhəçilər, əhrarçılar ayrı idi və hərənin öz marağı vardı, bir-biri ilə rəqabət aparırdılar. Naşı adamlar idilər, ölkəni idarə edə bilmirdilər, gəlib hakimiyyətə düşmüşdülər. Bərbad bir vəziyyət idi. O zaman aparılan rəy sorğularında, dostumuz, prezidentin o vaxtki köməkçisi Oqtay Qasımov çox düzgün buyururdu ki, Əbülfəz Elçibəy nüfuzuna görə təqribən 4-cü yerdə gedirdi. Bu, ölkədə olan vəziyyətin göstəricisi idi. Cəbhənin özündə İcraiyyə Komitəsi vardı, onlar da ayrı komanda idi, özlərini hakimiyyətdən yuxarıda hiss edirdilər. Açığı, qaragüruh vardı. Bu qaragüruh öz bacarıqsızlığı, kobudluğu, tərbiyəsizliyi ilə bütün ölkəni basqıda saxlayırdı. Bu da iyun hadisələrini yetişdirən səbəblərdən biri idi. Müəyyən qədər işlər görülsə də, parlament seçkilərinə getmək istəmirdilər, çətin qarşıdurma şəraiti yaradılmışdı. İndiyədək heç kəs bu məlumatı açmamışdı, 4 iyundan bir qədər əvvəl Etibar Məmmədovu hakimiyyət rəhbərliyində olan 3 adamdan biri çağırıb ölkədən çıxmasını tələb etmişdi. Bu, Əbülfəz Elçibəy iradəsindən kənarda olub. Bunlar sərt rejim yaratmaq istəyirdilər. Gizli deyil, o vaxt Pənah Hüseynov demişdi ki, 95 faiz əhali bizim əleyhimizə olsa da, hakimiyyətdən getməyəcəyik. Daxili işlər naziri televiziyadakı debatda müxalifət nümayəndəsini təhqir edirdi. Belə bir anarxiya vəziyyəti idi. O dövrdə AMİP-in Ağsu təşkilatından 4 nəfər tutulmuşdu. Sonra onlardan biri Hidayət Qulamov deputat oldu. Qəzetlərdə senzura vardı, bunları unudurlar demirlər. Həmin qrup hakimiyyəti nə yolla olursa olsun saxlamaq istəyirdi.

- Konkret kim Etibar Məmmədovun ölkədən getməsini tələb edirdi?

- Bəli, həmin dövrdə ən güclü siyasi təşkilat olan AMİP sədrini küncə sıxıb ölkədən çıxıb getməsini tələb edirdilər. Qoy indi o tələbi edən də, Etibar Məmmədov da açıb olanları desin. 23 ildə açılmayan bir məsələni açdım. İyun hadisələri olanda ölkə rəhbərliyi hansı vəziyyət olduğunu dandı, heç kəsə açıqlamadı. "Tufan” əməliyyatını kim hazırlayıb, niyə uğursuz olub? O vaxt ölkə rəhbərliyində olan indi müxalifətdə təmsil edilən bir qrup adamlar var ki, müxtəlif qiyafədə yekə-yekə çıxış edirlər. Bu adamların hamısı Surət Hüsyenova təslim oldu, onların içindən biri çıxmadı ki, başına güllə vursun. Surət Hüseynovun xırda dəstəsinə qarşı bu komandanın heç birinin səsi çıxmırdı, müqavimət göstərmirdi. O dövrdə Surət Hüseynovun dəstəsinin qabağına çıxan indi tamamilə kənarda duran Fərəməz Allahverdiyev idi. Onun bir dəstəsi Surət Hüseynovun qarşısına çıxmışdı. Nə olub haqqı demək lazımdır. Bunlar öz günahlarını etiraf eləsinlər. İyun hadisələrini gizlətdilər, heç kəsə heç nə demədilər. Televiziyaya çıxmırdılar, qorxub qaçırdılar. İndi hamı ağsaqqallıq edir, deyir o vaxt bəyə elə məsləhət verdim, belə dedim. O dövrün avtoritetləri vardı, onlar Əbülfəz Elçibəy, Heydər Əliyev, İsa Qəmbər, Pənah Hüseyn, Etibar Məmmədov, Surət Hüseynov və sair idi. Bu adamlar hər şeyi daha yaxşı bilir.

Elşad Musayev: "Aslan İsmayılov gözünün içinə qədər yalan danışır”

- Elçibəyin Kələkiyə getmək təklifini verən "parikli” şəxs kim idi?

- O vaxt hakimiyyətdə olanlar çox yaxşı bilirlər. Öz səhvlərini özləri desinlər. Mən niyə danışım ki? Mənim informasiyama görə Elçibəy Türkiyədən gələn qonaqlarla söhbətində 1920-ci ildə Rəsulzadə və onun tərəfdarlarını hakimiyyəti bolşeviklərə verdiyinə görə çox sərt qınayıb. Deyib onlar hakimiyyəti bolşeviklərə verib getdilər, amma Pribaltikadakı republikalar dözdülər. Yəni bu adam getmək istəməyib. Açıb desinlər görək hansı zərurət yaranıb ki, Elçibəy gedib? Elçibəyin Kələkiyə getmə səbəblərindən biri komandasının onu müdafiə etməməsi idi. Komanda üzvlərindən kimlər Elçibəydən xəlbət Heydər Əliyevə zəng edib çağırırdılar? AMİP-in Surət Hüseynova hansısa dəstək verməklə bağlı rəsmi qərarı varmı? Top, topxana, ordu, polis bütün güc sizin əlinizdə idi, niyə hakimiyyəti müdafiə etmirdiniz? Xalqın əmlakına niyə xəyanət edirdiniz? Bu dəstə kollektiv xəyanətkardır. İyunun 8-də Milli İstiqlal Partiyasının üzvləri parlamentin qarşısında piket keçirdi. Piketdə ölkədə baş verənlərin xalqa çatdırılması tələb edilib. Şüarlardan biri "prezidentin təhlükəsizliyi təmin olunsun” idi. O vaxt AMİP hökumətin başında duran Pənah Hüseynovla, Milli Məclisin sədri İsa Qəmbərin istefasını tələb edirdi. AMİP nə zaman Əbülfəz Elçibəyin istefasını tələb edib? Elə şey olmayıb.

- Əbülfəz Elçibəyin prezidentlik səlahiyyətlərinin alınması haqda qanun layihəsi misal gətirilir...

- Hadisələr inkişaf edəndə Elçibəy Kələkiyə getdi, müharibə şəraitində olan ölkəni oradan idarə etmək mümkün deyildi. Etibar Məmmədovun o vaxt bir çıxışı vardı, deyirdi ki, Elçibəy təhlükəli yerə, Ermənistanla sərhəddəgedib, biz istəyirik ki, təhlükəsiz yerə, paytaxta gəlsin. Allah Elçibəyə rəhmət eləsin, arxasıyca danışmaq düzgün deyil. Amma hesab edirəm ki, paytaxtı buraxıb kəndə getmək yanlış addım idi. Belə vəziyyətdə ölkə idarə olunmurdu. Səlahiyyətlər kiməsə keçməli idi ki, ölkəni idarə eləsin. Ucqar bir kənddən ölkəni idarə etmək mümkün deyildi. İndiki dövr deyildi, texnika yox idi. Hakimiyyətdə olan cəbhəçilərdən biri səlahiyyətini dondurub qaçmışdı, biri başqa dona girmişdi. Bütün günü Milli İstiqlalın qərargahına gəlib bizə yaltaqlanırdılar ki, nə edək? Bizdən qorxurdular. Belə bir vəziyyətdə qanun layihəsi hazırlanmalı idi ki, vəziyyət nizama salınsın, hüquqi prosesdurlara əməl olunsun. Bir layihə hazırlanmışdı, Heydər Əliyev bəyənməmişdi. Sonra AMİP-dən Fuad Ağayev bir layihə hazırladı, o layihə əsasında problem həll edildi. Onu da açıq deyim ki, Elçibəy Kələkidən gələndən sonra da söhbətlərində heç vaxt layihəni və onu hazırlayanları qınamayıb.

- Fuad Ağayev də deyir ki, bizdən incik düşməmişdi.

- Bəli, incik düşməmişdi. Elçibəy hakimiyyət üzvlərinin ucbatından Kələkiyə çıxıb getdi. 4-5 yerə bölünmüşdülər, adamı nüfuzdan salırdılar. Elçibəy əleyhinə nə qədər təhqiramiz yazılar yazırdılar. AMİP rəhbərliyində olan heç kəs onu təhqir etməyib. Amma komandasında olanlar o zaman da, indi də təhqir edirlər. İnsanın ruhunu rahat buraxmırlar.

- Əhrar partiyasının sədri Vaqif Hacıbəyi deyir ki, Etibar Məmmədov və ətrafında olanlar o vaxt tam gücü ilə hərbi qiyama siyasi dəstək vermək yolu tutdular və bununla da Azərbaycan dövlətçiliyinə qarşı öz tarixi xəyantlərini etdilər.

- Vaqif Hacıbəyli çox qeyri-ciddi danışır. Səhhətində problem var deyə ona qarşı bir şey demək istəmirəm. Bundan əvvəl hakimiyyəti kommunistlərlə böldülər, tarixi xəyanət o idi. Rusiyanın adamlarına hakimiyyəti siz verdiniz. Niyə AMİP-lə, digər demokratik qüvvələrlə hakimiyyəti bölüşmürdünüz? Deyirlər siyasi müxalifət hərbi müxalifətə dəstək verib. Söhbət hansı dəstəkdən gedir? Demişik ki, bu, qiyamdır. Adamlar gözlərinin içinə qədər yalan danışır. Mən Etibar Məmmədovla bir komandada deyiləm, yaxın münasibətlərim yoxdur, amma bu ölkədə hamı bilir ki, obyektivliyimi qoruyub saxlayan adamam. Deyə bilərlər ki, Etibar Məmmədov hərbçilərlə Müdafiə Nazirliyində niyə görüş keçirib. Amma deyə bilmirlər, çünki faktdan istifadə etmək bacarıqları yoxdur. Tutuquşu kimi bir şey öyrəniblər, siyasi müxalifət hərbi müxalifətə dəstək verib. Mediada olanlar onların şinelindən çıxanlardır. AMİP hərbi müxalifətə dəstək verməyib. AMİP hakimiyyəti rahat götürə bilərdi, amma istəmədi, çünki Etibar Məmmədov qoymadı. Binəqədi və Sumqayıtı şəxsən mən götürərdim, heç müqavimət də yox idi. Haqqımızda yalan danışırlar. İndiyədək bu adamlara sərt cavab verən yoxdur deyə abırsızcasına həyasızlıq edirlər. Adamlar xəstədir, məqsədləri başqadır, ellikcə hücuma keçiblər. Müəyyən qisim adamlar var ki, ortaya çıxıb özlərindən avtoritet düzəldirlər. Aslan İsmayılovun o hadisələrlə heç bir aidiyyatı yoxdur. Yalandan deyir ki, AMİP-in qərargahında silahlı birləşmələr vardı. Adam gözünün içinə qədər yalan danışır. Aslan İsmayılov o vaxt heç kim idi.




Millət