Şriftin ölçüsü / 960

Uşaqların sevimli cizgi filmi “Frozen” (“Buzlar diyarı”) Azərbaycan dilində

10 Iyun 2016 [17:04]
Artıq balaca tamaşaçılar sevimli cizgi filmləri olan "Frozen”ə ana dilində baxa biləcəklər. ANS Telekanalı "Uolt Disney” Animasiya Studiyasının istehsalı olan "Frozen” cizgi filmini azərbaycan dilində səsləndirir. "Buzlar diyarı” adlandırılan film tezliklə efirdə olacaq. Şübhəsiz ki, Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanlarının Azərbaycan dilində danışması balaca tamaşaçılar üçün əsl hədiyyə olacaq.

"Frozen” 2013-cü ildə "Wolt Disney” Animasiya Studiyası tərəfindən istehsal olunmuş kompüter animasiya filmidir. Hans Kristian Andersenin "Qar kraliçası” nağılının motivləri əsasında yaradılan animasiya filmi ekrana çıxdığı gündən tamaşaçıların və mütəxəssislərin böyük rəğbətini qazanıb. Film ən çox satılan animasiya filminə çevrilib və milyard dollardan artıq gəlir gətirib. Kris Bak və Cenifer Linin rejissorluğu ilə ərsəyə gələn film ən yaxşı animasiya filmi və ən yaxşı orijinal film mahnısı nominasiyaları üzrə Oskar mükafatına, "Qızıl qlobus”, "BAFTA”, "Enni”, "Saturn”, Amerika kino aktyorları gildiyasının (SAG) mükafatlarına layiq görülüb. Cizgi filmi əsasında kompüter oyunu yaradılıb. "Frozen” dünyanın bir çox dillərinə tərcümə olunub. Qeyd edək ki, cizgi filmini rus dilində Dima Bilan, Nataliya Bıstrova, Anna Buturlina, Andrey Birin, Sergey Penkin, Dima Bilan, Vasili Boçkaryov, Aleksey Fataev kimi məşhur simalar səsləndirib.

Cizgi filminin maraqlı hadisələr xətti var. Kraliça Elza özü də bilmədən Erendelli lənətləyib və krallıq əbədi qışa məhkum olunub. Əgər kimsə dünyanı xilas etməsə, heç vaxt bahar gəlməyəcək. Bunun qarşısını almaq, Erendell krallığının üstündən lənəti götürmək üçün 4 qəhrəman – Şahzadə Anna, cəsarətli Kristoff, Maral Sven və Qar adamı Olaf uzun, çətiniklərlə dolu yola çıxırlar. Onların qarşısında çox çətin vəzifə dayanır: Annanın bacısı Elzanı tapıb xilas etmək. Çünki yalnız o krallığın üzərindən lənəti götürə, yazın gəlişini yaxınlaşdıra bilər. Bu cəsarətli qəhrəmanları irəlidə çox çətin macəralar gözləyir. Onlar yolda böyük qar topaları, qəzəbli nəhəng qar adamı, acgöz canavarlar, sıldırımlı yollarla üzləşir. Ancaq cəsur qəhrəmanlar bütün əngəlləri aşaraq, Elzanın buz sarayına gəlirlər. Əsl sevgi hissi möcüzə yaradır. Elza buzları əridə, bütün krallığı əbədi qışdan xilas edərək, baharı geri qaytara bilir.


Nazilə