Şriftin ölçüsü / 949

Yaralı zabitin həyat yoldaşından prezidentə fəryad dolu müraciət

10 Iyun 2016 [18:13]

"Rahim hansısa yol qəzasında yaralanmayıb ki..."-
"Mən özüm üçün heç nə istəmirəm, balalarım üçün atalarını istəyirəm"


Az əvvəl mətbuatda bu ilin aprel döyüşlərində ağır yaralanıb koma vəziyyətinə düşən Azərbaycan Silahlı Qüvvələrinin giziri Rahim Tağıyevin həyat yoldaşı Vüsalənin müraciəti yayımlanmışdı.

Ağır yaralı gizirin həyat yoldaşı Vüsalə xanım bu gün Moderator.az -a açıqlamasında Rahim Tağıyevin vəziyyətinin daha da ağırlaşdığını bildirib:

"Mətbuatda gedən müraciətdən sonra Müdafiə Nazirliyindən İlqar adlı şəxs tərəfindən zəng olundu. Məni Müdafiə Nazirliyinə çağırdılar, Mingəçevirdə yaşadığıma görə həmin gün onların çağırışına gedə bilmədim. Dünən uşaqları məktəbə yola salıb Bakıya çıxdım. Yolda zəng vurdum ki, mən ora gəlirəm, əgər imkanınız varsa, siz də gəlin, Rahim haqqında danışaq. Mənə cavab verdi ki, indi başqa yerdəyəm, gələ bilmərəm. Mən də hospitala Rahimin yanına getdim, gördüm ki, vəziyyəti daha da ağırlaşıb. Onun dünənki vəziyyətini görəndən sonra hələ də özümə gələ bilmirəm. Əlimi ürəyinin üstünə qoydum, ürəyinin xırıltısından az qalırdı ki, ürəyim parçalana”.

Göz yaşlarına hakim ola bilməyən Vüsalə xanım yeganə istəyinin həyat yoldaşının sağlamlığına qovuşması olduğunu bildirib: "Çox narahatam. Əvvəl başı idi, indi artıq ürəyində də problemlər yaranıb. Həkim deyir ki, başındakı infeksiya indi ürəyinə təsir edib. Xəyal həkimlə danışdım, dedi ki, başındakı infeksiyanı analiz edirik, yoxlanılır, neçə yerdən həkimlər gətirmişik, ancaq tapa bilmirik ki, nə infeskiyadır, adı nədir. Mən də yalvardım ki, ay həkim, tapa bilmirsinizsə, başqa yerə göndərin. Allaha şükür dövlətimizin hər şeyə gücü, imkanı yetir. Bu infeksiyanı başqa yerdə yoxlatdırmaq olar axı. Əməliyyat olunmalıdır, ancaq infeksiyanı dəqiqləşdirə bilmirlər deyə əməliyyat etmirlər.
Rahim hələ sağdır axı, canıyla əlləşir, yaşayan bir insanı ayağa qaldırmaq lazımdır. Rahim hansısa yol qəzasında yaralanmayıb ki, o, vətən uğrunda canını qurban verib. Dünən hospitaldan çıxandan ağlıyıram, yol boyu ağlaya-ağlaya Mingəçevirə gəlmişəm. Onsuz da səhhətimdə problemlər var idi, Rahim yaralanan gündən ağrılarım daha da çoxalıb. Uşaqlarım olmasaydı bir gün belə yaşamazdım. İndi uşaqlarıma görə yaşayıram ancaq, ovuc-ovuc dərmanlar içirəm ki, heç olmazsa Rahim sağalana qədər uşaqlara baxa bilim. Dözə bilmirəm daha, artıq gücüm də tükənib, indi gücüm göz yaşlarına çatır ancaq”.

Yaralı zabitin həyat yoldaşı ölkə başçısına müraciət də ünvanlayıb: "Ali baş komandanımızdan, Mehriban xanımdan xahiş edirəm ki, yoldaşımın sağlamlığına qovuşmasına, ayağa qalxmasına kömək eləsinlər. Aprelin ikisindən Rahim komada yatır, canıyla çırpışır. Yəqin ki, övladlarının, ailəsinin çarəsiz durumda qaldığını hiss edir və buna görə də hələ həyatdan tutunub. Nə olar, onu ayağa qaldırmağa kömək etsinlər. Hara lazımdırsa, aparsınlar, nə lazımdrsa, eləsinlər. Onu o vəziyyətdə görmək asan deyil, hər dəfə Rahimi o halda görməyə tab gətirə bilmirəm artıq. Artıq uşaqlarıma da deməyə söz tapa bilmirəm. Keçən dəfə uşaqları da aparmışdım ki, ataların görsünlər. Gələndən ağlıyırlar, oğlum həm axşam o qədər ağlamışdı ki, yatdığı yerdə qulağından qan açılmışdı. Uşaqlarım hər saat atalarına görə həyacan keçirirlər, ataları da orda yaşamaq üçün çarpışır, buraxmır balalarını... Vətənimin, torpağımın bu qədər imkanı var, nə olar, Rahimi xaricə aparsınlar və ya xaricdən həkim gətirsinlər. Mən özüm üçün heç nə istəmirəm, balalarım üçün atalarını istəyirəm. Axı mən heç kimdən başqa heç nə istəmirəm... Bir tək Rahimi istəyirəm, balaları üçün...

Rahimin dünənki vəziyyətini görəndən sonra mənimçün heç nəyin əhəmiyyəti yoxdur. Təki Rahim ayağa qalxsın, o, özü öz kreditini də ödəyəcək. İndiyədək kimdənsə pul alıb kredit borcun ödəməyib, özü halal qazancı ilə, halal maaşı ilə kreditin ödəyib. Yeganə istəyim odur ki, Rahimi ayağa qaldırsan, başqa heç nə istəmirəm. Xahiş edirəm, bütün dünya azərbaycanlılarından, Rahim üçün yalvarıram, onu ayağa qaldırmağa kömək edin. Dünən onun vəziyyətini görəndən bəri özümə gələ bilmirəm. Xaricdə gözəl həkimlər var, aparatlar var, nə olar, başqa yerə aparsınlar Rahimi, əllərindən gələni eləsinlər. Özüm üçün heç nə istəmirəm, uşaqlarıma da özüm baxacam, amma yetər ki, Rahim sağalsın, bircə onu ayağa qaldırsınlar. Rahim vətən uğrunda, torpaq uğrunda, bu torpağın insanları üçün canını sipər edib axı. Bilirəm ki, heç kim səsimi eşitməyəcək. Ona görə də son ümid yeri olaraq prezidentimizə, onun xanımına müraciət edirəm. Xahiş edirəm ki, kömək etsinlər, Rahimi balaları üçün ayağa qaldırsınlar. Aprelin ikisindən bəri bircə dəfə olsun belə icra hakimiyyətindən və ya nazirlikdən bizə təsəlli olacaq, dərdimizi ovundurmağa çalışacaq bir nəfər belə qapımızı açmayıb. "Rahimə heç nə omayacaq, inşaallah sağalacaq, səbrli olun” kəlməsini belə bizə çox görürlər. Bundan sonra biz kimə güvənə bilərik, kimə arxayın ola bilərik, kimə sözümüzü deyə bilərik? Rahimi evdən çıxanda o vəziyyətdə yola salmamışdım axı... Ürəyim dayanır, Allaha yalvarıram ki, mənə güc versin, bu dərdə dözə bilim...”.


Millət