“Azərbaycanda əsasən ənənəvi narkotiklərlə zəhərlənmə hallarına rast gəlinir”
10 Iyun 2016 [18:36]
Baş toksikoloq: "Azərbaycanda əsasən ənənəvi narkotiklərlə
zəhərlənmə hallarına rast gəlinir”
Azərbaycanın baş toksikoloqu, ATU-nun xarici tələbələrlə iş üzrə
dekanı İsmayıl Əfəndiyev bu günlərdə Sankt-Peterburq şəhərində keçirilən
Ümumrusiya elmi-praktik konfransında iştirak edib.
"Müasir toksikoloji narkologiya” adlı konfrans narkotikdən
zəhərlənmələrə həsr olunub. İsmayıl Əfəndiyevin sözlərinə görə, narkotikdən
zəhərlənmə bütün dünya üçün aktual bir problemdir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının
hesablamalarına görə, təkcə opiat tərkibli narkotiklərdən hər il 70 min insan
dünyasını dəyişir. 15 milyon insan isə hazırda narkotik asılılığından müalicə
alır: "Konfransda Azərbaycanda bu sahədə mövcud vəziyyətlə bağlı məruzəylə
çıxış etdik və digər ölkələrlə müqayisə apardıq. Məsələn, hazırda Rusiyada əsas
problem "metadon” və "buterad” kimi narkotiklərlə zəhərlənmədir. Hələ ki,
Azərbaycan üçün belə bir problem yoxdur. Avropa ölkələri üçün isə sintetik
narkotiklərdən zəhərlənmə böyük bir problemdir. Onlardakı kokain, eksetezite
narkotikləridir. Bütün toksikoloji mərkəzlər üçün yeni bir problem üzə çıxıb
ki, bunlara da yeni "dizayner narkotikləri” deyilir. "Dizayner narkotik” həmin
sintetik narkotikin başqa bir adla insanlara satılması deməkdir. Məsələn, hamam
duzu və ya qəlyan tütünü kimi və s”.
İ. Əfəndiyev bildirdi ki, tərkibində narkotik maddələr olan 400-ə yaxın
kimyəvi məhsul aşkarlanıb: "Ən təhlükəli olanı sintetik kanaviz - yəni nəşəyə bənzər bir maddələrdir və yeni
qrupdur ki, bunlara da "kationlar” deyilir.
Biz buna hazır olmalıyıq. Çünki, hazırda bu, Avropa və Qərb ölkələri
üçün böyük problemdir, həddindən artıq çox yayılıb. İnternetdə həmin maddələr
satılır, poçt vasitəsilə qeyri-leqal şəkildə ölkəyə çatdırılır”.
Dekanın sözlərinə görə, Azərbaycanda əsasən ənənəvi narkotiklərlə
zəhərlənmə hallarına rast gəlinir: "Bunlar ilk növbədə xaşxaşdan alınan tiryək
və sintetik kimyəvi yolla ondan alınan heroin kimi narkotiklərdən
zəhərlənmələrdir. Bu halda zəhərlənmə çox ağır keçir, asılılıq da tez yaranır.
Hətta heroindən 1-2 dəfə istifadə etdikdən sonra artıq insanda həm fiziki, həm də
psixoloji asılılıq yaranır ki, bundan da insan özü qurtula bilməz. Getdikcə
doza çoxalır və bədənin narkotikə tələbatı artır. Axırda o həddə çatır ki, həmin
şəxsdə kəskin zəhərlənmə olur, komaya düşülür və bu peredozla xəstəxanaya düşür”.
Müsahibimizin fikrincə, ən böyük problemlərdən biri insanların xarici
ölkələrdən narkotik maddələri öz mədə traktında Azərbaycana keçirməyə
çalışmasıdır: "Bu yaxınlarda belə bir hadisəylə rastlaşdıq. Bir xəstə İran
sərhədini keçərkən, Biləsuvar rayonunda qəflətən huşunu itirib, komaya düşmüşdü.
San aviasiya yolu ilə Toksikologiya Mərkəzinə gətirilib və onun mədə-bağırsaq
traktından 35 ədəd xüsusi sellofana bükülmüş heroin konteynerlər çıxarılıb. Bu
xəstə müalicədən sonra ayıldı və Hüquq Mühafizə Orqanlarına təhvil verildi”.
İsmayıl Əfəndiyev təəssüflə qeyd etdi ki, xəstələr arasında məktəblilərə
də rast gəlinir: "Bu məsələlərdə ilk növbədə valideynlər diqqətli olmalıdırlar.
Əgər uşaq özünü qeyri-adekvat aparırsa, yuxuludursa, göz bəbəkləri daralıbsa,
sual verdikdə çox ləng cavab verirsə, nəfəsində nəsə dəyişiklik varsa, o halda
təcili şəkildə həkimə müraciət etmək lazımdır. Çünki nə qədər tez bunun üstünə
düşülərsə, o qədər tez sağalma ehtimalı artır”.
Həkim bildirib ki, narkotik istifadəçilərinin müalicəsi bütün dünyada
çox böyük bir problemdir: "Biz toksikoloqlar əsasən zəhərlənməni qandan
təmizləyirik və fizioloji asılılığı müalicə edə bilirik. Lakin xəstəni psixoloji
asılılıqdan azad etmək psixoloqların işidir. Eyni zamanda, xroniki narkomanlar
üçün hazırda dövlət tərəfindən metadon proqramı həyata keçirilir. Onlar rəsmi
qeydiyyata düşürlər və hər gün pulsuz metadon maddəsi qəbul edirlər. Bu müalicə
növü sayılmır, sadəcə vurulan ziyanın azalması - yəni "farm redaction”-ı təmin
edir”.
İ. Əfəndiyev əlavə edib ki, bu proqram üzrə ölkəmizdə yüzlərlə insan
qeydiyyatdadır.