Şriftin ölçüsü / 813

Çömçəli adam sən hansı yuvanın quşusan?!

11 Iyun 2016 [15:29]
Bu günlərdə "Moderator.az” saytında özü-öz haqqında "tanınmış hüquqşunas” yazan, İsmayılov Aslanın Gəncə hadisələri ilə bağlı xəstə təxəyyülünün məhsulu olan müsahibəsi dərc olunub. Bu insan hər il utanıb qızarmadan Gəncə hadisələri ilə bağlı ağzına gələni danışmaqdan, özünü qəhrəman qayırmaqdan yorulmur ki, yorulmur . Görünür, uzun illər özünü cəmiyyətə ədalətli adam kimi sırımağa çalışan, əslində isə , ömrü boyu hakimiyyətlə müxalifət arasında haça-paça dayanan bu "haqq carçısı” maskasının yırtılmasını xahiş edir ki, biz də bunu etməyə məcburuq. Əvvəlcə, onu qeyd edim ki, İsmayılov, sən heç zaman Gəncə hadisələri ilə bağlı Deputat İstintaq Komissiyasının üzvü olmamısan. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 1993-cü il tarixli qərarı ilə bu sətirlərin müəllifi sədr olmaqla deputatlar: Ş.Hacıkərimov,V.Qasımov,T.Əliyev, M.Fəttayev, M.Məmmədov , İ.İbrahimli (sonradan komissiyadan çıxmışdır) İstintaq Komissiyasının tərkibinə seçilmişlər. Komissiyasının qərarı ilə onun nəzdində istintaqçılardan ibarət əlavə qrup yaradılması məqsədəuyğun hesab edilmişdir və hüquq mühafizə orqanlarına, digər Dövlət qurumlarına müraciət edərək araşdırmaya əlavə mütəxəssislər göndərməyi xahiş etmişdik.

Beləliklə də, Deputat İstintaq Komissiyasının 11 iyul 1993-cü il tarixli qərarı ilə komissiyanın nəzdində əlavə 11 nəfər hüquqşunasdan ibarət qrup yaradılmışdır. Bu qrupa – Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi X.Alışov, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Şöbəsinin müstəntiqi N.Kərimov, Bakı şəhər prokurorluğunun mühüm işlər üzrə müstəntiqi R.Həsənov, Bakı şəhər prokurorluğunun baş müstəntiqi E.Səlimov, Baş prokuror yanında xüsusilə mühüm işlər üzrə müstəntiq Ə.Seyidov, digər hüquqşunaslar, eləcə də sən daxil edilmisən. Göründüyü kimi, sən nə İstintaq Komissiyasının üzvü olmamış, nə də iddia etdiyin kimi "tək” istintaqçı olmamısan.

Müsahibədə bildirirsən ki, guya, mərhum prezident Elçibəyin şəxsi tapşırığı əsasında qrupda iştirak etmisən. Bu sənin şəxsi fantaziyandan başqa bir şey deyildir. Belə ki, bizim yazılı müraciətimiz əsasında aidiyyatı dövlət idarələrinin hər birindən istintaq qrupuna nümayəndə göndərilib ki, sən də onlardan biri olmusan. Qətiyyətlə bildirirəm ki, mərhum prezidentin adından istifadə etməyin ağ yalandır və o vaxt prezident aparatında şöbə müdiri işləmiş Fazil Mustafa da bunu təsdiq edə bilər. Müsahibəndə Deputat İstintaq Komissiyasının işinə kölgə salaraq bildirirsən ki, guya, "komissiyanın gəldiyi bir nəticə olub, Mətləb Mütəllimlinin elan etdiyi tamam başqa nəticə olub.” Mən o fikirdən xeyli uzağam ki, komissiyanın gəldiyi nəticə ideal olub və heç bir nöqsanı olmayıb . Hadisədən 23 il keçəndən sonra görürəm ki, o ilkin siyasi rəy daha dolğun, daha əhatəli yazıla bilərdi . Lakin, tam səmimiyyətlə deyə bilərəm ki, o rəydə qətiyyən xəyanət məqsədi olmayıb. O vaxt bu prosesi izləmiş insanların hamısına məlumdur ki, komissiyanın üzvləri ilə mənim aramda , bir məsələdə, Surət Hüseynovla bağlı fikir ayrılığı olub və mən də bunu xüsusi rəyimdə ayrıca qeyd etmişəm.

Digər məsələlərdə isə, əsasən, ümumi razılaşma olub və rəyin altında İstintaq Komissiyası üzvlərinin hamısının imzası bunu bir daha sübut edir. Əvvəlki illərdə olduğu kimi bu müsahibədə də, özündən yalançı qəhrəman qayırır, Milli Azadlıq Hərəkatında fəal iştirak etmiş insanları öz şəxsi maraqların naminə aşağılamaqdan belə çəkinmirsən. Heç olmasa ömründə bircə dəfə də olsun düşünmüsənmi, müstəqillik yolunda mübarızədə bir qara qəpiklik xidmətin olmadığı halda, hakimiyyətə yaltaqlanmaq naminə tarix yazmış bu insanlar haqqında danışmağa mənəvi haqqın varmı? Ümumiyyətlə, axı, sən kimsən , hansı yuvanın quşusan? Görəsən, nə vaxta qədər hakimiyyətlə müxalifət arasında haça-paça dayanacaqsan?

Ölkədə kütləvi qanun pozğunluğu baş alıb getdiyi , günahsız insanlar şərlənərək həbs edildiyi, rüşvət, korrupsiya tüğyan etdiyi, insan haqları ayaqlar altına atılıb tapdalandığı bir vaxtda sən əsas günahkarları bir kənara qoyub icazə verilən qədər hakimiyyəti tənqid edir, öz şəxsi maraqların naminə bu rejimə, şərə xidmət edirsən. Aləm od tutub yandığı , ölkədə haqsızlıq, özbaşınalıq, qanunsuzluq, dərəbəylik baş alıb getdiyi bir vaxtda sən "Azal” Dövlət Konsernini məhkəməyə verib 3 000 ABŞ dolları alırsan, İngiltərə Hava Yolları ilə dartışıb 3200 ABŞ dollar qoparırsan, hansısa hotellə qırğına çıxırsan, qumarxanalardan yazırsan. Yaxud da, baş qatmaq üçün, gözə kül üfürmək üçün Əmlak Məsələri Komitəsinin sədri Kərəm Həssənovun yüz min manatlıq, Nəqliyyat naziri Ziya Məmmədovun oğlunun dörd yüz min manatlıq saatlarınadn yazırsan. Bütün bu həngamələrinin fonunda , ey "ədalət” carçısı, 7 ay bundan öncə prezidentə müraciətində raport verirsən ki,"Hakimiyyətdə olduğunuz 12 il ərzində çıxışlarımda bir dəfə də olsun sizin adınızı çəkməmişəm”

Budurmu sənin ədalətin, budurmu sənin vicdanlı vətəndaş mövqeyin? Sən cəmiyyət üçün təkcə ona görə təhlükəli deyilsən ki, bir çox hallarda əlinə su tökməyə layiq olmadığın insanları aşağılayır, onları öz xalqının say-seçmə oğullarına, qızlarına qənim kəsilmiş bu hakimiyyətin gözündə düşmən obrazında təsvir edir, o insanları hakimiyyətə, hətta, müxalifətə belə yaxın buraxmamağa çağırış edirsən. Sən həm də ona görə təhlükəlisən ki, ədalətlı adam cildinə girməklə, öz həqiqi xislətini gizlətməklə , gözə kül üfürməklə, ucuz şou göstərməklə bütün cəmiyyəti əsas hədəfdən yayındırırsan, aldadırsan. Heç bir tərəfin yanında olmadığını dönə-dönə car çəksən də, heç vaxt gözü kölgəli olmadığını bəyan etsən də, faktlar göstərir ki, bu qətiyyən belə deyildir. Əslində, sən bütün hərəkətlərinlə, dediyin sözlərinlə haqqın yox, indiki hakimiyyətin yanındasan və buna görə də həmişə söyüş qazanırsan. Bunu özün də gözəl bilirsən və etiraf edirsən ki, "Məni 20 ildir söyürlər, həm hakimiyyət, həm də qarşı tərəf.” Səni heç kəs söyməzdi, özün söyüşə tuş gəlirsən. Azərbaycanın indiki acınacaqlı günə düşməsində əsas günahkarlardan biri, Prezident Administrasıyasının rəhbəri R.Mehdiyevə xitabən yazırsan:
"İ.Hüseynin "Azərbaycan” qəzetindəki "Mədəniyyət manifesti "Sizin çıxışınız qədər dəyərli və şübhə etmirəm ki, onun davamıdır. Sizin 4-5 il bundan əvvəl çap olunmuş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr”, " İctimai və humanitar elmlər: zaman kontekstində baxış” yazılarınız bir daha yada salınır. O yazıları o vaxtlar oxuyub dərhal müsbət münasibətimi bildirmişdim və buna görə də yenə bu günə düşməyimizdə xidmətləri olan "müxalifətçi”lər yenidən məni hakimiyyətə işləməkdə suçladılar.”

Bu yerdə müxalifətçilər səni söyməsin, bəs neyləsin? Ya, birdəfəlik keç YAP-ın bayrağı altına, haça-paça dayanmağa son qoy, onlara xidmət et, ya da yalançı ədalətçilikdən əl çək, konkret, vicdanlı bir mövqeyin olsun. Prezident Administrasiyasının rəhbəri R.Mehdiyevə xitabən yazırsan:
" Sizə, köməkçinizin xahişi ilə bağışladığım "Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı " kitabına bu sözləri yazmışdım : "Həqiqi filosof , Dövlət qulluğunu hamıdan yaxşı bilən Ramiz Mehdiyevə”. Daha sonra, xəcalət çəkmədən nə yazsan yaxşıdır ? "Mən Dövlətimin yanındayam və ölənə qədər də olacam. Sizin yazılarınızın yanında olduğum kimi hakimiyyətin də yanında, ölkəm üçün faydalı olmaq istəyirəm.”

İndiki hakimiyyətin qanunsuz əməllərinə etiraz etdiklərinə görə şərlənərək həbs edilən, ailələri ilə birgə işgəncələrə məruz qalan həqiqi vətənsevər, qeyrəyli oğul və qızlarımızın zindanlara doldurulmasında müstəsna xidmətləri olan cənab R.Mehdiyevə, soruşmaq ayıb olmasın, sənin belə sevginin səbəbi nədir? Əgər, o, doğrudan da Dövlət qulluğunu dediyin kimi "hamıdan yaxşı" bilirsə, onda niyə bu ölkə it günündədir? Niyə, Əmlak Məsələri Dövlət Komitəsinin sədrinin qolunda 100 minlik, nazir oğlunun qolunda 400 minlik qol saatından yazanda Korrupsiyaya Qarşı Mübarisə Komissiyasının sədri Ramiz Mehdiyev yadına düşmür? Müsahibədə deyirsən:
”Mən heç vaxt bu hakimiyyətdən heç bir tərzdə faydalanmadım. Bu hakimiyyətin bir qızıl qaydası var ki, bu hakimiyyətdən faydalanıb sonradan onlara dirsək göstərənlərin hamısını məhv edir və düz də edir. Ona görə ki, əgər, çömçə ilə hakimiyyət qazanının yanında durdunsa, özü də fərq eləməz ki, balaca çay qaşığıdır və ya yekə çömçə, deməli, sən o qazanın içindəsən. Mənsə, heç vaxt o çömçələrə yaxın durmadım.”

"R.Mehdiyevə müraciətində yazdığın kimi, onu istefaya dəvət edə bilirsən, amma, onun və ölkə başçısı İ.Əliyevin günahlarını heç vaxt birbaşa deyə bilmirsən və deyə bilməzsən.”

Bax, burada sən yenə yalan danışırsan və iqtidarın səni söyməsinin əsas səbəbini gizlədirsən. Cəmiyyətdə elə rəy yaratmağa çalışırsan ki, hakimiyyətin səni cəzalandırması, guya, tənqidi çıxışlarına görədir. Əslində isə, qətiyyən belə deyil. Sən onların qazanından kifayət qədər faydalansan da, bunu ört-basdır etmək istəyirsən , qazanın yanında çömçə əlində durduğun halda, bunu inkar etməklə onlara nankorluq edirsən. Məhz, bunun qarşısında hakimiyyət, özün dediyin kimi, qızıl qaydasını işə salaraq səni Vəkillər Kollegiyasından çıxarır, Bandotdeldə döydürtdürür, maddi sıxıntılar yaşadır, deputat mandatından məhrum edir və s. Düzdür, sən R.Mehdiyevə müraciətində yazdığın kimi, onu istefaya dəvət edə bilirsən, amma, onun və ölkə başçısı İ.Əliyevin günahlarını heç vaxt birbaşa deyə bilmirsən və deyə bilməzsən. Deyərsən, onda, onların xeyir-duası ilə sənə verilmiş "Fəlsəfə üzrə fəlsəfə doktoru” adını da səndən alarlar. Hə, bir də az qala yadımdan çıxmışdı, sən bundan sonra da haça-paça dayansan, cızığdan çıxsan, özün dediyin kimi, qızıl qaydaya əməl etməsən, onda daha pis olar, səni Vəkillər Kollegiyasından çıxardıqları kimi, başqa bir ailə üzvünü də Azərbaycan Resğublikasının Konstitusiya Məhkəməsindən çıxararlar.

Mətləb MÜTƏLLİMLİ
İstiqlalçı Millət Vəkili