Şriftin ölçüsü / 667

Çexiya dövlətinin Ermənistana heç vaxt yüksək simpatiyası olmayıb

13 Iyun 2016 [10:27]

Elşən Mustafayev: "Çexiya prezidentinin "soyqırımı" tanımaqla bağlı parlamentə müraciət etməsini sıradan bir məsələ kimi qəbul etmək olmaz"
"Çexiya parlamentinin aşağı palatasının rəhbəri prezidentin təklifini qəbul etməyib"
Çexiya prezidenti Miloş Zeman ölkə parlamentini qondarma "erməni soyqırımı"nı tanımağa çağırmaq niyyətindədir. APA-nın verdiyi məlumata görə, bu barədə o, Ermənistana səfəri çərçivəsində ermənistanlı həmkarı Serj Sarkisyanla görüşündən sonra birgə mətbuat konfransında deyib.
Xatırladaq ki, iyunun 2-də Almaniya Bundestaqı da qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə qəbul edib.
Son vaxtlar Çexiyanın davranışlarında qəribə tendensiya nəzərə çarpır. Erməni saytlarının yaydığı məlumata görə, bu günlərdə Çexiya parlamentinin vitse-spikerləri Zdenek Skromaç və Jan Bartoşek Ermənistanda səfərdə olublar.
Onlar iddia edir ki, səfər zamanı Çexiya rəsmilərindən biri aprel döyüşlərində ölən erməni hərbçilərin məzarına baş çəkib. O, məzarlıqdaki şəkillərə baxarkən qeyd edib ki, "burada İŞİD-in əl işini gördüm".
Yeri gəlmişkən məlumat üçün qeyd edək ki, mayın 11-18-də Ermənistan parlamentinin nümayəndə heyəti Çexiyada səfərdə olub. Erməni deputatların çexiyalı həmkarları ilə müzakirə etdikləri əsas mövzular Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması, Ermənistan-Türkiyə prosesi və Ermənistan-Çexiya parlamentlərarası münasibətləri olub. Nümayəndə heyətinə başçılıq edən Ermənistan parlamentinin vitse-spikeri Samvel Nikoyan ölkəsinin Çexiya istiqamətində fəaliyyətini uğursuz hesab edib və bu uğursuzluğun səbəbini Azərbaycan tərəfinin fəal işi ilə əlaqələndirib. Belə görünür ki, Çexiya parlamenti vitse-spikerinin səfəri bundan sonra olub.

Onu da nəzərə almaq lazımdır ki, Çexiya ATƏT-in Minsk Qrupunun üzvüdür. Bu cür yanaşma sözügedən dövlətin tərəfsizliyinə birbaşa kölgə salır.

Çexiyanın son davranışlarında nəzərə çarpan erməni sevgisi nə ilə bağlıdır?

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq katibi   Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki,10 illərdir erməni lobbisi imkanı çatan bütün dövlətlərə saxta "soyqırımı" tanımaqla bağlı müraciətlər edir: "Bunun üçün bütün vasitələrdən yararlanmağa çalışır. Çexiya dövləti də bu qəbildən olan dövlətlərdəndir. Amma o da məlumdur ki, Çexiya dövlətinin Ermənistana heç vaxt yüksək simpatiyası olmayıb. Qatı Rusiya əleyhdarları olan Çexiya siyasətçiləri Ermənistanın bu dövlətin marianetkası olmasını da gözəl bilir. Azərbaycanla bağlı isə həmişə yüksək fikirdə olublar. Bir neçə il öncə Çexiya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar qərar qəbul etmişdi. Həmin qətnamədə Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən işğalına son qoyulması, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin indiyədək yerinə yetirilməməsi, bu barədə Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament Assambleyasının qəbul etdiyi qətnamə və qərarlar vurğulanıb. Həmin vaxt ermənilər böyük şok keçirmişdi. Bu, Ermənistanın işğalçılıq siyasətinə verilən qiymət idi.

Bu günlərdə Çexiya prezidentinin "soyqırımı" tanımaqla bağlı parlamentə müraciət etməsini sıradan bir məsələ kimi qəbul etmək olmaz. Baxmayaraq ki, Çexiya parlamentinin aşağı palatasının rəhbəri Yan Hamaçek Prezident Miloş Zemanın qondarma "erməni soyqırımı"nın çex deputatlar tərəfindən tanınması ilə bağlı təklifini qəbul etməyib, prezidentin belə bir təkliflə müraciət etməsi bəzi suallar ortaya qoyur. Almaniya Bundestaqının məlum qərarından sonra Zemanın bu fikri söyləməsi ola bilsin ki, digər güclü dövlət başçılarının ona, yumşaq desək, təklifindən sonra baş tutub. Digər tərəfdən, Ermənistana səfərdə bu fikri söyləməsi müəyyən siyasi gediş də ola bilər. Nəticədə onsuz da prezidentin təklifi qəbul olunmayıb. Eyni zamanda bu o demək deyil ki, Çexiya parlamentində bu layihənin qəbulunu istəməyən yoxdur. Sözsüz ki, var.

Amma bu gün onların sayı azdırsa, sabah necə olacağı məlum deyil.

Almaniya Bundestaqından da heç kim bu qərarı gözləmirdi. Amma bu baş verdi. Deməli, Türkiyə haradasa, nəyisə doğru hesablamayıbmış. Bu səhvi digər ölkələrdə buraxmamaq üçün daha diqqətli olmalıdırlar və Azərbaycan da hər zaman dəstəyini verməlidir".
Məhəmmədəli QƏRİBLİ