Şriftin ölçüsü / 1201

“Birinci inqilabçılar nəslinin son nümayəndəsini də itirdik!

16 Iyun 2016 [16:31]
Etibar Məmmədovun gəlişi bütün məsələləri həll etdi. Zatən ondan bir gün əvvəl bütün hərəkat rəhbərlərini Məhəmməd Hatəmi Tantəkinin durumu ilə tanış etmiş və hamını köməyə səsləmişdim. Əlimizdən nə gəlir, onu da edirdik. Bir fb səhifəsi ilə nə etmək olar ki? Çəkir, yazır, yayır, imdad diləyir, haray qoparırdıq. Bəzi deputatlarla danışdım, bəziləri cavab vermədilər, bəziləri heç dəstəyi qaldırmadılar. Danışdığım da dedi ki, sən siyasi məhbus olubsan, siyasi mövqeyin var, bu məsələni qoy ziyalılar, başqaları qaldırsın. Çünki sən qaldırsan, yuxarı dairələrdə başqa cür baxarlar, diqqət etməzlər. Dedim, o zaman siz qaldırın, prezidentə deyin, qoy, sərəncam versin, Məhəmməd Hatəmi Tantəkini Avropanın ən yaxşı klinikalarına götürsünlər. Dedi, mən kampaniyalarda görünmək istəmirəm, ayın 14-də Milli Məclisin iclasında bir şeylər deyərəm.

Ümid sosial şəbəkələrə, gənclərə qalmışdı. Sosial şəbəkələrdən prezidentə, ailəsinə müraciət etdim, partiya sədrlərini, hərəkat yoldaşlarını çağırdım. Olmadı. Gəlmədilər. Bəziləri sadəcə, "layk" etməklə yetindilər. Vəssalam.

evez hateminin evinde

Etibar Məmmədovun gəlişi hər şeyi dəyişdi…

Bircə meydanların dəliqanlı qəhrəmanı, özünü gözə soxmayan Etibar Məmmədov gəldi və özüylə həkimləri gətirdi. Yerində müayinə etdilər və qərar verildi ki, Məhəmməd Hatəmi Tantəkin xəstəxanaya qaldırılmalıdır. Təcili Tibbi yardımın həkimləri binanın liftinə minəndə işıq söndürüldü. 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yaşayırdı Məhəmməd Hatəmi Tantəkin. 30-40 dəqiqədən sonra birtəhər həkimləri liftdən endirə bildik. Və… Məhəmməd Hatəmi Tantəkin Bakı Sağlamlıq Mərkəzinə götürüldü. Onu "odeyal"a büküb endirdik. 5-6 nəfər kişi…

Nə illah elədim, "Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə bəlkə 10 dəfə danışdım, hamısında da 2 dəqiqəyə işığın yanacağı xəbərini aldım, amma işıq yanmadı. Hər halda, Hatəmini tanıyanlar bilir. Onun özü bu hadisəni hökumətin təxribatı adlandırardı və… nə qəribədir ki, mən də elə düşündüm o zaman. Biz neçə dəfə gəlmişdik, o binada işıq probleminin olduğunu görməmişdik. Qonşular da elə deyirlər. Evdə televizora baxanda belə Məhəmməd Hatəmi Tantəkin "məni dinləyirlər” deyirmiş. Gəl də inanma…

Son günündə evdə qızı Nərmin, yoldaşı, bacısı, qardaşı Tomrid vardı. Hamı narahat idi. Hatəmi özündə deyildi. Etibar Məmmədovu görəndə, səsini eşidəndə elə ağladı ki. Neməti çağırıb ağlayır, mənim əllərimdən tutub ağlayır, hamını Nemətə tapşırır, qardaşı Tomridi çağırıb mənə müsahibə verməsini deyir, sanki vəsiyyət edirdi. Əlimdən tutub "bunlar qəhrəmandırlar, Etibar qəhrəmandır, Nemət qəhrəmandır” deyirdi.

Mən Etibar Məmmədovu ağlayan görməmişəm, o gün gördüm. Mən Neməti ağlayan görməmişəm, o gün gördüm. Yəqin, onlar da başqalarını gördülər.

Kədər bu dəfə də xəbər vermədən gəldi!

Və… Məhəmməd Hatəmi Tantəkini xəstəxanaya yatırdıq. Hər şey üst düzeydə idi. Həkimlər dərhal yoğun baxıma götürdülər Hatəmini. Bazar ertəsi baxacaqlarını və qərar verəcəklərini dedilər. Telefonlarını götürdük. Rahat evlərimizə dağılışdıq.

evez hateminin xestexanasinda

Həkimlərə xəstəxanaya kimin gəldiyini anladırıq…

Bazar ertəsi axşam həkimi Minayə xanıma zəng elədim. Durumun ciddiyyətini qoruduğunu dedi, amma vəziyyətin normala doğru getdiyini də əlavə elədi. Qardaşı Tomrid bəylə danışdım. O da eləcə. Nəsə, içimdə bir əminlik vardı ki, hər şey sürətlə yaxşılaşacaq.

Sosial şəbəkələrdə artıq bir Hatəmi bumu başlamışdı. Almaniyadan, Fransadan, Türkiyədən, İrandan, dünyanın ən müxtəlif ölkələrindən zənglər edir, mesajlar yazırdılar. Azərbaycanlılar əllərindən gələni etməyə hazır olduqlarını deyirdilər. Biri evini təklif edir, biri yardım üçün bankda hesab açmağı təklif edir, biri pul göndərməyə hazır olduğunu deyirdi. Bakı da qaynamağa başlamışdı. Gənclər təşkilatları zəng edir, ziyarətə getmək istədiklərini bildirirdilər. Xüsusilə, sağ olsun, D18 hərəkatının gənc lideri Ruslan İzzətli hər fədakarlığa hazır vəziyyətdə idi.

Durumu normallaşan kimi, ziyarətçi axınını planlaşdırırdıq. Ölkə rəhbərliyi qərar verənə qədər getməli idik. İçimi bir rahatlıq bürümüşdü – millətin önəmli bir siyasi xadimini, layiqli və ləyaqətli bir ağsaqqalını, hərəkatın təməl daşını qoyan bir kişini xilas edirdik, deyəsən.

Və… aramsız zəng edən Nemətin telefonlarını götürə bilməməyim, sən demə, Tanrının ironiyası imiş. Gənclər mənə zəng edib Məhəmməd Hatəmi Tantəkinin evinin yerini soruşanda, "Hatəmi xəstəxanadadır, bu gün durumu bilinsin, səhərdən ziyarətə başlayarıq” dedim və dəstəyin o tərəfindən cavan ömrünü bu millətin yolunda xərcləyən dəyanətli bir oğlanın – Dəyanətin sarsıdıcı xəbərini eşitdim: "bəy, Məhəmməd Hatəmi dünyasını dəyişib, ora gedirik”.

Mən sükanda sarsılanda mənim hazırlığa gedən Selcanımın gözlərində yaş gilələnirdi. Son günlər o, elə hey Hatəminin kim olduğunu soruşur, mən də ona Məhəmməd Hatəmi Tantəkinin kimliyini və hərəkatın başladığı illəri danışırdım. İndi ikimiz də yenilmişdik. Zaman bizi yenə üstələmişdi. Son günlərin optimist ovqatı bizi tərk etmişdi. Kədər bu dəfə də xəbər vermədən gəlmişdi!

Birinci inqilabçılar nəslinin son nümayəndəsi

Etibar Məmmədov maraqlı bir söz dedi Hatəminin dəfnində: "Birinci inqilabçılar nəslinin son nümayəndəsini də itirdik!” Elə sızıltılı bir səslə dedi ki… Və ondan "birinci inqilabçılar nəsli” haqda soruşdum. Xəlil Rza Ulutürkün, Tağı Xalisbəylinin, Mənsur Əlisoyun adlarını çəkdi. Daha neçə elə adamlar varmış. Oktay Eldəgəz xatırlandı. 1954-cü ildə "Qız Qalası”na bayraq sancan qəhrəmanların adları çəkildi. 1950-ci illərdən gələn və 1980-lərdə zirvə nöqtəsinə çatan bir nəsil. Kutlu bir nəsil.

Məhəmməd Hatəmi Tantəkini çox az adam o dünyaya yola saldı. Bəziləri var ki, heç onun haqqında bilmirlər. Tarixi belə çatdırırıq. Bu, bizim günahımızdır həm də. Özümüzə belə sahib çıxdığımız üçün millət də bizə sahib çıxmır. Sən hərəkatının təməl daşını qoyan kişini bu cür yola salırsansa, mütləq səni də elə yola salacaqlar. Hərəni öz qohum-əqrəbası yola salacaqsa, hamımızın taleyi belə olacaq.
 
Əvəz Zeynallı