Şriftin ölçüsü / 632

Regionçuluğu təbliğ etmək Azərbaycana ən ağır zərbədir

16 Iyun 2016 [16:36]
Əli İnsanov siyasətdə qalacaqsa o yenə də haqq, ədalət və demokratiya uğrunda mübarizə aparacaq”

Sabiq səhiyyə naziri Əli İnsanovun həbsdən azad olunmasına 4 ay qalmış mətbuatda onun barəsində silsilə yazılar və məlumatlar çoxalmaqdadır.

Keçmiş səhiyyə nazirinə diqqətin bu qədər yönəlməsi təsadüfi sayıla bilməz. O, həm hakimiyyət daxilində, həm də hakimiyyətdən kənar qüvvələr içərsində sanballı fiqurlardan sayılır və hər iki tərəf üçün arzuolunan şəxsdir. Bir müddət öncə bəzi mətbuat orqanlarında yayıldı ki, güya Əli İnsanov həbsdən çıxacağı təqdirdə hakimiyyətdən qisas alacaq, yaxud da kimlərisə hədələyib. Onun adı daha çox Qərbi Azərbaycanlıların lideri kimi də hallandırıldığından İrəvan Azadlıq Təşkilatının (İAT) sədri Təbriz Musayevə müraciət edərək sabiq nazirin ətrafında gedən söz-söhbətlərə münsibətini öyrəndik.

T.Musayev bildirdi ki, İAT Ə.İnsanov həbs edilən andan onun hüquqlarının qorunmasına calışıb və bu həbsi siyasi sifariş hesab edib. Təşkilat sədri bildirib:

"Ə.İnsanov YAP-ın qurulmasında, H.Əliyevin hakimiyyətə gəlməsində və möhkəmlənməsində xüsusi xidmətləri olan şəxsdir. Vaxtilə H.Əliyevə şər-böhtan yağdıranlar, onu "bitmiş siyasətçi” adlandıranlar, həqarət edənlər indi hakimiyyətin ən yüksək eşalonlarında təmsil olunurlar, özlərini Heydərçi kimi qələmə verirlər, Lakin ona sadiq qalıb, həyatını riskə atıb mübarizədən çəkilməyən Ə.İnsanov kimi şəxs zindana atılır, mənəvi işgəncələrə məruz qalır. Ə.İnsanov dünya şöhrətli alimdir. Onunla bu cür davranışa yol verilməsi ədalətsizlik və insafsızlıqdır.”

"Ə.İnsanovun həbsdən çıxandan sonra hakimiyyətdən qisas alacağı, yaxud da kimlərisə hədələməsi barədə gedən yazılar da düşünlümüş şəkildə və bir mərkəzdən idarə olunan təxribatdır və onun azad olunmasına qarşı yönəlib”-deyən, T.Musayev daha sonra vurğulayıb:

"Əli müəllim ixtisaca həkimdir, yüz minlərlə insana şəfa verib. Qəlbən də yumşaq, xaraktercə çox humanist insandır. Təbiətində ümumiyyətlə qisasçılıq yoxdur. H.Əliyev siyasi kursuna sadiq olan siyasətçidə qisasçılıq, kin-küdurət ola bilməz. Bəzi qüvvələr bilərəkdən Ə.İnsanovu qorxunc obrazda qələmə verməklə kimlərəsə "xox gəlmək” istəyirlər. Yaxud da Qərbi Azərbaycan toplumunu başqa cür, dövlətçiliyə və iqtidara xoş olmayan formada təqdim etməyə çalışırlar. Güya ki, başqa regiondan olan insanlar hakimiyyətdən razıdırlar, Qərbi Azərbaycanlılardan başqa. Bu hakimiyyətdən bütün ölkə, bütün toplumlar narazıdır. İkincisi də regionları üz-üzə qoymaq regionçuluğu təbliğ etmək Azərbaycana ən ağır zərbədir. Regionçuluq söhbətlərini və Əli müəllim barədə müxtəlif xoşagəlməz uydurmalar və şayiələr yayanlara da deyəcəyim odur ki, narahat olmasınlar, əvvala Ə.İnsanov bütün Azərbaycan xalqının qəbul etdiyi liderlərdəndir, Qərbi Azərbaycan regionu onun üçün çox dardır, ikincisi də sabiq səhiyyə naziri siyasətdə qalacaqsa o yenə də haqq, ədalət və demokratiya uğrunda vətənmizin və xalqımızın rifahı və parlayq gələcəyi naminə çalışacaq, mübarizə aparacaq.”


Millət