Şriftin ölçüsü / 775

Arzuxan Əlizadə: "Yaxşı olardı ki, AŞPA PKK-nın törətdiyi terror aktlarını pisləsin"

24 Iyun 2016 [16:27]
"Görünən odur ki, məqsəd Türkiyəni zəiflətməkdir"

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında Türkiyə ilə bağlı müzakirə keçirilir.

AŞPA-nın Monitorinq komitəsinin Türkiyə üzrə həmməruzəçiləri - norveçli İngebyörq Qodkesen və serbiyalı Nataşa Vuçkoviçin hazırladıqları hesabat bu ölkənin 2004-cü ildə qurumun postmonitorinq mərhələsinə keçməsindən sonra ən sərt hesabat kimi qiymətləndirilir. Sənəddə Türkiyə dövlətinin terrorizmlə mübarizə adı altında insan hüquqları, demokratiya və hüquqi dövlət prinsiplərini ciddi şəkildə pozduğu qeyd olunur. Eyni zamanda, məruzəçilər Türkiyənin PKK-ya qarşı apardığı antiterror əməliyyatlarının qeyri-proporsional olduğunu vurğulayıb.

Hesabatın kifayət qədər tənqidi olmasına baxmayaraq, bir neçə parlamentar sənədə daha sərt əlavələr irəli sürüb. Onlar 2004-cü ildən AŞPA-nın postmonitorinq dialoqu mərhələsində olan Türkiyənin monitorinq prosesinə salınmasını təklif edib.

Müzakirələrdə azərbaycanlı millət vəkilləri də söz alaraq Türkiyəni müdafiə edib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mətbuata açıqlamasında AŞPA-nı Türkiyəyə qarşı təxribatda günahlandırıb: "Hələlik məlum deyil, bu niyyətləri gerçəkləşəcək, ya yox. Ancaq hər bir halda, bir şey aydındır ki, burada biz Türkiyəyə qarşı güclü təbliğatın aparıldığını görürük və bu bizdə çox ciddi narahatlıq yaradır. Azərbaycan nümayənd
ə heyəti olaraq əlimizdən gələni edirik ki, bunun qarşısını alaq, ancaq o qədər də asan deyil".
Çox maraqlıdır, Avropa Birliyi PKK-nı terrorçu təşkilat elan etməsinə rəğmən, bu qurumdaki digər təsisatlar PKK-ya qahmar çıxır. Siyasilər bunun səbəbini nə ilə izah edir?

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu, son dövrlər Türkiyəyə qarşı yönələn silsilə təzyiqlərin tərkib hissəsidir: "Suriya məsələsində yaşanan fikir ayrılıqları, Avropaya miqrant axını və digər məsələlərdə Türkiyənin yeritdiyi müstəqil siyasət bir sıra dövlətləri narahat edir. O üzdən bu kimi xoşagəlməz halların baş verməsinə hər vəchlə rəvac verirlər. Türkiyənin Avropa İttifaqına üzv olmasına illərdir yaradılan süni maneələr, yeni-yeni tələblərin ortaya atılması - bütün bunların hamısı bu ölkənin zəiflədilməsinə hesablanıb. Elə həmin Avropa ölkələridir ki, bir sıra dərnəklərin və digər təsisatların timsalında PKK-nın oralarda fəaliyyət göstərməsinə şərait yaradır. Ona görə də AŞPA-nın bu cür yanaşmasından təəccüblənmirəm. Son bir ildə PKK terrorçuları xeyli aktivləşib. Türkiyənin cənub-şərq vilayətlərində silsilə qanlı terror aktları törədirlər. Yaxşı olardı ki, AŞPA bu terror aktlarını pisləsin. Görünən odur ki, məqsəd Türkiyəni zəiflətməkdir. Azərbaycan millət vəkillərinin Türkiyəni müdafiə etməsi müsbət qiymətləndirilməli və bu istiqamətdə səylər daha da artırılmalıdır. Çünki bir sıra güc mərkəzləri Türkiyə üzərində oyun oynamaq istəyir".

Vidadi ORDAHALLI


Millət