Şriftin ölçüsü / 1278

Ağstafanın Məhərrəm Quliyev problemi

05 Iyul 2016 [17:39]

Bir müddət əvvəl Ağstafa rayon Mərkəzi Xəstəxanasında dövlət vəsaitlərinin talan edildiyi üzə çıxıb. Korrupsiyanın dizə çıxmasının səbəbkarı olan baş həkim İlham Mustafayev hər yerdə bildirib ki, bu pulları təkbaşına yemıyib və onu Səhiyyə Nazirliyi ilə Ağstafanın icra başçısı Məhərrəm Quliyev arasında bölüşdürüb. Baş həkimin səriştəsizliyi və idarəçilik qabiliyyətinin aşağı həddə olması səbəbindən xəstələr də ciddi əziyyət çəkirlər. Onların cibinə girilməsi, müalicə üçün pulun alınması artıq adi hala çevrilib. Bundan əlavə Ağstafada çalışan həkimlər İlham Mustafayevə aylıq haqq vermək məcburiyyətindədirlər. Sözügedən tibb ocağında tender oyunları da həyata keçirilib. Məsələn, ötən il baş həkim avadanlıqların alınması adı altında 75300 manat vəsaiti öz şəxsi məqsədlərinə sərf edib. Ardından isə inventarların satın alınması üçün ayrılmış 76500 manatı da həkimlərin ayağına yazaraq onlardan yığdığı pullarla prosesi reallaşdırıb. Ağstafa Mərkəzi Xəstəxanasını ərzaqla təmin etmək üçün 54 min manat pul sərf olunub. Amma dəftərxana ləvazimatlarının alınmasına isə 40 min manat. Elə yeyintinin əsas görünən tərəfi də budur. Faktiki rəqəmlər baş həkimin hansı işlərlə məşğul olduğunu üzə çıxarır. Göründüyü kimi, icra başçısı rayonda dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrin keçirdiyi tenderləri öz nəzarətində saxlayaraq müəyyən maraqlarını reallaşdırır. Nəticədə dövlət büdcəsinə ağır zərbə vurulmuş olur.

Əfqanıstan Veteranları İctimai Birlyinin Ağstafa filialının sədri Mirzahid Hacıyev "Millət”ə bildirib ki, 07 iyun 2016-cı il tarixində Ağstafa rayon Dağkəsəmən kəndində baş verən ölüm hadisəsi ilə əlaqədar biz veteranların narahatçılığıdır.

Belə ki, həmin tarixdə Dağkəsəmən kənd sakini 2-ci qrup Qarabağ əlili Salahov Saqif oğlunun həyat yoldaşı, mərhum Salahova Dəstəgül Kərəm qzının sağlamlıq durumu kəskin ağırlaşdığı üçün Ağstafa rayon təcili tibbi yardım xidmətinə müraciət edilir. İlk tibbi yardımı göstərən həkmi Ağstafa Mərkəzi xəstəxanasından əlavə olaraq həkim mütəxəssisin gəlməsinin lazım olduğunu bildirsə də heç bir kömək gəlməmişdir. Xəstənin halı pisləşmiş və 6 saatdan sonra vəfat etmişdir.

Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, mərhumun dəfnindən sonra Qarabağ qazisi Salahov Şirvan baş həkimlə görüşərək və həkim mütəxəssisin gəlməməsinin səbəbini baş həkimdən aydınlıq gətirməsini istəsə də baş həkim yayınaraq iclasa getdiyini əsas gətirərək heç bir cavab verməmişdir. Səhəri gün isə məlum olmuşdur ki, baş həkim İlham Mustafayev ikinci qrup Qarabağ əlili Salahov Şirvan Saqif oğlunu Rayon Polis Şöbəsinə xuliqanlıq adı ilə şikayət etmişdir. Ağstafa rayonunda məmur özbaşınalıqları, vətəndaşların süründürməçiliyə məruz qalması demək olar ki, adi hala çevrilib.

Rayon sakinləri baş alıb gedən özbaşınalıqlarda əsas günahkar kimi icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevi göstərirlər. Əhalinin yetərli hissəsi başçının fəaliyyətindən narazıdır və bununla bağlı dəfələrlə aidiyyatı dövlət qurumlarına müraciət ünvanlayıblar. Məlumat üçün qeyd edim ki, icra başçısı şəxsən mənimlə görüşündə bildirib ki, mən Ramiz Mehdiyev məktəbini bitirmişəm və özünün 100 min manatlıq maşının olmasını fəxrlə dilə gətirmişdir.

Adətən dövlət məmurları Heydər Əliyev idarəçilik məktəbini yetirmələri olduqları üçün fəxr edirlər. Belə qənaətə gəlmək olar ki, Məhərrəm Quliyev Prezident Administrasiyasındakı himayədarlarına arxalanır. Yaddan çıxartmasın ki, onu rayona prezident təyin edib və o da xalqın xidmətçisidir. Rayonda baş verən bütün hadisələrə cavabdehdir və məsuliyyət daşıyır.


Nazilə