Şriftin ölçüsü / 679

Qüvvələr və güc nisbəti dəyişib

05 Iyul 2016 [17:47]
Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Olland arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair telefon söhbəti olub. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin başçısı kimi Fransua Ollandı Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın iyunun 20-də Sankt-Peterburqda keçirilən üçtərəfli görüşünün yekunları barədə məlumatlandırıb.

Rusiya və Fransa liderləri ümidvar olduqlarını bildiriblər ki, bu görüşdə əldə olunan nəticələr sülh prosesinin inkişafına kömək edəcək. Bu vacib istiqamətdə birgə fəaliyyəti ATƏT-in Minsk qrupu çərçivəsində fəal surətdə davam etdirmək barədə razılıq əldə olunub.

Qeyd edək ki, Fransa tərəfi prezidentlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. İki gün öncə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik növbəti görüşün Fransada keçirilməsi ehtimalı ilə bağlı bildirib ki, prezidentlərin növbəti görüşü ilə bağlı müəyyən tarix olmasa da, ABŞ, Fransa və Rusiya həmsədr dövlətlər kimi, görüşü tez bir zamanda təşkil etmək niyyətindədir. Azərbaycan və Almaniya xarici işlər nazirlərinin Bakıda keçirdikləri birgə mətbuat konfransında da məlumat verilib ki, Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü Parisdə təşkil etməsinə dair təklifi var.

Xatırladaq ki, aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında iki görüş keçirilib. Sonuncu görüş ötən ay Sankt-Peterburq şəhərində baş tutub. Artıq növbəti görüşün Fransada baş tutma ehtimalı var. Prezidentlərin görüşlərinin intensivləşməsi münaqişənin həllinə təsiri ola bilərmi?

Politoloq Əli Oruclu o fikirdədir ki, aprel döyüşləri münaqişəni yeni mərhələyə daşıdı və çox şeyləri dəyişdi. Onun sözlərinə görə, ilk növbədə bu münaqişənin dondurulmasının mümkünsüzlüyü və uzun-uzadı danışıqların səmərəsizliyini ortaya qoydu: "Qüvvələr və güc nisbətini dəyişdi. Münaqişənin həlli ilə bağlı proseslər intensivləşdi və prezidentlərin təmaslarının sayı artdı. Lakin bunlar münaqişənin tezliklə sülh yolu ilə həllinə inamı zərrə qədər də olsa artırmayıb. Ən əsas ona görə ki, prinsipial məsələlərdə tərəflər mövqelərindən bir addım da olsa çəkilməyib. Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını, öz müqəddəratını təyin etmə, Azərbaycan isə sərhədlərin dəyişdirlməməsi prinsipi üzərində israrla dayanır”.

Politoloq bildirir ki, digər tərəfdən, münaqişənin həllində güclü təsirə malik Moskva problemin hansısa formada olur-olsun həllini istəmir. "Bu şərtlər daxilində prezidentlərin görüşündə hansısa irəliləyişlərin əldə olunmasına ümid bəsləmək sadəlövhlük olardı”.

Oruclu Rusiya-Türkiyə barışığının Qarabağ məsələsinin nizamlanmasına müəyyən təsirləri olacağını da bildirdi. "Rusiya və Türkiyə gec də olsa anladılar ki, normal mnüsibətlər və qarşılıqlı maraqlara hörmət əsnasında bir sıra vacib problemlərin həllinə nail ola bilərlər. Beynəlxalq terrorla mübarizədə, regionla mənafelərin təmin olunmasında, transmilli layihələrin gerçəkləşdirilməsində və nəhayət sülhün və təhlükəsizliyin qorunmasında birgə və əlaqəli fəaliyyət labüddür. Məncə, bundan sonra buzlar əriyəcək və hər iki ölkə arasında inkişafın dinamikası yüksələn xətlə gedəcək. Digər tərəfdən, Rusiyanın milli müxtəlifliyi də Türkiyə ilə münasibətlərin düzəlməsini şərtləndirən amillərdən biridir. Bu normallaşma Qafqazlar, xüsusən də, Azərbaycan üçün də əhəmiyyət kəsb edir” deyən müsahibimiz bununla hesab edir ki, onların problemə də münsibətləri və yanaşmaları tamamilə bir-birinə ziddir. Belə ki, Türkiyə Azərbaycanın strateji müttəfiqir, Rusiya isə Ermıənistanın rəsmən hərbi-strateji müttəfiqidir. Dediyinə görə, münasibətlərin normallaması təkcə Qarabağda deyil, Cənubi Qafqaz regionunda rəqabəti və gərginliyi azalda bilər. Bunun özü də vacib amildir.

Politoloq Nəsimi Məmmədli bildirdi ki, əslində bu cür görüşlər əvvəllər də keçirilib. Aprel döyüşlərindən sonra isə bu görüşlər daha qabarıq nəzərə çarpır: "Status-kvo tam şəkildə dəyişməsə də, hər halda Azərbaycan müəyyən üstünlük əldə edib. O baxımdan, Azərbaycan cəmiyyətində də, beynəlxalq ictimaiyyətdə də bir az bu görüşlərlə bağlı yanaşma fərqli şəkildə təzahür edir. Amma faktiki olaraq bu görüşlərin müsbət nəticəsi olacağını düşünmürəm. Bu görüşlər bir az ictimai rəydə müzakirələri gündəmə gətirsə də, faktiki olaraq problemin həlli istiqamətində konkret hansısa nəticə doğuracağını sanmıram. Hər kəsə aydındır ki, məsələnin sülh yolu ilə həlli üçün hansısa bir tərəfin üstünlüyü görünməlidir. Xüsusilə Azərbaycan öz ərazilərini azad etmək iradəsini aydın şəkildə ortaya qoymalıdır. Qoymayacağı təqdirdə problemin Azərbaycanın maraqları baxımından həllini mümkün hesab etmirəm”.

Politoloq, millət vəkili Sahib Alıyev öncə Ərdoğanla Putinin telefon danışığına diqqət çəkərək bildirdi ki, Rusiya prezidenti türk həmkarına "Bölgənin iki böyük dövləti olaraq Türkiyə və Rusiyanın görməli olduğu işlər var” deyib: "Ərdoğanla telefon danışığında belə bir cümlə də işlədən Vladimir Putin, görəsən, həmin "görülməli işlər”in içərisində Dağlıq Qarabağ probleminin həllini də nəzərdə tuturmu? Azərbaycanın da barışmalarında az rol oynamadığı iki böyük qonşusundan ən böyük gözləntisi budur. Ərdoğanla açıqlanmır, ancaq Putinin Ollandla son telefon danışığında, eləcə də Rusiya və Fransanın xarici işlər nazirlərinin görüşlərində Dağlıq Qarabağ məsələsinin diqqət mərkəzində olduğu dəqiqdir. Və bu ondan xəbər verir ki, "üçlü format” haqda ilkin düşüncələr yanlış olub. Yəni Sankt-Peterburq görüşündən dərhal sonra Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşlərinin də "üçlü format” çərçivəsində davam ediləcəyi açıqlananda onların məhz Rusiyada keçiriləcəyi düşünülürdü. Ancaq indi bəlli olur ki, növbəti görüş Parisdə olacaq. Yəni yenə də danışıqlar "üçlü format”da aparılacaq, ancaq bu dəfə onu Fransa prezidenti təşkil edir”.

Onun fikrincə, bir məsələyə də aydınlıq gəldi. Belə ki, Alıyevin dediyinə görə, Sankt-Peterburq görüşü digər həmsədr dövlətlərlə də razılaşdırılmış bir görüş olub, sadəcə bu "üçlü format”ın təşəbbüsçüsü, toparlayıcısı və tənzimləyicisi rolunda Rusiya çıxış edir. "Xarici işlər naziri Sergey Lavrovun gələn həftə Bakıya planlaşdırlan səfəri də məhz bununla bağlıdır”, - deyə S.Alıyev bildirdi.



Millət