Şriftin ölçüsü / 576

Adətən qadınlar barışdırıcı missiyadan çıxış edirlər

12 Iyul 2016 [14:28]

Əli Orucov: "Bu barədə indidən konkret hansısa mülahizə irəli sürmək çətindir"

"Ola bilsin ki, iki qadının dövlət başçısı seçilməsi dünyada siyasi münasibətlərdə istiləşmə yaratsın"
Müşahidələr göstərir ki, yaxın dövrlərdə Böyük Britaniyaya və ABŞ-a qadınlar rəhbərlik edəcək. Belə ki, Mühafizəkarlar partiyasının başçısı və Böyük Britaniyanın baş naziri 26 il sonra yenidən qadın olacaq. Bunu partiyanın seçimi üzrə kampaniyanın iki finalçısını müəyyənləşdirməli olan mühafizəkar-deputatların səsverməsinin bu gün baş tutmuş ikinci mərhələsinin nəticələri göstərib.

Nəticədə bu iki nəfər DİN-in başçısı Tereza Mey və Energetika və İqlimin Dəyişməsi Nazirliyi başçısının müavini Andrea Lidsom olub.

Mey partiyadaşlarının 199, Lidsom isə 84 səsini toplayıb. Torilərin hazırda hakimiyyətdə olduğu nəzərə alınsa, söhbət yalnız partiya rəhbərinin yerindən deyil, həm də Birləşmiş Krallığın baş nazir postundan gedir. İndi partiya və dövlət başçısının taleyini artıq İcmalar palatasında torilər fraksiyasının 331 deputatı deyil, Mühafizəkarlar partiyasının poçt vasitəsilə səs verəcək 150 min üzvü həll edəcək. Yeni hökumət başçısının adı sentyabrın 9-dək səsləndirilməlidir.

Digər tərəfdən, payızda Birləşmiş Ştatlarda prezident seçkiləri keçiriləcək. Müşahidələr və aparılan rəy sorğuları göstərir ki, Demokratlar Partiyasının namizədi Hillari Klintonun prezident olma ehtimalı böyükdür. Bu arada Barak Obama noyabrın 8-də keçirələcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi, keçmiş dövlət katibi Hillari Klintonun yanında olduğunu və onu dəstəklədiyini deyib.
Maraqlıdır, iki aparıcı dövlətin başına qadınların keçməsi bu ölkələrin dünyadaki siyasətinə necə təsir edəcək?

Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, bununla bağlı birmənalı fikir söyləmək çətindir: "Ola bilsin ki, iki qadının dövlət başçısı seçilməsi dünyada siyasi münasibətlərdə istiləşmə yaratsın. Adətən qadınlar barışdırıcı missiyadan çıxış edirlər. Ancaq dünyada elə mürəkkəb geosiyasi proseslər gedir ki, hər an hər şey baş verə bilər. Başqa bir tərəfdən, Qərb dövlətlərinin müasir siyasi tarixinə nəzər salsaq görərik ki, qadınların dövlət başçısı seçilməsi bu sahədə kardinal dəyişikliklərə gətirib çıxarmayıb. Məsələn, 1979-1990-cı illərdə İngiltərənin baş naziri Marqaret Tetçer olub. Tetçer, qadın olmağına baxmayaraq, daha qətiyyətli və yeri gələndə daha radikal siyasət yürüdüb. Həmçinin, 2006-cı ildən Almaniyaya Angela Merkel rəhbərlik edir. Merkelin timsalında Almaniya siyasətində hansısa xüsusi yumşalma tendensiyası və yaxud da radikal elementlər özünü göstərməyib. Ancaq bu dövlətlərdən fərqli olaraq, ABŞ-da ilk dəfədir qadının prezident seçilmək şansı böyükdür.

Şansı böyük olmaqla yanaşı, ilk dəfədir namizədlər arasında qadın namizəd var. Bir zamanlar Hillari Klinton dövlət katibi olduğu üçün o, dünya siyasətində yeni persona deyil. O baxımdan bu barədə indidən konkret hansısa mülahizə irəli sürmək çətindir".
Vidadi ORDAHALLI