Şriftin ölçüsü / 574

Azərbaycanla İran arasındakı münasibətlərdə istiləşmə hiss olunur

13 Iyul 2016 [14:06]

"Bu addımla Ermənistanın müqavimət gücü bir qədər də artırılır"

Arzuxan Əlizadə: "Azərbaycana elə də ciddi təsiri olmayacaq, çünki İran tərəfindən analoji dəstək uzun müddətdir verilir"

İranla Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma qüvvəyə minib. Tehranda İran prezidenti Həsən Ruhaninin sədrlik etdiyi Nazirlər Kabinetinin iclasında Ermənistanla viza rejiminin ləğvi ilə bağlı razılaşma təsdiqlənib.

İyunun 16-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iki ölkə arasında viza rejiminin ləğvi barədə razılaşma imzalayıb. Sənəd Ermənistan parlamenti tərəfindən bir müddət öncə təsdiq olunub.

Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə, 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcək.

İran və Ermənistan tərəfi razılaşmanın gələcəkdə iki ölkə arasında iqtisadi, ticarət və başqa əlaqələrin "güclənməsi və tənzimlənməsinə" xidmət edəcəyinə ümid edir.

Ermənistanla İran arasında viza rejiminin ləğvinin Azərbaycana nə kimi təsiri ola bilər?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, İranın bu addımı arzuolunan deyil: "Son dövrlər iki ölkə arasında münasibətlər xeyli yaxınlaşıb. Tərəflər arasında bir sıra iqtisadi müqavilələr imzalanıb.

Azərbaycanla İran arasındakı münasibətlərdə istiləşmə hiss olunur. Hər iki ölkənin əlaqələrinin möhkəmləndirilməsi baxımından ciddi xarakter daşıyan müqavilələr var. Ancaq onu da nəzərə almalıyıq ki, İran Azərbaycanın torpaqlarını işğal edən Ermənistana təzyiq etmir, əksinə, Ermənistana işğalı davam etdirmək üçün nəfəs verir. Mən inanmıram ki, İranın Nazirlər Kabinetinin Ermənistanla İran arasında viza rejimini ləğv etməsi Azərbaycan-İran münasibətlərinə ciddi təsir göstərəcək. Təəssüf ki, İran Ermənistanla ən müxtəlif səviyyəli əməkdaşlıq qurur, münasibətlər yaradır. Həm də bu təkcə ticarət sahəsində deyil, eyni zamanda iqtisadi və siyasi xarakter daşıyan münasibətlər getdikcə güclənir. Digər tərəfdən də İranda Azərbaycanla qardaş ölkəyik, eyni dinin daşıyıcısıyıq, tarixi ənənələrə söykənən münasibətlərimiz var kimi fikirlər səsləndirirlər. Bu fikirlərə görə İranın zaman-zaman Ermənistana verdiyi siyasi, iqtisadi dəstək başadüşülən deyil. İndi vəziyyət elədir ki, artıq hadisələrin gedişini Azərbaycan diqtə edir. Milli ordumuzun apreldə apardığı hərbi əməliyyatlar və göstərdiyi qəhrəmanlıq vəziyyəti dəyişib. İndi Ermənistanın yanında olan bütün ölkələr vəziyyətin ciddiliyini nəzərə alaraq əvvəlki statusdan çıxış etmir. Ona görə də indiki vəziyyət tamamilə Azərbaycanın xeyrinədir və aparılan danışıqlar özünün konkret nəticələrini göstərməsə, son söz yenə də hərbi əməliyyatlarda, milli ordumuzun üzərindədir. Düşünürəm ki, biz gec-tez bu amildən istifadə etməli olacağıq. Ancaq, istənilən halda, bu addımla Ermənistanın müqavimət gücü bir qədər də artırılır. Azərbaycana elə də ciddi təsiri olmayacaq, çünki İran tərəfindən analoji dəstək uzun müddətdir verilir".
Məhəmmədəli QƏRİBLİ


Millət