Şriftin ölçüsü / 529

Yaxınlaşma olarsa, bu iki dövlət üçün də qarşıdurmadan daha xeyirli olar

27 Iyul 2016 [15:38]
Elşən Mustafayev: "Qarabağ probleminin həlli məsələsində Türkiyənin mövqeyinin ortaya qoyulmasına xidmət edər"

Türkiyədə məlum dövlət çevrilişi cəhdindən sonra rəsmi Ankara ilə Qərb, xüsusilə Birləşmiş Ştatlar arasında soyuq münasibətlərin müşahidə edilməsi, bunun əvəzində Türkiyənin Rusiya ilə daha isti münasibətlərə meyilli olması qardaş ölkənin xarici siyasətində müəyyən korrektələrin edilməsindən xəbər verir. Bu ərəfədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla onun rusiyalı həmkarı Vladimir Putin arasında yaxın günlərdə görüş keçiriləcəyi barədə yayılan xəbərlər də Ankara-Moskva münasibətlərində yeni bir mərhələnin başlanğıcından xəbər verir. Bəs görəsən, Türkiyə-Rusiya yaxınlaşması Qərbdə hansı qıcıq yaradacaq? Və ya bu münasibətlərin regiona hansı müsbət təsirləri olacaq? Bu və ya digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevə müraciət etdik.

-Elşən bəy, Türkiyədə hərbi çevriliş cəhdindən sonra yaşanan proseslər, atılan bəzi addımlar Ankaranı sizcə hara aparır?

-Türkiyədə hərbi çevriliş cəhdindən sonra yaşananların ölkənin iqtisadi və siyasi həyatına ciddi təsir edəcəyi şübhəsizdir. Hökumət bu çevrilşin arxasında Fətullah Gülənə bağlı güclərin olduğunu bildirir, qarşı tərəf isə bunu inkar edir. Bunun həqiqət olub olmadığını araşdırmadan belə demək mümkündür ki, on illərlə formalaşan, dövlətin bütün strukturlarına kifayət qədər sayda nüfuz etmiş Gülənin hizmet hərəkatının tərəfdarlarının hamısının müəyyənləşdirilməsi çox çətin olacaq. Məlumdur ki , AK partiya elektoratının əksəriyyəti, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla partiya rəhbərliyi vaxtilə Gülən tərəfdarı olublar. Bu gün fikir ayrılığından yaranan problemlərdən dolayı münasibətlər gərginləşib. Bu çevrilişdən sonra minlərlə adamın həbsi, yüz minlərlə insanın işdən alınması və ya nəzarətə götürəlməsi sözsüz ki, ölkə daxilində ciddi narahatçılıq yaradacaq. Amma görünür ki, AK partiya bunları gözə alaraq siyasi təhlükəsizliyin qorunması üçün bütün mövcud addımları atacaq. Amma digər bir ciddi məsələ türk silahlı qüvvələrinin imicinə vurulmuş zərbədir. Bunu ilk əvvəl çevrilişçilər etsələr də, sonradan hökumət ordunu aşağılayan hərəkətlərin olmasına şərait yaratdı. Bu günə qədər türk cəmiyyətində yeganə qüvvə ordu-məhmətcik idi ki, xalqın onlara birmənalı böyük məhəbbəti var idi. Reğionun ən güclü və mübariz ordusu fikiri də bu məhəbbətdən qaynaqlanırdı. İndi isə həmin ordunun generallarının yarısı həbsdədir, əskərləri isə hadisələr vaxtı təslim olandan sonra belə üzü üstə uzadılmış halda alçaldılmışdır.Regionda baş verən hadisələrdən dolayı belə bir mühitün yaranması Türkiyəni pis vəziyyətdə qoya bilər

-Sizcə, hərbi çevriliş cəhdi tamamilə aradan qaldırıldı, yoxsa AKP hökumətini hələ də belə təhlükə gözləyir? Çünki Qərbin də bu çevrilişdə əli olduğu bildirilir.

-Hesab edirəm ki , eyni cəhdin eyni üsulla təkrar olunması mümkün olmayacaq. Amma bu aksiya kənar qüvvələrin də dəstəyi və ya istəyi ilə həyata keçirilibsə , həmin güclər də yerində saymayacaq. Nəzərə alın ki, rəsmi Ankara bu məsələdə Birləşmiş Ştatlarda yaşayan və xüsusi statusla mühafizə olunan Fətullah Güləni İttiham edir. Bu dolayısı ilə yox, birbaşa ABŞ-ı ittiham etməkdir. Bu hadisələrdən sonra ya diplomatik yollarla, ya da qeyri rəsmi yollarla ABŞ-la münasibətlərin qaydasına qoyulması ilə bağlı ciddi işlər görülməlidir

-Bu arada Türkiyənin Rusiyaya yaxınlaşması Qərbdə ciddi qıcıq yaratmayacaq?

-Təyyarə vurulmasına qədər Rusiya və Türkiyə arasında olan münasibətlər çox sıcaq idi. Ciddi iqtisadi münasibətlər mövcud idi. Türkiyə Birləşmiş Ştatlar və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların heç birinə qoşulmadı. Amma o da aydın görünürdü ki, ABŞ və Qərb bu istiqamətdə ciddi təkid də etmirdi. Bu o demək deyil ki, Qərb və ABŞ gələcəkdə Rusiya və Türkiyə arasında ciddi strateji müttəfiqlik olmasına reaksiya verməyəcək. Hər şeydən öncə Türkiyə NATO üzvüdür, ərazisində NATO-nun 60-a yaxın nüvə başlığı var .Amma bəlli həddə və ya məsafəya qədər ruslarla yaxınlaşma olmasına Türkiyə maraq göstərəcək. Bir məsələni də xüsusi vurğulamq istəyirəm ki, Azərbaycan üzərində nə qədər Rusiya təhlükəsi, və ya təsiri varsa, bir o qədər də Türkiyə üzərində ABŞ təsiri var. Bunlar özünü fərqli qaydada göstərə bilər, amma mahiyyət etibarı ilə biz eyni vəziyyətdəyik. Gələcək üçün bu problemdən çıxmaq olacaq , amma bu gün bu reallıqdır

-Türkiyə-Rusiya yaxınlaşması Qafqaz regionuna hansı müsbət təsir göstərə bilər?

-Bu məsələyə belə qiymət verərdim. Hər halda yaxınlaşma olarsa, bu iki dövlət üçün də qarşıdurmadan daha xeyirli olar. Paralel olaraq Qarabağ probleminin həlli məsələsində də Türkiyənin mövqeyinin ortaya qoyulmasına xidmət edər. Hələlik bu yaxınlaşmanın regional problemlərə hansı şəkildə təsir edib etməyəcəyini söyləmək çətindir. Post sovet məkanındakı konfliktlərə kənar dövlətlərin qarışması məsələsi həmişə Rusiyada qıcıq yaradıb. Amma dünyada hadisələr elə sürətlə inkişaf edir ki, hər şey fərqli də ola bilər.

Süleyman


Millət