Şriftin ölçüsü / 640

Türkiyə siyasəti daima qaynayıb

05 Avqust 2016 [16:57]
Elşən Mustafayev: "Hüquqi iddialardan əl çəkmək o demək deyil ki, siyasi mübarizə kənara qoyulacaq"
"Bir müddət sonra biz yenidən siyasi rəqabəti aydın şəkildə hiss edəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4 000 məhkəmə iddiasını geri götürüb.
Bununla bağlı ölkə prezidentinin vəkili Hüseyn Aydın məhkəməyə müraciət edib. Bundan sonra məhkəmə işləri ədliyyə nazirinə göndəriləcək və nazir də işlərə məhkəmədə baxılmasına icazə verməyəcək.

Eyni zamanda ölkə prezidenti Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalıya qarşı məhkəmə iddialarını da geri götürüb. Ərdoğanın humanist addımı yalnız iki nəfərə - Fevzi İşbaşaranla Hüseyn Aygünə şamil edilməyib.
Türkiyənin ana müxalifət partiyaları da iqtidara qarşı olan bəzi məhkəmələrdən əl çəkib.
İqtidar-müxalifət partiyaları arasında başlanmış barışıq prosesi nə qədər davam edəcək və ümumiyyətlə prosesin davamlı olacağına təminat nə qədərdir?

AMİP-in beynəlxalq katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, bu cür qarşılıqlı jestlər bir period üçün keçərlidir: "Bilirsiniz ki, belə vəziyyətin yaranmasına səbəb 15 iyuldakı dövlət çevrilişinə cəhd oldu. Həmin vaxt müxalifət çox təmkinli davrandı. Ərdoğan həmin jestin cavabını verir. Fikir verdinizsə, müxalifət partiyaları ilə onun görüşü də baş tutdu. Hüquqi iddialardan əl çəkmək o demək deyil ki, siyasi mübarizə kənara qoyulacaq. Onda gərək Türkiyədə birpartiyalı sistem olsun. Müxalifətə nə ehtiyac qalır ki? Bu barışıq jestləri hakimiyyətə qarşı tam loyallıqla müşahidə olunacaqsa, onda müxalifət tam sıradan çıxacaq. Türkiyədə siyasi dinamizm yüksəkdir. Orada belə hallara sərt reaksiya verilir. Əmin olun ki, həmin dəqiqə meydanı başqa qüvvələr tutar. Hesab edirəm ki, məhkəmə iddiaları ilə bağlı güzəşt qısa bir müddət siyasi proseslərə təsir edəcək. Türkiyə siyasəti daima qaynayıb. Hətta ən ağır çevrilişlərdən sonra belə demokratiya bərqərar olub. Yəqin ki, bir müddət sonra biz yenidən siyasi rəqabəti aydın şəkildə hiss edəcəyik".
Məhəmmədəli QƏRİBLİ