Şriftin ölçüsü / 872

Təcrübən çıxış edərək bu dəfə təşviqat qrupunun yaradılması fikrindən vaz keçdik

08 Avqust 2016 [17:41]
Partiyanın sədr əvəzi təşviqat qrupu yaratmamalarının səbəbindən danışdı

Seçki Məcəlləsinin tələbinə görə, referendumda siyasi partiyalar o halda bütün ölkə ərazisində təbliğat-təşviqat apara bilər ki, təşviqat qrupu kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınsınlar. 26 sentyabrda keçiriləcək referendumla bağlı isə hakim Yeni Azərbaycan Partiyası və Müsavat Partiyası təşəbbüs qrupları yaradıblar.

Təşəbbüs qrupları qeydiyyatdan keçdikdən sonra təşviqat qrupu kimi fəaliyyət göstərəcək. MSK onlara imza vərəqi verdikdən sonra 40 mindən artıq imza toplamalıdırlar. İmza topladıqdan sonra həmin imzalar MSK-da yoxlanacaq və qeydiyyat barədə qərar veriləcək. Referendumla bağlı təşəbbüs qrupu yaratmaq üçün son müddət isə artıq başa çatıb. Bu isə o deməkdir ki, referendumda müxalifət partiyalarından ən yaxşı halda yalnız Müsavat ölkə üzrə təbliğat aparmaq hüququ əldə edəcək. MSK Müsavatın yaratdığı "Respublika” təşviqat qrupunu qeydə alsa belə olacaq. Deməli, faktiki olaraq digər bütün müxalifət partiyaları referendumda ölkə boyu təbliğat apara bilməyəcəklər, çünki heç kim təşviqat qrupu yaratmaq üçün təşəbbüs qrupu yaratmadı. Bəzi siyasi ekspertlərin fikrincə, bu vəziyyət müxalifət partiyalarında "Heç bir təşviqat qrupunun referenduma təsir etməsi mümkün deyil” fikrinin formalaşması, eyni zamanda partiyaların təşviqat qrupu yaratmaq üçün resurslarının olmaması, özünə inamsızlıqla bağlıdır.

Ölkə üzrə təşkilatlanan siyasi partiyalardan olan AMİP-in sədr əvəzi Arzuxan Əlizadə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, siyasi ekspertlərin dediklərində müəyyən həqiqət payı olmamış deyil. Referendumun keçirilməsi barədə qərarın gözlənilməzliyi, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ictimai müzakirəyə çıxarılmaması və bütün bu prosesin onsuz da passiv mövqedə olan cəmiyyətə yay istirahət vaxtlarında təqdim olunmasından irəli gələn vaxt darlığı bu məsələdə, həlledici olmasa da, əhəmiyyətli rol oynadı: "Ümumilikdə müxalifət partiyalarının hansı səbəblərdən referendum üzrə təşviqat qrupları yaratmadıqlarına hər partiya yəqin ki, öz arqumentləri çərçivəsində aydınlıq gətirəcək”.

AMİP-in nə üçün referendumla bağlı təşviqat qrupu yaratmadığına gəlincə, Arzuxan Əlizadə qeyd etdi ki, mövcud reallıqlar və əvvəlki keçirilən referendumlar təcrübəsini nəzərə alıb bu addımı atmayıblar: "Tam səmimi olaraq onu deyim ki, ölkənin 70-ə yaxın inzibati-ərazi vahidində oturuşmuş yerli təşkilatlara malik olan Azərbaycan Milli İstiqlal Partiyası üçün Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq 60-dan artıq seçki dairəsindən 40 mindən artıq imza toplanılması həlli mümkün olmayan məsələ deyildi. Lakin AMİP olaraq, biz mövcud reallıqlardan və əvvəlki keçirilən referendumlar təcrübəsindən çıxış edərək bu dəfə referendum üzrə təşviqat qrupunun yaradılması fikrindən vaz keçdik. Bununla yanaşı, bildirirəm ki, partiya referenduma çıxarılacaq bir sıra təkliflərin qəbul olunmasının qəti əleyhinədir və həmin məsələlərlə əlaqədar AMİP-in münasibəti KİV-lər vasitəsilə, eləcə də qanunun partiyalara verdiyi digər imkanlardan yararlanmaqla ictimaiyyətə çatdırılacaq”.


Millət