Şriftin ölçüsü / 635

Suriyada vəziyyətin düzəlməsi təkcə Rusiya və Türkiyədən asılı olan məsələ deyil

12 Avqust 2016 [17:26]
Əli Orucov: "Suriyada vəziyyətin düzəlməsi təkcə Rusiya və Türkiyədən asılı olan məsələ deyil"

"Burada bir sıra güc mərkəzlərinin geosiyasi maraqları var"

Türkiyə-Rusiya münasibətlərinin yenidən normal məcraya qayıtması bu ölkələrlə qonşuluq və yaxın əməkdaşlıq siyasəti yürüdən ölkələrin narahatlığına son qoydu. Həm Türkiyə, həm də Rusiya bir-birinə tərəf qarşılıqlı addımlar ataraq, əslində korlanmış münasibətlərdən öz məqsədləri üçün istifadə edən gücləri dərindən mütəəssir etdilər.
Türkiyənin Rusiya ilə münasibətlərinin pozulmasına da məhz Suriya münaqişəsinin təsiri olub. Qərb Bəşər Əsədin dərhal istefaya getməsini, Rusiya isə Suriyada hazırkı siyasi quruluşun qalmasını istəyir. Türkiyə rəhbərliyi də belə bir çətin vəziyyətdə vaxtilə dost münasibətlərində olduğu Suriya prezidentinin getməsinin tərəfdarıdır. Türk qırıcısının rus bombardmançısını Türkiyə sərhədində vurması da bu münasibətlərin korlanmasına zəmin yaratmış oldu.
Məlum olduğu kimi, avqustun 9-da Türkiyə prezidenti Rusiyaya səfər edərək Putinlə görüşdü. Sankt-Peterburqda baş tutan görüş yüksək səviyyədə keçdi və hər iki liderin isti mesajları, dostluq çağırışları ilə yadda qaldı. Görüşdə bir sıra məsələlər müzakirə olunub. Vacib məsələlərdən biri də Suriya böhranının müzakirəsi olub. Görünən odur ki, bu məsələ hər iki dövləti narahat edir. Rusiya ilk növbədə Suriyada hazırkı hakimiyyəti qoruyub saxlamaq istəyir, dolayısı ilə Yaxın Şərqdəki ən yaxın müttəfiqini müdafiə edir. Çünki Rusiya Şimali Qafqazda İŞİD təhlükəsinin ortaya çıxa biləcəyindən narahatdır.
Türkiyənin də Suriya məsələsində ciddi narahatlıqları var. Çünki artıq Suriya münaqişəsi Türkiyənin özünü təhdid edən ciddi problemə çevrilib. Məsələ heç də terror qruplarının Türkiyəni hədəf alması, müharibədən daha çox qaçqının Türkiyəyə sığınması deyil. Türkiyə dövləti bu problemlərlə müəyyən mənada mübarizə apara bilir. İndi Suriya məsələsi Türkiyə dövlətini birbaşa təhdid edir. Söhbət Suriyanın şimalında son illərdə sürətlə güclənən və daha böyük əraziləri ələ keçirən PYD qruplaşmasından gedir.
Bütün bu deyilənlərin fonunda, məlum görüşdən sonra Suriyada proseslər bundan sonra necə inkişaf edəcək?

Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, yaxın perspektivdə Suriyada vəziyyətin müsbətə doğru dəyişəcəyi real görünmür: "Suriyada vəziyyətin düzəlməsi təkcə Rusiya və Türkiyədən asılı olan məsələ deyil. Burada bir sıra güc mərkəzlərinin geosiyasi maraqları var ki, həmin maraqlar toqquşur. O baxımdan vəziyyətin nizamlanacağı o qədər də real görünmür. Düzdür, Rusiya ciddi mənada Suriyada mövcuddur. Türkiyənin də həlledici regional ölkə olaraq Suriya prosesinə çox ciddi təsiri var. Ancaq bütün bunlar yetərli deyil. Bir şeyi də nəzərə almaq lazımdır ki, bu gün Amerika Birləşmiş Ştatları, İraqda olduğu kimi, Suriyada gedən proseslərə də təsir edir. Narahatlıq ondan ibarətdir ki, ABŞ oradakı kürd qruplaşmaları himayə edir. Belə məlumatlar var ki, Suriyanın şimalında və Aralıq dənizi sahilləri hissəsində kürdlərin dövləti yaradıla bilər. Bu da, təbii ki, Türkiyənin maraqları çərçivəsində deyil.
İndiki məqamda Rusiya ilə Türkiyə İŞİD məsələsində razılığa gəlsə, qismən də olsa, Suriyada vəziyyətin düzəlməsinə stimul verə bilər".
Vidadi ORDAHALLI