Şriftin ölçüsü / 673

Türkiyə gələcək təhlükəsizliyi üçün NATO-dan çıxmayacaq

16 Avqust 2016 [17:50]
Əli Orucov: "Türkiyə gələcək təhlükəsizliyi üçün bu addımı atmayacaq”

Rusiya - Türkiyə yaxınlaşması Ankara və NATO arasında gərginlik yaradıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi alyans tərəfindən özünə qarşı təhdid kimi qəbul olunub. Artıq NATO-dan bu görüşə və görüşdə əldə olunmuş Suriya anlaşmasına sərt təpki gəldi. Bəyanat yayan alyans bildirib ki, milli təhlükəsizliyi təhdid altında olduğu vaxt Türkiyənin ittifaqdan kənar verdiyi qərarlar yanlışdır:

"Türkiyə hələ də NATO üzvüdür, buna görə də bir sıra məsələlərdə təkbaşına qərar verməsi doğru yanaşma deyil. Türkiyə NATO-nun verdiyi qərarların içində rol oynayan əsas tərəfdaşlarından biridir”, - deyə alyansın bəyanatında deyilir. NATO-dan bildirilib ki, bır sıra məsələlərə dair qərar verməsi üçün Türkiyə müttəfiqləri ilə bunları müzakirə etməlidir, əks halda qəbul olunan qərarlar ittifaqın prinsiplərinə zidd olacaq.

Əlaqələr qopur

NATO-ya Ankaradan cavab gecikmədi. Moskvada mətbuat konfransı keçirən Türkiyənin Rusiyadakı səfiri Ümit Yıldırım bildirdi ki, NATO heç bir halda ölkəsinin xarici dövlətlərlə münasibətlərini məhdudlaşdıra bilməz: "NATO-nun Türkiyənin hansı dövlətlə, hansı formada münasibət qurmasını məhdudlaşdırmaq səlahiyyəti yoxdur. Ümumiyyətlə, NATO-nun Türkiyəyə öz qaydalarını diktə etmək və kiminlə nə danışıb, danışmayacağımızı müəyyən etmək haqqı yoxdur”.

Türkiyənin NATO-dan uzaqlaşmasını göstərən əsas detal şübhəsiz ki, xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışında gizli idi. O, Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün ABŞ-la yanaşı NATO-dan lazım olan dəstəyi ala bilmədiklərini diqqətə çatdırdı: "Türkiyə NATO-dan lazımi dəstəyi ala bilmədi. Biz öz ölkəmizin təhlükəsizliyini qorumaq məcburiyyətindəyik.

NATO üzvüyük. PKK, İŞİD hücum edir, amma NATO yoxdur. Əgər müttəfiq kimi bunları görmürsənsə, Türkiyənin alternativ axtarışlara başlaması yanlış qəbul olunmamalıdır. Heç kəs də bizə mane ola bilməz”.

"Ərdoğan artıq Qərbə ehtiyac hiss etmir”

Britaniyanın nüfuzlu qəzeti "Financial Times”a görə, NATO və Türkiyə arasında gərginliyi yaradan əsas mənbə Rusiya prezidenti Vladimir Putindir. Mənbə hesab edir ki, Putinin əsas niyyəti də Türkiyənin NATO-dan çıxmasına şərait yaratmaqdır: "Ərdoğanın Moskva səfəri Qərbin o qədər də ehtiyac hiss etməməsi deməkdir”. BBC-yə görə də, Putin Türkiyənin NATO-dakı müttəfiqləri ilə münasibətlərini qırmaq üçün əlinə düşən bütün fürsətlərdən istifadə edir: "NATO və Türkiyə arasındakı gərginlik Qərbin Suriya siyasətini risk altında qoyur. Əlbəttə, Türkiyənin NATO və Avropadakı müttəfiqləri Rusiya ilə yaxınlaşmaqdan narahat olduqları çox məsələ var. Təsəvvür edin ki, hərbi çevriliş cəhdindən sonra 16 min insan həbs olundu, minlərlə insan ictimai sektordan təmizləndi, media qurumları bağlanıldı və Ərdoğan edam cəzasının qanuniləşməsini istəyir. Hökumətin çevrilişi həyata keçirmək istəyənlərə qarşı gördüyü tədbirlər Türkiyə - NATO münasibətlərini qırmaq riskini yaratmaqla yanaşı, bu ölkənin Avropa İttifaqına gedən yolunu da bağlayır”. Mənbələr qeyd edirlər ki, Putin Türkiyəni NATO-dan qoparmaq niyyətinə getdikcə yaxınlaşır. Nəşrlər eyni zamanda Qərbdən qopan Türkiyənin Rusiya ilə yeni ittifaq, yaxud format daxilində əməkdaşlığını da istisna etmirlər və Ərdoğanın buna isti mübasibətinin olduğunu diqqətə çatdırırlar.

Ərdoğanın Putinə borcu

AKP hökumətinin çevrilişi həyata keçirən FETÖ-nün siyasi və hərbi sistemdəki şəbəkəsinə qarşı gördüyü tədbirlərə ABŞ, Avropa İttifaqı və ABŞ-dan sərt reaksiya gəldiyi halda, Putin hətta Ərdoğanın qiyamçılara qarşı edam cəzasının qanuniləşdirilməsi tələbini də dəstəklədi. Təsadüf deyil ki, çevrilişə cəhddən sonra Ərdoğana ilk zəng vuran xarici dövlət başçısı da Putin idi. Kreml başçısı telefon danışığında Türkiyənin demokratik hakimiyyətini və həmkarının Konstitusiya dəyişikliyi təşəbbüsünü dəstəklədi. Ərdoğanı devrilməkdən rus kəşfiyyatı xilas etdi. Çevrilişə cəhddən bir neçə saat əvvəl Moskvadan Ankaraya zəng oldu və bildirildi ki, ordu İstanbul və Ankarada hərbi çevrilişə cəhd edəcək. İndi Ərdoğan düşünə bilər ki, əgər bu gün hakimiyyətdə və azadlıqdadırsa, bunun üçün Putinə borcludur. Bu faktoru nəzərə alan analitiklər hesab edirlər ki, AKP NATO ilə münasibətlərini və Rusiyanın iştirakıyla yeni ittifaqın qurulmasını nəzərdən keçirə bilər. Ehtimal olunur ki, ABŞ və NATO Ərdoğanın Konstitusiya dəyişikliyi layihəsinə dəstək vermədikcə, hərbi çevrilişə cəhd edən FETÖ terror təşkilatının lideri Fətullah Gülən Ankaraya ekstradisiya edilmədikcə Türkiyə - NATO, Türkiyə - ABŞ münasibətləri qaydasına düşməyəcək. Münasibətlərin bu formada davam edəcəyi və Qərbdən sərt təpkilərin gəlməsi davam edəcəyi halda da əlaqələrin qırılması istisna olunmur. Analitiklərə görə, Putin NATO-nu Türkiyədən qismən qopara bilib.

"Avropa hər iki dövləti təcrid etmək istəyir”

AMİP Siyasi şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə bildirib ki, Rusiyanın Türkiyəni NATO-dan qoparmaq cəhdləri uğursuz olacaq. Ə.Orucov hesab edir ki, Rusiya heç vaxt Türkiyə vasitəsilə alyansı parçalamağa cəhd etməz: "Türkiyə NATO-nu tərk etməyəcək. Əslində Rusiya və Türkiyəni birləşdirən başqa səbəblər var. Hər iki dövlət indiki məqamda Avropa tərəfindən təcrid siyasətinə məruz qalır və hər iki dövlət Avropa üçün təhlükə hesab olunur. Eyni zamanda, Türkiyə və Rusiyanın Avropaya baxışları da üst-üstə düşür, paralel olaraq fərqli yanaşmaları da var. Bu baxımdan Rusiya Türkiyə ilə nə qədər isti münasibətlərə can atsa da, Türkiyə gələcək təhlükəsizliyi üçün NATO-dan çıxmayacaq. Türkiyə də NATO üçün ən önəmli tərəfdaşdır. Hesab etmirəm ki, Rusiya və Türkiyə arasında hansısa ittifaq yaranacaq və qardaş ölkə NATO-nu tərk edəcək”.