Şriftin ölçüsü / 445

Avropa Ittifaqı Türkiyəni sıralarına qəbul etməyəcək

19 Avqust 2016 [16:04]
Avroittifaqla Türkiyənin üzvlükdən fərqli hansısa əməkdaşlıq formatı barədə məsələ gündəmə gətirildi

Arzuxan Əlizadə: "Belə bir format Türkiyədən çox Aİ-nin maraqlarına hesablanıb"

"Hər dəfə danışıqlarda Ankaranın qarşısına yeni şərtlər qoyurlar"

Avstriyanın federal kansleri Kristian Kern Avropa İttifaqına saxta üzvlük danışıqlarının davam etdirilməsi əvəzinə Türkiyə ilə əməkdaşlığın digər formaları ətrafında müzakirələrə başlamağı təklif edib. Avstriya Mətbuat Agentliyinə müsahibəsində hökumət rəhbəri K.Kern bildirib ki, Aİ və Türkiyə iqtisadiyyat, təhlükəsizlik və miqrasiya sahələrində əməkdaşlıq planı üzərində iş aparmalıdır:
"Üzvlük danışıqları fiksiyasından əl çəkmədikcə, biz əməkdaşlığın yeni formasını inkişaf etdirmək üçün yaranmış vaxtdan da yararlanmayacağıq".
K.Kernin fikrincə, danışıqlar prosesi sayəsində Türkiyəni Aİ-yə yaxınlaşdırmağın mümkünlüyünə dair hipotez özünü doğrultmayıb. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin rəsmi Ankara ilə danışıqların aparılmalı olduğunu, lakin Türkiyənin İttifaqa üzv qəbul edilməyəcəyinə aid fikirlərini tənqid edən kansler bu məsələyə kifayət qədər aydınlıq gətirilməsinin vacibliyini bildirib.
Mövcud qaçqın problemi ilə bağlı K.Kern vurğulayıb ki, Türkiyə Aİ ilə əldə edilmiş razılaşmanı qüvvədə saxlamaqda maraqlı tərəfdir: "Əgər bu razılaşma üzvlük danışıqları illüziyasından asılıdırsa, onda bu həqiqətən də böyük problemdir".
Avstriyanın Türkiyədə baş verən çevriliş cəhdini qətiyyətlə pislədiyini vurğulayan K.Kern qiyamın törədilməsində günahkar hesab edilən Fətullah Gülənə qarşı heç bir rəğbət və anlayışla yanaşmadığını da qeyd edib.
Maraqlıdır, Avstrya kansleri Türkiyə ilə əməkdaşlığın digər formaları ətrafında müzakirələrə başlanmalıdır deyərkən nəyi nəzərdə tutur? Ümumən bu nə deməkdir?

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, burada söhbət əsasən Aİ-nin maraqlarına uyğun olan məsələlərdə əməkdaşlıq edilməsindən gedir: "Əvvəla Aİ-nin Türkiyəni sıralarına qəbul etməyəcəyi məlumdur. Baxmayaraq ki, ötən illər ərzində bununla bağlı bir sıra vədlər verildi, qardaş ölkə buna yönəlik çoxsaylı islahatlara getdi. Ancaq son dövrlər bir daha aydın oldu ki, Aİ həqiqətən də bunda maraqlı deyil. Bunun bir sıra səbəbləri var. Əvvəla Türkiyə müsəlman ölkəsidir. Üstəgəl, qardaş ölkə əhalisinin sayı əksər Avropa ölkəsinin əhalisinin sayından dəfələrlə çoxdur. Avropada yalnız Almaniya əhalisinin sayı Türkiyədən çoxdur. Digər tərəfdən, Avropa əhalisindən fərqli olaraq, türk cəmiyyəti dinamikdir. Ona görə də düşünürlər ki, Türkiyənin Aİ-yə üzv olması bir çox Avropa ölkələrini kölgədə qoyacaq. Ən başlıcası, Türkiyə Avropada dominant mövqeyə malik olacaq. Ona görə də hər dəfə danışıqlarda Türkiyənin qarşısına yeni şərtlər qoyurlar. Aİ-nin Türkiyə ilə əməkdaşlıq formatına gəldikdə isə, hesab edirəm ki, buna da birmənalı prizmadan yanaşmaq olmaz. Belə bir format Türkiyədən çox Aİ-nin maraqlarına hesablanıb. Aİ istəyir ki, miqrant məsələsində rəsmi Ankara ilə yaxından əməkdaşlıq etsin. Çünki Yaxın Şərqdən Aİ ölkələrinə miqrant axını onları narahat edir. Eyni zamanda, onlar ticarət-gömrük məsələlərində özlərinə sərf edən formada əməkdaşlıqda maraqlıdır".
Vidadi ORDAHALLI


Millət