Şriftin ölçüsü / 838

Azərbaycanda repressiyalar davam edəcək

19 Avqust 2016 [16:06]
Əli Orucov: "REAL hakimiyyət üçün təhlükə yaratmırdı”

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərlinin həbsi siyasi mövqeyinə görə repressiyaların artacağından xəbər verir. Qeyd edək ki, N.Cəfərli avqustun 12-də saat 23 radələrində respublika prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və barəsində 4 ay həbs qərarı verilib.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə şərhində bildirib ki, bu cür həbslər Avropanı qızışdırmağa hesablanıb. Onun sözlərinə görə, Azərbaycanda həbs tendensiyası davam edəcək: "Əvvəlcə qeyd edim ki, Natiq Cəfərlinin həbsi mənim üçün gözlənilməz idi. Çünki nə Natiq Cəfərli, nə də onun mənsub olduğu qurum hakimiyyət üçün o qədər də təhlükə yaratmırdı. Amma burada başqa bir məsələ var. Azərbaycan iqtidarı Avropanı yenidən qıcıqlandırmaq istəyir və Avropayönümlü insanları həbs etməklə onlara meydan oxuyur. Siyasi məhbus məsələsindən Azərbaycan iqtidarı hər zaman bir alver, manipulyasiya kimi istifadə edir. Bundan da necə lazımdırsa bəhrələnib, nəticə də alıb.

Ona görə də bu siyasi məhbus məsələsinin kökündən həlli lazımdır. Çünki dünən birini azad edirlər və bu gün əvəzinə yenisini tuturlar. Son zamanlar həbs olunanların hamısı da eyni maddə ilə tutulur. Bu, onu göstərir ki, Azərbaycanda repressiyalar davam edəcək. Bundan sonra da həbslər gözləniləndir.

Xüsusilə də Avroatlankika məkanına inteqrasiyanın tərəfdarı olanların həbs olunması gözlənilir. Burada Rusiya faktoru da var. Hər-halda bu, həbslər yaxşı hal deyil. Çünki bu ölkənin beynəlxalq imicinə mənfi çalarlar gətirir. Onsuz da bizim beynəlxalq münasibətlərimiz yaxşı səviyyədə deyil”.



Vilayət Muxtar


Millət