Şriftin ölçüsü / 807

General əzilən Qazinin deyil, Mərkəzi Hərbi Sanatoriyanın rəisinin müdafiəsinə qalxdı

24 Avqust 2016 [15:03]
Bir neçə gün öncə Moderator.az-a Müdafiə Nazirliyi Mərkəzi Hərbi Sanatoriyasının rəisi Vidadi Əliyev haqqında bir qrup şikayətçi tərəfindən ittiham dolu məktub daxil olmuşdu.

Məktubu sayta yerləşdirdikdən sonra nazirliyin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev şikayət məktubunda yer alan ittihamların həqiqəti əks etdirmədiyi barədə saytımıza cavab məktubu göndərmişdi.

Şikayətçilər təkrar saytımıza göndərdikləri məktubda generalın fikirləriylə razılaşmadıqlarını bildiriblər:

"Ötən həftə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında baş verən bir qisim qanun pozuntuları mətbuatda işiq üzü görmüşdü. Bunu ardınca Nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev açıqlama verərək deyib:..."faktlar” təsdiqini tapmayıb və böhtan xarakteri daşıması bəlli olub”. Açığı gözləyirdim ki, başda general-mayor N.Əliyevin rəhbərlik etdiyi idarə olmaqla müvafiq qurumlar yazıda gedən faktları və məlumatları araşdırıb nöqsanları aradan qaldıracaq, gühakarlar isə cəzalandırılacaqlar. Əksər hallarda olduğu kimi yenə də inkarçılıq, qərəz axtarmaq tendensiyası işə salındı.

Buna baxmayaraq Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general - mayoru Natiq Əliyev qeyd olunan ittihamlarla bağlı baş İdarənin mövqeyini ortaya qoymasını təqdir etməyə çalışdıq. Ən azından operativliyə, mövzunun həssaslığına və mətbuata açıq olduğuna görə göstərdiyi öz üslubuna uyğun münasibəti hər halda dəyərləndirmək lazımdır.

Əvvəla, qeyd edək ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Sanatoriyasının rəisi, tibb xidməti polkovnik-leytenantı Vidadi Əliyevin tibbi savadı, haradan məzun olması, Daxili Qoşunlarda xidmət edib-etməməsi mənim üçün əsas məsələ deyil.

Natiq Əliyev Mərkəzi Hərbi Sanatoriyanın fəaliyyəti ilə bağlı məqalədə göstərilən hər bir məqam üzrə tərəflərindən araşdırma aparılıb qeyd olunan faktların öz təsdiqini tapmadığı və böhtan xarakterli olduğunu qeyd edir.

Amma bir gün ərzində qeyd olunan faktların tez bir zamanda araşdırılması və nəticəyə varılması xeyli təəccüb doğurdu.

Məqalədə qeyd olunan faktlarla əlaqədar adı çəkilən şəxslərlə bağlı öz mövqeyini ortaya qoyan generala bəzi məqamları bir daha xatırlatmağı lazım bildik. Öncə gəlim Sanatoriyanın gözətçisi vəsifəsində işləyən 2-ci qrup Qarabağ Qazisi Xudiyev Elşən barəsində:

Əslən Qubadlı rayonundan olan, Qarabağ əlili Elşən Xudiyevi Siz yəqin ki, tanıyırsınız.
V.Əliyevin özbaşınalıqlarından bezən Elşən Xudiyev Müdafiə Nazirinin adına teleqramla müraciət edəndə 2016-cı ilin yanvar ayında onu qəbul etmisiniz, şikayətçini dinləmisiniz, problemləri ilə maraqlanmısınız. Ona "Get başını aşağı sal işlə, bir daha belə işlər olmaz”-demisiniz.

Elşən Xudiyev 2016-cı ilin yanvar ayının 25-də Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki Elxan İbrahimovun qəbulunda təkrar olub. Yenə eyni qaydada qəbul etmiş və heç bir problemi olmayacağını, başını aşağı salaraq öz işinə davam etməsini demişlər.

Siz eyni zamanda bu barədə Sanatoriyanın rəisi Vidadi Əliyevə tapşırmısınız ki, Elşən Xudiyevlə işi olmasın. 2-ci qrup əlil Elşən Xudiyevin Müdafiə Nazirliyinin adına vurulmuş teleqrama baxılması və araşdırılması üçün Mərkəzi Hərbi Sanatoriya rəisinin qəbuluna göndərilib. Siz isə yuxarıda qeyd olunan faktların olmadığını qeyd edirsiniz. 2016-cı yanvar ayının 25-də Elşən Xudiyev mühafizə bölmə rəisi vəzifəsindən uzaqlaşdırılaraq Sanatoriyada mühafizəçi vəzifəsində işləyir. Bunun səbəbi isə Elşən Xudiyev həmin gün Nazirlikdə polkovnik Elxan İbrahimovun qəbulunda olması və buna görə Vidadi Əliyevin qəzəbinə gəlməsidir. Həmin tarixdən bu günə kimi Qarabağ qazisinin sonrakı taleyi ilə heç maraqlanıldımı? 6 ay ərzində dalbadal cəzalandırılan bir Qazinin ümidlərinin öldürülməsi, 6 ay ərzində 25% mükafatının kəsilməsi heç sizi narahat etmədimi? Bizlər isə Elşənin sabahından narahatıq. Vətən üçün qazi olan, ağır zədə alan Elşən Xudiyev kimi oğulların göz görə-görə diri-diri öldürülməsinə yol verməyin, cənab general.

Bu kimi halların haradan qaynaqlandığını, mənbəyini və təşkilatçısının sizə məlum oduğunu qeyd edirsiniz.

Cənab general, biz Sizin səlahiyyət sahibi olduğunuzu bilirik. İnanırıq ki, məqalədə adarı çəkilən şəxslərin probemlərinin həllinə kömək edəcəksiniz. Namiz Ağayevin, Elşən Xudiyevin və başqalarının haqlarının pozulmasına yol verməyəcəksiniz. İnanırıq ki, polkovnik-leytenant Vidadi Əliyev kimi insanların arxasında dayanaraq məzlumların haqlarının tapdalanmasına göz yummayacaqsınız. Biz Vidadi Əliyevin arxasında kimlərin dayandığını, onu himayə etdiyini də bilirik.

Respublika Hərbi Prokrorluğunda gedən araşdırmada da hansı formada kimlərin kömək etdiyini də bilirik, kimin Namiz Ağayevlə görüşərək Vidadi Əliyevla bağlı yazdığı şikayət ərizəsinin geri götürməsini tələb etdiyindən də məlumatımız var.

Sizin müdafiə etdiyiniz-tabeliyinizdə olan bir müəssənin rəisi öz generalının, rəisinin əmrini eşitmirsə bunun səbəbini soruşmaq sizin səlahiyyətinizdədir. Məqalənin əvvəlində ordu quruculuğu ilə bağlı Dövlətimizin gördüyü uğurlu işlərlə bağlı qeydlər etmişik. Şəxsi qərəzlik prinsipindən uzaq olaraq qeyri-konstruktiv xarakter daşımayan bu yazı Sizin qeyd etdiyiniz kimi hərbi qulluqçularımızın işgüzar nüfuzuna zərbə vurmaq, xələl gətirmək məqsədi ilə deyil, əksinə, Sizin kimi generalların işgüzar nüfuzunu qorumaq üçündür.

Cənab Əliyev, hər bir şikayətin arxasında bir insan taleyi olduğunu unutmayaraq, Müdafiə Nazirliyinin uğurlarına kölgə salanları müdafiə etməyin. Siz yəqin bilirsiniz ki, polkovnik-leytenant Vidadi Əliyev Hərbi Prokrorluğa ifadə verməyə gedən sanatoriya əməkdaşlarını təzyiqlə ifadəsini dəyişməyə məcbur edir. Elşən Xudiyevin, Həsənova Raminənin Müdafiə Nazirliyinə vurmuş olduğu teleqram və müraciətlər, Namiz Ağayevin vermiş olduğu rüşvəti geri istəyərkən söyüş və təhqirlə qarşılaşması səbəbindən dəyişik orqanlara müraciət etməsi əlbət ki, uğurun deyil, idarəetmədə olan səhv təyinatın nəticəsidir.

Güman edirik ki, Sizlər bu işin sonuna gedəcəksiniz. Elşən Xudiyevi öz əvvəlki iş yerinə bərpa edəcəksiniz, 6 aylıq mükafatının geri qaytarılmasına kömək göstərəcəksiniz.

İnanırıq ki, bir gün məşhər ayağında olanda da, Ali Baş Komandan cənab İlham Əliyev və Müdafiə Naziri, cənab Zakir Həsənov da hesab tələb edəndə cavab verə biləcəksiniz.

Qarabağ bizim müqəddəs yerimiz, vətənimizin bir hissəsidir. Nə qədər həssas mövzu olduğunu bilirsiniz. Siz tibb xidməti polkovnik-leytenant Vidadi Əliyevin Qarabağda döyüşən insanlarla bağlı dediyi ifadənin yalan və böhtan olduğunu güman edirsiniz. Biz isə sizlərə məhkəmə orqanları vasitəsilə həqiqətin ortaya çıxmasının mümkünlüyünü xatırlatmaq istəyirəm ki, tabeçiliyinizdə olanlar da öz yerini bilsin.

Deyirsiniz ki, cari ilin sonuna hələ 5 ay qalmasına baxmayaraq büdcəyə artıq 70.000 manat məbləğində vəsait ödənilib. Amma bu o qədər öyüləsi məbləğ deyil, 160 nəfər kollektivi olan bir sanatoriya üçün. Müqayisə aparılsa sanatoriyanın rəisi Vidadi Əliyevə məxsus olduğu deyilən "Onurğa” klinikasının büdcəsinə daxil olan həftəlik vəsaitdən bəlkə də az olar.

Və nəhayət, "Tibb müəssisəsinin uğurları və problemləri rəhbərliyin diqqətindən kənarda qalmadığı kimi, bu məsələnin də sonadək araşdırılacağı və qanunauyğun müvafiq tədbirlərin görüləcəyi heç kimdə şübhə doğurmamalıdır”, fikirlərini də mətbuata qarşı təhdid kimi qiymətləndiririk. Yaxşı olardı ki, deyilən faktların araşdırılmasını təmin edəsiniz və tabeçiliyinizdə olan sanatoriyada anarxiyaya son qoyaraq, qayda-qanun yaradasınız. Ən azından general sözünün polkovnik-leytenant tərəfindən yerinə yetirilməsinə nail olun. İkincisi də, o insanlar qorxsun ki, itirəcək çox şeyləri ola bilər".


Millət