Şriftin ölçüsü / 831

Türk Ordusunun tezliklə qarşısına qoyulan hədəflərə çatacağına heç kimin şübhəsi olmamalıdır

29 Avqust 2016 [17:30]
Ekspertlər Türk ordusunun Suriyaya girişi barədə: Ankaranın nüfuzu artacaq

Türkiyə ordusunun Suriya sərhədlərini keçərək bu ölkədə terrorçu İŞİD və PYD qüvvələrinə qarşı hərbi əməliyyatlara başlaması Azərbaycanda da maraqla izlənilir. Söhbət etdiyimiz politoloqlar Türkiyənin aylardan bəri gözlənilən bu addımını müsbət dəyərləndirirlər.

Türk ordusunun Suriyaya daxil olmasını zəruri sayan politoloq Əli Oruclu hesab edir ki, Türkiyə hələ bir qədər gecikib: "Suriyada artıq siyasi sistem çöküb, dövlət öz funksionallığını itirib. Əsəd hakimiyyətini ancaq məhdud ərazidə və xarici güclərin, İran və Rusiyanın fəal dəstəyi ilə saxlamaqdadır. Suriyada instisional qurumlar deyil, ayrı-ayrı radikal dini və silahlı qüvvələr nəzarət və hakimiyyət sahibidir. Bu isə təkcə Suriya üçün deyil, Türkiyə üçün də ciddi təhdid yaradırdı. Terrorçu qruplaşmaların nəzarət etdiyi ərazilərdən Türkiyəyə asanlıqla sızaraq, orada terror hücumları və təxribatlar törədilməsi Ankaranı narahat etməyə bilməzdi”.

Bir müddət əvvəl rəsmi Ankaranın Türkiyə ilə Suriya sərhədləri boyunca Suriyanın içərilərinə döğru 10 kilometrlik məsafədə uçuşa qadağa qoyulması və bufer zona yaradılması təşəbbüsü ilə çıxış etdiyini xatırladan müsahibimizə görə, buna baxmayaraq koalisiya qüvvələri və müttəfiqlər, həmçinin Rusiyayla İran buna qarşı çıxmışdılar. Dediyinə görə, lakin Qaziantepdə böyük insan tələfatı ilə baş verən terror aktı bir daha göstərdi ki, Türkiyə kənardan izləməklə terrorla mübarizədə müsbət irəliləyişlərə nail ola bilməyəcək və İŞİD-PYK-PKK hücumları artıq o qədər intensiv və qorxunc hal alıb ki, hətta Türkiyənin bir dövlət kimi varlığına, stabilliyinə böyük təhlükə yaradıb. "Doğrudur, Rusiya Türkiyənin Suriyanın ərazisində hansısa hərbi əməliyyatlar aparmasına qarşı çıxırdısa, iki ölkə arasında münasibətlərin normallaşması Kremli bir qədər münasibətləri yumşaltmağa sövq etdi. Eyni zamanda, Suriya probleminin getdikcə uzanması İran üçün də qəbul edilməzdi. Türkiyə anladı ki, Qərbin astagəlliyi, Suriya, eləcə də İraqda müharibənin davam etməsinə maraqlı olması, açıq şəkildə kürd separatizminə hər cür açıq dəstək verməsi gec-tez İraq-Suriya boyunca Türkiyə sərhədlərinə bitişik geniş coğrafi ərazidə məskunlaşan kürd silahlıları, terror qruplaşmaları ilə mübarizə aparmağı çətinləşdirəcək”.

Oruclu onu da qeyd etdi ki, rəsmi Ankaranın Əsədə qarşı məvqeyində kəskin fərq yaranıb. Onun sözlərinə görə, Ankara da keçid dövründə Əsədin qalmasına əvvəlki kimi qarşı çıxmır. "Məncə, Türkiyə İŞİD-PKK-YPG-PYD əməkdaşlığına və birliyinə qarşı effektiv mübarizə aparmaq üçün Rusiya və İrandan başqa hətta Əsədlə də əməkdaşlıq etməlidir. Çünki Suriyanın parçalanmasına, yaxud da federallaşmasına qətiyyən imkan vermək olmaz. İraqdakı səhvlər təkrar olunmamalıdır. Ən pis variantlar içərisində yaxşısını seçmək məhz hazırkı hakimiyyətin Suriyanın bütövlüyünə yönəlik addımlarına dəstək verilməlidir. Ola bilsin kənardan Türkiyənin münaqişəyə cəlb edilməsi ilə onun Suriya bataqlığına salınması təəssüratı yaransın. Lakin Türkiyənin milli təhlükəsizliyinə real təhdidlər artmaqdaykən, bir dövlət kimi varlığına, stabilliyinə qəsd edilməsinə qalxışılarkən seyrçi mövqedən baxmaq da olmaz. Türk ordusunun tezliklə qarşısına qoyulan hədəflərə çatacağına isə heç kimin şübhəsi olmamalıdır. Terror yuvası dağıdılmayana qədər Türkiyədə stabillik mümkün deyil”.

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, bu, Türkiyənin birtərəfli qaydada həyata keçirdiyi hərbi əməliyyatlar deyil. Onun sözlərinə görə, qardaş Türkiyə Suriyada hərbi əməliyyatları koalisiya qüvvələrinin tərkib hissəsi olaraq həyata keçirir. Mirzəbəyli güman edir ki, hərbi əməliyyatların həyata keçirilməsində Türkiyə və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşü də rol oynayıb. "İŞİD-ə qarşı hərbi əməliyyatların qarşılığında Ankaranın silahlı kürd separatçılarına qarşı mübarizədə digər koalisiya qüvvələrinin, o cümlədən Rusiyanın dəstəyini alması da mümkündür”, - deyən politoloq hesab edir ki, Suriyadakı hərbi əməliyyatlar Türkiyənin qonşu dövlətlərlə münasibətlərində hər hansı bir problem yaratmayacaq.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Türkiyə bu addımı Rusiya ilə razılaşdırıb: "Türkiyə hakimiyyəti Kremllə barışmağa qərar verdikdə, Ərdoğan Putinə "üzr istəyirəm” məzmunlu məktub göndərdikdə bəziləri Ankaranın bu addımını qınadı, hətta "rus turistinə görə bu qədər alçalmağa dəyərdimi” sualını səsləndirənlər tapıldı. Əlbəttə, Ərdoğanın Putinlə barışmasının iqtisadi, ticarət, enerji və turizm ayağı ağır basırdı, ancaq dünən anlaşıldı ki, barışın əsas səbəbi Suriya idi. Nədən? Türkiyə əvvəlkitək Rusiya ilə küsülü vəziyyətdə olsaydı, bu gün Türkiyə ordusu rahatlıqla sərhədi keçib Suriyada söz və mövqe sahibi olmayacaqdı. Çünki Rusiya Türkiyə tərəfindən vurulan təyyarənin intiqamını almaq istəyirdi. İndi isə Rusiya Türkiyənin Suriyaya hərbi müdaxiləsinə sərt reaksiya bildirmir, əksinə İŞİD-lə mübarizə cəbhəsinin genişlənməsi Kremlin də maraqlarına cavab verir”.

Şahinoğlu bildirdi ki, Türkiyənin bu addımı onun bölgədəki nüfuzunu artıracaq. Onun sözlərinə görə, Suriyadakı proseslər birbaşa Türkiyəyə mənfi təsir edirdi. "Silahlı kürd qruplaşmaları, Suriyanın dağılması, terror hadisələri və s. bunların hamısı Suriyadan Türkiyəyə təsir edirdi. Son zamanlar Rusiya, İran, ABŞ-ın orada varlığı mövcud idi, bu və ya digər dərəcədə hərbi əməliyyatlarda iştirak edirdilər. Bir tək Türkiyə aktiv deyildi. Ona görə də Türkiyə doğru qərar verdi, sərhədə yaxın əraziyə qoşunları yeritdi və İŞİD-lə savaşa başladı.

"İlk növbədə İŞİD artıq Türkiyədə böyük problemlər yaradırdı. Digər tərəfdən də, bu cür əməliyyatla Türkiyə artıq Suriyada öz varlığını da göstərir. Bununla da mesaj verir ki, Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır, Suriya ərazisində kürd dövlətinin yaranmasına imkan verməyəcək” deyən həmsöhbətimizə görə, Türkiyənin İŞİD-ə qarşı başlatdığı bu əməliyyat hər kəsin, o cümlədən ABŞ-ın marağına cavab verir: "Bilirsiniz ki, ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyədədir. Bunun da çox müsbət bir təsiri olacaq. Digər tərəfdən, bu əməliyyat Rusiyanın da, eləcə də Suriya hakimiyyətinin özünün də maraqlarına cavab verir. Baxmayaraq ki, Suriya prezidenti Bəşər Əsədlə Türkiyə hakimiyyəti arasında çox ciddi fikir ixtilafı var. Ancaq Bəşər Əsəd özü də bilir ki, Türkiyə Suriyanın parçalanmasını istəmir. Çünki Suriyanın parçalanması Türkiyənin maraqlarına cavab vermir”.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Türkiyə ordusunun Suriyada apardığı hərbi əməliyyat məhdud miqyaslı və müəyyən vaxtı olan əməliyyatdır. "Türk ordusu Suriyada İŞİD-in müəyyən qruplaşmasını məhv edib ordan çıxacaq. Ola bilər ki, Türkiyənin Suriyada İŞİD-ə qarşı əməliyyatları davamlı olsun. Amma mən düşünmürəm ki, İŞİD-in genişmiqyaslı müqavimət üçün gücü olsun. Ona görə də yəqin ki, türk ordusu qruplaşmanı vurub Suriyadan çıxacaq. Türkiyənin məqsədi Suriyada çox qalmaq deyil”.

Əlizadənin fikrincə, Türkiyənin bu addımı atmağında başqa məqsədi yoxdur. Onun sözlərinə görə, məqsəd yalnız terror təhlükəsi olan İŞİD qüvvələrini vurmaqdır: "O cümlədən terror təşkilatı PKK-nın qanadı olan Suriya kürdlərinin qüvvələrini - PYD-ni də vuracaq. Türkiyə göstərəcək ki, zarafatı sevmir”.
Aqil ASLAN