Şriftin ölçüsü / 666

Əgər dialoq təklifi reallaşacaqsa...

29 Avqust 2016 [17:46]
İkram İsrafil: "Hakimiyyət referendumla bağlı debatlar, müzakirələr istəmir”;

Sərdar Cəlaloğlu: "Artıq referenduma daxil edilən məsələlər təsdiq olunub, belə vəziyyətdə bu dialoqda nə müzakirə olunacaq?”; Arzuxan Əlizadə: "Müzakirələrin predmeti ölkə konstitusiyasına ediləcək mühüm dəyişikliklər olacaqsa, bundan imtinanı doğru hesab etmirəm”"

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumla bağlı uzunmüddətli müşahidə missiyası həyata keçirir. AVCİYA-nın rəhbərliyinə daxil olan şəxslərin keçirdiyi son mətbuat konfransında məlumat verilib ki, referendum öncəsi hakimiyyətlə müxalifət arasında dialoq keçirilməsi üçün təklif irəli sürməyi düşünürlər. Bəs, müxalifət düşərgəsi referendumla bağlı hakimiyyətlə dialoqa hazırdırmı?

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, əgər dialoq təklifi reallaşacaqsa bu məsələ partiyanın müvafiq qurumlarında müzakirə olunacaq: "Hakimiyyətlə müxalifətin dialoqu ilə bağlı hər hansı təşəbbüs irəli sürülməsindən xəbərsiz olsam da, onu deyə bilərəm ki, belə təkliflər bir qayda olaraq hakimiyyətlə razılaşdırıldıqdan sonra verilir. Əgər dialoq təklifi reallaşacaqsa, bu məsələ Partiyanın müvafiq qurumlarında müzakirə olunacaq. Azərbaycan Milli İstiqlal Partiyası hər zaman ümummilli və ölkə əhəmiyyətli məsələlərin müzakirəsinin tərəfdarı olub və hesab edirəm ki, bu dəfə də istisna olmayacaq. Amma o da şərtdir ki, müzakirə olunmalı məsələlər çox olsa da, bu müzakirələrin əvvəlcədən müəyyən olunmuş və razılaşdırılmış predmeti olmalıdır. Dialoqun yalnız referendumla əlaqəli olması nəzərdə tutulursa bunu bir qədər gecikmiş təklif də hesab etmək olar. Belə təklif ”Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul tarixli Sərəncamından dərhal sonra edilsə, daha səmərəli olardı. Ümumiyyətlə isə referenduma çıxarılacaq məsələlərin ictimai müzakirəsi də keçirilməli idi. Amma hesab edirəm ki, heç müzakirə etməməkdənsə hər halda gec də olsa mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə etmək daha doğrudur. Xüsusilə də əgər bu müzakirələrin predmeti ölkə konstitusiyasına ediləcək mühüm dəyişikliklər olacaqsa belə müzakirələrdə iştirakdan imtina edilməsini doğru hesab etmirəm".

Müsavat Partiyasının Divan üzvü İkram İsrafil bildirdi ki, hakimiyyət referendumla bağlı debatların keçirilməsini istəsəydi, Müsavatın yaratdığı "Respublika” təşviqat qrupunu qeydə alardılar və referendumla bağlı debatlar, dialoq efirdə xalqın qarşısında keçirilərdi: "Müxalifət düşərgəsində yeganə olaraq yaradılan təşviqat qrupunu qeydə almamaq o deməkdir ki, hakimiyyət referendumla bağlı debatlar, müzakirələr istəmir. Belə bir fakt ortada olduğu halda indi hansı debatdan söhbət gedə bilər? Yeganə müxalifət təşviqat qrupunu qeydə almayıb, sonra da müxalifətlə referendum dialoqu keçirilməsinin məntiqi yoxdur”.

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, referendumla bağlı dialoqa artıq ehtiyac yoxdur, çünki artıq gecdir: "Artıq referendum xeyli vaxtdır elan edilib, referenduma çıxarılan konstitusiya dəyişiklikləri artıq bəllidir və bu dəyişikliklər müxalifətlə heç bir şəkildə müzakirə edilməyib. Referenduma az qalmış keçirilən dialoq nə verəcək? İqtidar öz istədiyi dəyişiklikləri Konstitusiyaya etmək üçün addımları atıb, referenduma az qalıb. Fərz edək ki, dialoq oldu və müxalifət referendum aktına təkliflər irəli sürdü. O təklifləri oraya əlavə etmək və ya referendum aktında dəyişiklik etmək axı mümkün deyil. Beləliklə də dialoqun real nəticəsi olmayacaq. Bundan sonra keçirilən dialoq uzağı dünyada referenduma demokratik don geydirmək məqsədi daşıya bilər.

Bu dialoqla göstərmiş olarlar ki, referendum ərəfəsində iqtidarla dialoq şəraitindədir. Ona görə də özümüzü aldatmağa ehtiyac yoxdur. Şəxsən mən bu cür dialoqa zərurət görmürəm. İndiki halda tutaq ki, biz bu dialoqa getdik. Ortaya sual çıxır ki, dialoqun məqsədi nədir?

Artıq referenduma daxil edilən məsələlər təsdiq olunub, belə vəziyyətdə bu dialoqda nə müzakirə olunacaq? Biz tutaq ki, getdik o dialoqa və sübut elədik ki, referenduma çıxarılan filan məsələlər zərərlidir. Məgər bu zaman iqtidar referendumu dayandıracaq, yaxud həmin zərərli məsələləri referendumdan çıxaracaq? Yaxud bizim hansısa təklifimizi referendum aktına daxil edə biləcəklər? Axı referendum aktı təsdiqlənib və proses başlayıb, geriyə yol yoxdur. Referendumla bağlı iqtidar-müxalifət dialoqunun vaxtı ötürülüb. Bu dialoq referendum elan edilməmişdən öncə, referenduma çıxarılacaq məsələlər ətrafında müzakirə aparmaq üçün təşkil edilməli idi ki, siyasi partiyalar da təkliflərini versinlər. İndiki halda isə bütün müxalifət partiyaları referendumla bağlı öz mövqelərini ortaya qoyublar və hər şey tam aydındır, dialoqa ehtiyac yoxdur. Biz görüntü xatirinə dialoqun əleyhinəyik”.


Millət