Şriftin ölçüsü / 943

Rəhmətə getmiş insanın sağlam orqanlarından istifadəyə ilk öncə qanun icazə verməlidir

03 Sentyabr 2016 [14:13]
Bütün dünyada olduğu kimi, Azərbaycanda da meyiddən orqan transplantasiyasına böyük ehtiyac var. Çoxsaylı insanlar var ki, yaşayaraq sağ qalması üçün artıq vəfat etmiş adamların sağlam orqanlarının transplantasiyasına ehtiyac duyur. Lakin məsələ ondadır ki, Azərbaycanda orqan transplantasiyasına ehtiyac olsa da, qanunvericilik buna imkan vermir. Yəni, mövcud qanunvericilikdə belə bir addımın atılması qadağandır.

Qeyd edək ki, Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikaların yaradılacağı barədə də dəfələrlə müxtəlif fikirlər səslənib. O da qeyd olunur ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra orqan transplantasiyası məsələsi daha da aktuallaşacaq. Hələlik isə ölkəmizdə icbari tibbi sığorta məsələsi də tam olaraq öz həllini tapmayıb.

Tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev də bu qənaətdədir ki, mövcud steoreotiplər hələlik insanlara ölmüş yaxınlarının orqanlarının başqa adama transplantasiya edilməsinə müsbət yanaşmağa imkan vermir: "Rəhmətə getmiş insanın sağlam orqanlarından istifadəyə ilk öncə qanun icazə verməlidir. Azərbaycanda isə hələlik belə bir icazə yoxdur. Burada başlıca problem isə keçmişdən qalma ənənələrlə bağlıdır. Yəni, din və keçmiş ənənə baxımından ölkəmizdə insanlar ölmüş yaxınlarının orqanlarının başqa sağlam insanlara transplantasiyasına mənfi yanaşırlar. Hətta bu istiqamətdə ölkədə təbliğat da aparılmır ki, insanlar maariflənsinlər.

Hər hansı bir insan rəhmətə gedəndə onun yaxınları tərəfindən məhkəmə ekspertizasından meyidin yarılmasına da imkan verilmir. Yəni, istəmirik ki, ölüm səbəbi bəlli olsun. Çox güman ki, parlament də məhz bu kimi düşüncə tərzini əsas götürdüyünə görədir ki, hələlik Azərbaycanda məsələ qanunvericilik baxımından da öz aktuallığını tapmayıb. Yəqin ki, bu məsələnin həlli üçün müəyyən zamana ehtiyac var. Şəxsən özüm bu məsələdə bir problem görmürəm. Bu dünyada olmayandan sonra sağlam orqanlarımdan hansısa birinin digər insanın bədənində yaşaması əslində, mənim özümün də yaşaması anlamına gəlir. Ona görə də ölmüş insanın orqanının başqa bir sağ insana transplantasiya edilməsinə müsbət yanaşıram.

Hələlik isə mövcud steoreotiplər bu istiqamətdə addım atmağa imkan vermir. Ona görə də cəmiyyətimizin bu istiqamətdə inkişaf etməsinə ehtiyac var. Rəhmətə gedən insanın orqanlarının torpaqda çürüməsindənsə, onun başqa insanların bədənində yaşaması daha məqbuldur. Eyni zamanda, prosesə start veriləndən sonra ona nəzarət istiqamətində həddən artıq ciddi qanunların olması da vacibdir ki, sui-istifadə hallarına da yol verilməsin”.


Millət