Şriftin ölçüsü / 970

Əli İnsanovdan çəkinirlər

03 Sentyabr 2016 [14:22]

Sabiq nazir Müdafiə Komitəsinin yaradılmasına razılıq verməyib; qərbi azərbaycanlıların onunla bağlı müəmmaları davam edir; "İrəvan” Azadlıq Təşkilatından İnsanova dəstək gəldi

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasına 57 gün qalmış əlavə cinayət maddələri ilə ittiham olunmasından 9 gün ötür. Bu günlər ərzində sabiq nazirə qarşı yeni cinayət maddələrinin irəli sürülməsindən daha çox onun həmyerliləri tərəfindən müdafiəsiz qalması gündəm oldu.

İqtidar düşərgəsini də bu sıraya aid etmək olar. Hakimiyyət təmsilçiləri 12 il nazir işləyən "vurulmuş” bir şəxs barəsində danışmaqdan açıq şəkildə yayındılar. Bu da müəyyən dərəcədə başadüşüləndir. Uzun müddət bir komandada təmsil olunan bir şəxsin əleyhinə fikir səsləndirmək asan olmadığı kimi, müsbətinə danışmaq da çətindir. Amma qərbi azərbaycanlıların qarşısını alan nə oldu? Bu sual hər kəsi düşündürür. Bir daha qeyd edək ki, "Yeni Müsavat” olaraq, nazir işlədiyi dönəmlərdə İnsanova yaxın olan, hətta tez-tez ondan "paket”lər aldıqları iddia olunan şəxslərin İnsanova qarşı yeni maddələrin irəli sürülməsi ilə bağlı münasibətlərini öyrənmək istədik. Maraqlıdır ki, ən çox sabiq nazir barədə danışmağa cəsarət etməyən, onunla adlarının yanaşı çəkilməsini istəməyən də məhz onlar oldu. Yalnız "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və təhsil eksperti Etibar Əliyevdən başqa. Onların da fikirlərində tənqidi notlar daha çox idi...

İlk günlərdə İnsanovu müdafiə edənlər olmasa da, artıq bəzi həmyerliləri üzə çıxmağa başlayır.

"İrəvan” Azadlıq Təşkilatının sədri Təbriz Musayev bildirdi ki, Qərbi Azərbaycandan olan və vaxtilə İnsanovla birlikdə hakimiyyətdə təmsil olunan şəxslər bu gün onun barəsində danışmağa cəsarət etmirlər: "Əli İnsanovu həbsdə olduğu müddətdə təhlükəli bir insan kimi qələmə veriblər. Guya o, azad olunduqdan sonra hakimiyyət əleyhinə çağırışlar edəcək. Bu fikirlərlə razılaşmıram. Çünki onun bu barədə fikrini hələ eşitməmişik. Onun nə fikirləşdiyini tam bilmirik. O, alim, ziyalıdır, 70 yaşı var. Bu yaşdan sonra düşünürəm ki, azadlığa çıxdıqdan sonra yarımçıq qalmış elmi işləri ilə məşğul olacaq. Onun heç bir hakimiyyət davası ola bilməz. Çünki elə bir siyasi qurumu da yoxdur ki, hakimiyyətlə mübarizə aparsın. Ona qarşı azadlığa çıxmasına iki ay qalmış 3 əlavə cinayət maddəsinin irəli sürülməsi böyük haqsızlıqdır. Belə vəziyyətlərdə regionçuluğu qabartmaq dövlətçiliyimizə böyük zərbədir. İstər qərbi azərbaycanlılar, istərsə də başqa bölgələrdən olan şəxslər bu məsələdə ədalətli mövqe ortaya qoymalıdırlar. İnsanov hakimiyyətdən ”vurulmuş" şəxsdir. Onu cəmiyyətdə kimlər müdafiə edəcəksə, hakimiyyət tərəfdən təzyiqlərlə üzləşə bilər. Ona görə də İnsanovu sevənlər və sevməyənlər bu barədə danışmağa çəkinirlər. Üç əlavə cinayət maddələri irəli sürüləndən sonra bizim tərəfdən müdafiə istiqamətində bəzi addımlar atıldı. Biz onun fikirlərini öyrəndik. O, Müdafiə Komitəsinin yaradılmasının əleyhinədir. Ona görə də düşünürəm ki, İnsanovu müdafiə edənlər bunu nəzərə alıb müdafiə xarakterli addımlar atmaq istəmirlər".

T.Musayev sabiq naziri ən çox müxalifətin müdafiə etməsinin səbəblərinə də aydınlıq gətirdi: "Müxalifət ölkədə aparılan səhv siyasətə qarşı daim çıxış edir. İnsanovun yüksək postda çalışdığı zamanlarda müxalifətə qarşı sərt mövqeyi, vurulduqdan sonra müxalifətin onu müdafiə etməsi insan haqlarını qoruduğunu göstərir. İstənilən məhbus üçün müdafiə böyük önəm daşıyır. Bu gün Əli İnsanovu təkcə qərbi azərbaycanlılar yox, digər insan haqlarını qoruyan insanlar da müdafiə etməlidir. Hakimiyyətin sifarişi ilə onunla bağlı gedən prosesləri izləyirik. Bir çox beynəlxalq təşkilatlara təşkilatımız adından müraciətlər edəcəyik”.

"İrəvan” Azadlıq Təşkilatının sədri sabiq nazirin azadlığa çıxmaq üçün nə etməli olduğunu da qeyd etdi: "Hər bir insanın həyata öz baxışları var. Bildiyimiz kimi, zamanında Əli bəy ərizə yazmaq yolu ilə azadlığa çıxmaq istəmirdi. Bu günləri o yenə də öz fikrində qalır. Özünün hər hansı bir formada azadlığa çıxmasını istəmir. Onun azadlığa çıxmasına iki ay qalmış bu hadisələr baş verdi. Hələ üç ay öncədən İnsanova qarşı bir təbliğat başlamışdı ki, guya o, həqiqətən cəza çəkdiyi müəssisədə müqavimət göstərir. Bunun hamısı aydın məsələdir ki, ictimaiyyətin rəyini öyrənmək üçün edilirdi. Onlar üçün maraqlı idi ki, cəmiyyətin məsələyə mövqeyi necə olacaq. Əli İnsanov yenə də öz mövqeyində qalacaq. O, çəkdiyi cəzanı ərizə formasında başa vurmasına razılıq verməyəcək. Onun bu günə qədər həbsxanada apardığı mübarizə onu təsdiqlədi ki, cəzası başa çatana qədər hansısa formada azadlığa çıxmaq istəmir. Onun azadlığa buraxılması üçün Avropa Məhkəməsinin qərarları var. Siyasi məhbus kimi tanınıb. Amma hakimiyyət bunları nəzərə almır. Mövcud hakimiyyətdə bəzi qüvvələr var ki, Əli İnsanovun azadlığa çıxmasını istəmirlər. Bu da başadüşüləndir. Ola bilsin ki, onlar Əli İnsanovdan çəkinirlər, azadlıqda olanda daha təhlükəli rəqib olacağını düşünürlər”.


Millət