Şriftin ölçüsü / 801

Keçmiş İttifaq respublikalarında idarəçilik və siyasi sitem oxşardı

03 Sentyabr 2016 [14:28]
Özbəkistan prezidenti İslam Kərimovun vəfatı (hələ dəqiqləşməyib) barədə yayılan xəbərdən sonra özbəkləri düşündürən yalnız bir məsələ var. Bundan sonra ölkəni kim idarə edəcək? Yaxud Özbəkistanın gələcək taleyi necə olacaq? Düzdür, Kərimovu əvəzləyə biləcək bir neçə şəxsin adı çəkilsə də, ancaq bu məsələdə Qərbin və Rusiyanın mövqeyinin də mühüm əhəmiyyət kəsb edəcəyi istisna olunmur. Çünki hər iki güc mərkəzinin qarşıdakı müddətdə Özbəkistanda maraqlarının daha çox təmin olunması istiqamətində hərəkətə keçəcəyi də şübhə doğurmur. Bəs görəsən ekspertlər bu barədə nə düşünürlər?.

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu deyir ki, Özbəkistan mövzusu Azərbaycana coğrafi baxımdan bir qədər uzaq mövzu olsa da, hər iki dövlətin keçmiş Sovetlər məkanında olması, etnik və dini bağlılıqları, həmçinin idarəçilik metodlarının uyğunluğu birləşdirici faktorlardır: "Özbəkistan əhalisnin sayına görə Orta Asiyada ən böyük ölkədir və zəngin təbii sərvətlərə malik olmaqla, iki super gücün Rusiya və Çinin əhatəsindədir. Eyni zamanda bu ölkə 1979-cu ildən üzü bəri sakitlik bilməyən, terrorun və amansız silahlı birləşmələrin, radikal dini qrupların geniş məskən saldığı Əfqanıstanla sərhəddə yerləşir. Özbəkistan dünyavi dövlət olsa da, burada İslam dininin mövqeyi çox güclüdür və mühafizəkardır. 1992-ci ildə qəbul edilmiş konstitusiyalarına görə 7 illiyə seçilən prezident müstəsna səlahiyyətlərə malikdir. Mövcud Konstitusiyaya əsasən dövlətin idarə olunmasında çox geniş səlahiyyətlərə malik olan dövlət başçısı Özbəkistan Respublikasını ölkə daxilində və beynəlxalq münasibətlərdə təmsil edir. Baş naziri və digər nazirləri, Baş Prokuroru, məhkəmə hakimlərini, ali komanda heyətini, əyalət qubernatorlarını təyin və vəzifədən azad edir. Eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı, zərurət yarandıqda ölkədə müharibə vəziyyəti və səfərbərlik elan edərək qəbul etdiyi qərarını 3 gün ərzində Parlamentin təsdiqinə təqdim etməkdə səlahiyyətlidir. Və iki palatalı parlamentin üst palatası sayılan Yuxarı Palataya -Senata 84 yerdən 16-sını prezident təyin edir. Gördüyünüz kimi 1990-ci ildən prezident olan İslam Kərimov demək olar ki, dövləti təkbaşına idarə edərək, totalitar bir rejim yaradıb". Əli Oruclu deyib ki, müxalifət və azad mətbuat, demokratiyanın digər atributları bu ölkədə olmayıb: "Seçki ənənəsi yoxdur. İqtisadiyyat əslində dövlət tərəfindən tənzimlənib. Belə sərt rejimdə yaşamağa öyrəşən Özbəkistan cəmiyyəti təbii ki, İslam Kərimovdan sonrakı dövrə hazır deyil. Lakin nəzərə alsaq ki, Orta Asiya dövlətlərinin əksəriyyətində totalitar xarakter höküm sürdüyündən hakimiyyətdə kimin təmsil olunması ciddi dəyişikliklər və problemlər yaratmır. Məsələn, Türkmənistanda Türkmənbaşının qəfil vəfatından sonra hakimiyyətə gələn Berdimuhəmmədov eyni üsulla da dövlətin idarəçiliyini rahat şəkildə davam etdirir. Eyni qayda və eyni ənənə ilə. Məsələnin mahiyyəti ondadır ki, saat mexanizmi ilə işləyən bürokratik aparat üçün birinci şəxsin kimliyi önəm daşımır. Önəmli olan odur ki, hakimiyyət daxilində güclü qruplaşmaların və klanların maraqları uzlaşdırılsın, onların mənafelərinə toxunulmasın. Mərhum prezident Heydər Əliyevdən sonra da Azərbaycanda ciddi problemlərin çıxacağını düşünənlər vardı. Lakin siyasi sistem olduğu kimi qüsursuz çalışdı. Diqqət yetirsəniz görərsiniz ki, keçmiş İttifaq respublikalarından Pribaltikanı çıxmaqla demək olar ki, hamsında idarəçilik və siyasi sitem oxşardı". AMİP rəsmisi deyib ki, Özbəkistan kimi rejimlərdə liderlər yetişmir, buna heç imkan da verilməz: "Şəxsi hakimiyyət, hakimiyyətin yaratdığı imkanlar və səlahiyyətlər, cəmiyyətdəki formalaşdırılan psixloji və digər amillər liderə çevirir. Bir müddətdən sonra görəcəksiniz ki, İslam Kərimov yaddan çıxarılacaq, onun portretləri yılğışdırılacaq. Tutaq ki, əvəzinə ehtimal olunan baş nazir Şövkət Mirzəyevi gətirəcəklər. Ona görə də İslam Kərimovdan sonrakı dövrdə kataklizmlərin olacağını ehtimal etmirəm. Bu o halda baş verər ki, birinci daxildə klanlar və hakimiyyətdaxili qruplaşmalar arasında razılığa gəlinməsin, ikincisi, Rusiya ilə Çin arasında ixtilaf baş versin. ABŞ və Qərb üçün Özbəkistan nisbətən uzaq regiondur". Ölkədə dini qruplaşmaların baş qaldıracağına gəlincə, Əli Oruclu hesab edir ki, dini ektremist qüvvələrin çoxu Qərb və ABŞ tərəfindən idarə olunduğundan ola bisin ki, buna cəhd göstərilsin: "Lakin nə Moskva, nə də Pekin imkan verməz ki, özünün iqtisadi-siyasi marağında olan, təsir dairəsi hesab etdikləri regionda qeyri-sabitlik yaransın. Necə deyərlər, Özbəkistanda da həyat öz axarı ilə davam edəcək. İslam Kərimov erası bitəcək, Mirzəyev erası, yaxud da hansısa birinin erası başlayacaq. Özbakıstandakı sabitliyin pozulması bütün böyük coğrafi region üçün ciddi təhlükə yarada bilər ki, buna da qətiyyən imkan verilməz".