Şriftin ölçüsü / 696

Tanınmış alımdən daha bir təklif: "Azərbaycanda Farmakologiya Elmi-Tədqiqat İnstitutu yaradılmalıdır"

09 Sentyabr 2016 [17:30]
Aydın Əliyev: "Depolarda dərman qıtlığı qorxulu tendensiyadır”

Son günlər əlində resept apteklərə üz tutan vətəndaşlar oradan əli ətəyindən uzun çıxmalı olurlar. Rəsmən elan edilməsə də yerli istehsallı azsaylı dərmanlardan başqa şəbəkəyə heç nə buraxılmır. Səbəbini soruşanda "depolarda dərman yoxdur” cavabı verilir. Vətəndaşların əksəriyyəti səksəkədədir və hesab edirlər ki, bundan sonra dərman preparatları bahalaşacaq. Bu cür hallar əvvəllər də qeydə alınmışdı.

Ekspertlər hesab edir ki, dərman bazarındakı bu vəziyyət heç də qiymətlərin tənzimlənməməsi ilə bağlı deyil. Dərman idxalı faktiki olaraq bir neçə şirkətin inhisarındadır və qiymətləri də onlar tənzimləyir. Problem də bununla əlaqədar olaraq ortaya çıxır.

"İctimai nəzarət bərbaddır"

Azərbaycan Milli İstiqlal Pariyası (AMİP) Mərkəzi Şurasının sədri, farmakoloq, alim Aydın Əliyev "Cümhuriyət”ə açıqlamasında eyni situasiyanın ərzaq məhsullarında və siqaretdə də müşahidə olunduğunu deyib:

"Azərbaycanda dərmanların satış da həmin ərzaqların satış vəziyyətinə gətirildi. Depolarda dərman qıtlığı qorxulu tendensiyadır. Dərmana ehtiyacı olan şəxs xəstədir və dərmanla müalicə alır. Dərmanların tapılmaması və ya qiymətinin artması yaxşı hal deyil. Əgər ölkə vətəndaşı öz hüququnu tələb edib sözünü deyə bilmirsə, adi aptekdən belə dərmanı tələb edə bilmirsə, kütləvi informasiya vasitələrinin, eləcə, də ekspertlərin fikri ortada qalır.Ölkədə ictimai nəzarət çox pis gündədir”.

"Tibbi sığrota tətbiq olunmalıdır”

A.Əliyev Azərbaycanda dərman istehsalı ilə bağlı hökumətin müəyyən tədbirlər gördüyünü bildirib və bunu təqdir edib:

"Amma xaricilərlə bir yerdə zavod açmağın perspektivi yoxdur. Əgər biz yığma sexlərdən öz daxili məhsulumuzun istehsalına keçə bilməyəcəyiksə, onda biz özümüzü aldadırıq. Dərman istehsalı ilə yanaşı Azərbaycanda Farmakologiya Elmi-Tədqiqat İnstitutu yaradılmalıdır. Akademiya, Tibb Universiteti, eləcə də müvafiq nazirliklərlə bir yerdə bu institut açılsa, bu sahəyə yüksək töhfə vermiş olarlar. Azərbaycanda olan xam mallardan, kimyaçıların verdiyi sintetik birləşmələrdən hansı dərman maddələri almağı farmakologiya elmi-tədqiqat institutu deyə bilər.

Dünyada da bu cür elmi-tədqiqat institutları mövcuddur. Azərbaycanda bu tipli institutun açılmasına çox ciddi ehtiyac var. Deyirik ki, inkişaf etmişik. Əgər belədirsə, gəlin tibbi sığortanın tətbiqinə keçək, dərman istehsal edək. Bunun üçün alimləri bir yerə yığmaq lazımdır. Yoxsa, millət gündə bu biznesmenlərin əlində qalacaq. Bəzən onları da qınamıram, dərman preparatları, eləcə də digər məhsullarla bağlı biznesmenlər öz xeyirlərini güdürlər. Çox təəssüf ki, dərman preparatlarını da ərzaq səviyyəsinə saldılar. Bu, qiymət oyunudur. Ölkəmizdə bu cür işlərin getməsi inkişafımızı yox, feodal düşüncəmizi sübut edir. Bunu inzibati yolla həll etmək də mümkün deyil. Bunu ancaq alimlər elmi əsaslara söykənərək müvafiq strukturlarla bir yerdə həll etməlidir”.

Yeganə Oqtayqızı


1