Şriftin ölçüsü / 611

Hakimiyyət təbliğat-təşviqat kampaniyasını bilərəkdən sakit keçirmək istəyir ki, cəmiyyət prosesdə iştirak etməsin

15 Sentyabr 2016 [17:47]
Sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) KİV-lərdə referendumqabağı təşviqat aparmaq məqsədilə İctimai Televiziya (İTV) efir vaxtı ayıracaq. Yayılan məlumatlara görə, Direktorlar Şurasının iclasında təşviqat qrupları üçün 1 saatlıq efir vaxtına görə, 400 min manat müəyyən olunub.

İTV-nin qərarı müxalifət partiyaları tərəfindən narazılıqla qarşılanıb və qeyd olunur ki, 400 min manatın maddi durumları qənaətbəxş hesab olunmayan partiyalar üçün yüksək məbləğdir. Nəzərə alsaq ki, xüsusilə, müxalif düşərgəni təmsil edən siyasi partiyaların maddi bazası zəifdir, demək ki, İTV-nin bu qərarının arxasında hakimiyyətin siyasi məqsədi var. Yəni, bu, birbaşa demokratik düşərgə nümayəndələrinə efirdə söz haqqının verilməməsi deməkdir.

AMİP Siyasi şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə deyib ki, Mərkəzi Seçki Komissiyası müxalifət partiyalarının yaratdığı təşviqat qruplarını qeydiyyata almayıb. Ə.Orucovun sözlərinə görə, qeydiyyatda olan 3 təşviqat qrupu var ki, bunları da hakmiyyətin özü yaradıb: "Təbii ki, həmin təşviqat qruplarının prosesdə iştirakı formal olacaq və bu, gözdən pərdə asmaq deməkdir. O ki qaldı, efir vaxtı üçün yüksək məbləğin müəyyən olunmasına, seçki dönəmlərində də namizədlərə efir vaxtı yüksək ödənişlərlə təklif olunurdu. Bu da hakimiyyətin həmin namizədlərə sözlərini deməyə imkan verməməsi deməkdir. Telekanallar özlərini maliyyələşdirsəydilər, onlar üçün bu, o qədər fərq etməzdi. Şərait yaradardılar ki, bundan gəlir götürsünlər. Reklam və təbliğat kampaniyaları telekanalların ən çox gəlir götürdüyü məsələlərdir. Televiziyaların da sahibləri ayrı-ayrı şəxslərdir, maliyyələri də hakimiyyət tərəfindən verilir. Telekanallara əlavə pulların cəlb olunması həm hakimiyyətin marağında deyil, həm də iqtidarın cızdığı dairələrdən çıxa bilmirlər. Hakimiyyət təbliğat-təşviqat kampaniyasını bilərəkdən sakit keçirmək istəyir ki, cəmiyyət prosesdə iştirak etməsin və nəticələrin saxtalaşdırılması üçün münbit şərait yaradılsın. 100 nəfər arasında sorğu keçirsəniz, heç onun bir nəfərinin referendumdan məlumatı olmadığını görərsiz”.


Millət