Azərbaycan Tibb Universitetində Bilik günü qeyd olundu
15 Sentyabr 2016 [17:53]
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Bilik Gününə
həsr olunmuş tədbir keçirildi.
Azərbaycanın dövlət himninin
səsləndirilməsi ilə başlayan mərasimdə universitetin rektoru, professor Gəray
Gəraybəyli çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik etdi,
onlara dərslərində uğurlar dilədi.
ATU rektoru tələbələrə
universitetin tarixi, müasir inkişaf mərhələləri barədə danışdı. O xatırlatdı
ki, ölkəmizdə Bilik gününün keçirilməsi ənənəsinin əsasını prezident İlham
Əliyev qoyub: "Ölkəmizdə elmi biliklərin, təhsil sisteminin ardıcıl inkişafını
prezidentin qlobal inkişafa doğru aparan uzaqgörən siyasətinin tərkib hissəsi
təşkil edir. Artıq 15 ilə yaxındır ki, dövlət proqramı ilə hər il yüzlərlə
Azərbaycan gəncləri istər bakalavr səviyyəsində, istərsə praktik bacarıqlar
səviyyəsində dünyada tanınan təhsil ocaqlarına göndərilir. Heydər Əliyevin də təhsilimizə diqqət və qayğısı daim yüksək səviyyədə olub.
Hələ sovet illərində Heydər Əliyev cənabları yüzlərlə Azərbaycan gəncini xarici
ölkələrə, müasir və o vaxt üçün inkişaf etmiş təhsil müəssisələrinə göndərib. Həmin
tələbələrin bir çoxu məzun olaraq Azərbaycana qayıdıb və uzun illərdir ki,
ölkəmizdə çalışırlar”.
Rektor tələbələrə səslənərək
onlara bu uğurlarının davamlı olmasını dilədi: "Sizin üçün bu gündən
həyatınızın tam yeni mərhələsi, tələbəlik illəri başlayır. Hər bir insanın
həyatında tələbəlik illəri xüsusi əhəmiyyətə malikdir. Yaddaşda dərin iz qoyan
illərdir. Sizin növbəti 6 iliniz Azərbaycan Tibb Universiteti ilə bağlı olacaq.
Sizin hər birinizin üzərinə böyük məsuliyyət düşür. Tələbəlik illəri nə
dərəcədə maraqlı, sevilən, emosional olsa da, bir o qədər məsuliyyətli, vacib
illərdir”.
G. Gəraybəyli ATU-nun fəaliyyəti
barədə də qonaqlara məlumat verdi. Onun sözlərinə görə, bu ali təhsil ocağı
1919–cu ildə Bakı Dövlət Universitetinin tərkibində fakültə kimi yaradılıb.
1930-cu ildən isə müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başlayıb:
"ATU bu il müstəqil universitet kimi 86 yaşını, fakültə kimi isə 97 yaşını
qeyd edəcək".
Daha sonra ATU-nun İnsan
anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinskiçıxış edərək bildirdi ki, prezident İlham Əliyevin verdiyi sərəncam əsasında
15 sentyabr təhsil günü, Bilik günü kimi qeyd olunur: "Bu gün tək siz tələbələr
üçün yox, biz müəllimlər üçün də sevincli bir gündür. Təhsilin irəliləməsi üçün
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə son 10 il
ərzində respublikamızda 3000-dən yuxarı təhsil ocağı tikilib, təmir olunub. Azərbaycan
Tibb Universiteti nəinki respublikada, ümumiyyətlə, regionda fəaliyyət göstərən
universitetlər arasında seçilib”.
ATU-nunII Uşaq xəstəlikləri kafedrasının professoru Amaliya Əyyubova çıxış
edərək tələbələrə həkimlik peşəsinin çətinlikləri barədə məlumat verdi: "Çox
çətin peşədir. Siz tələbələr və biz müəllimlər çalışmalıyıq ki, bu ölkəyə
yaxşı, savadlı həkimlər hazırlayaq. Bu, əsasən sizdən asılıdır. Biz müəllimlər isə
sizə daim kömək edə bilərik, kitablar var, internet var, tədris binalarımızda
çox yaxşı avadanlıqlar, yüksək şəraitli klinikalarımız var”.
Qeyd edək ki, 2016/2017-ci
tədris ilində Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
əmri ilə Azərbaycan Tibb Universitetinə 1002 nəfər tələbə qəbul olub, bunlardan
– 954 həkim, hərbi həkim, 48 nəfər hərbi
feldşerdir. 700 bal toplayaraq qəbul olan – 3 nəfər, 600-dən çox bal
toplayanlar –416nəfər,
500-dən çox bal toplayanlar – 444 nəfərdir.
Universitetin
professor-müəllim heyəti, tələbələr və valideynlərin iştirak etdiyi tədbirin
sonunda 2016-cı ildə bu ali təhsil ocağına qəbul olunan və qəbul imtahanlarında
700 bal toplayan tələbələrə - Lətifov Ağalətif, İsmayılova Səbinə, Zülfüqarov
Orxana rektor tərəfindən tələbə biletləri təqdim olundu. Müalicə-profilaktika
fakültəsinə qəbul olunan tələbə Orxan Zülfüqarov müəllimlərinin etimadını
doğruldacağını bildirdi.