Şriftin ölçüsü / 782

Azərbaycanın xarici siyasəti bərbad vəziyyətdədir

22 Sentyabr 2016 [14:17]

Əli Orucov: "NATO-ya inteqrasiya gündəmdə olmalıdır”

"Azərbaycan "Qoşulmama Hərəkatı”nın ruhuna və prinsiplərinə sadiqdir”. "Cümhuriyət” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatında etdiyi çıxışda bildirib. Nazir qeyd edib ki, hərəkat yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayıb: "Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlayıb və qarşılıqlı əməkdaşlıq üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib. Hərəkat qoşulmama anlayışını müsbət və cəlbedici səy kimi formalaşdıra bilib. Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir”.

Hərəkata qoşulmaq Azərbaycana nə vəd edir?

"Qoşulmama Hərəkatı” dünyanın 118 ölkəsini hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Hərəkat 1961-ci ildə 25 ölkənin iştirakı ilə Serbiyada (Belqrad) yaradılıb. Azərbaycanda da 2011-ci ildə hərəkata qoşularkən o iddia irəli sürüldü ki, dövlətimizin belə bir addım atması daha çox Rusiya və İrandan olan təzyiqlərin qarşısını almağa hesablanıb. Gələcəkdə NATO və Avropa İttifaqına qoşulmasının Rusiya və İran baxımından təhlükə yaradacağını göz önünə alan rəsmi Bakının belə bir addım atdığı deyildi. Lakin bu, təzadlı qərar idi. Çünki hakimiyyətin 2007-ci ildə qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında göstərilir ki, Azərbaycanın strateji hədəfi Avroatlantik məkana inteqrasiyadır. Avroatlantik məkanın əsas institutu da NATO-dur. 2010-cu ildə qəbul edilən Hərbi Doktrinada da NATO-Azərbaycan münasibətlərinə yer ayrılıb. Keçən illər ərzində də rəsmi Bakı hərəkata qoşulduğu faktoru ilə həm Rusiya, həm də Qərbin yaratdığı hərbi-siyasi bloklara üzv olmaqdan imtina edir.

Lakin qlobal siyasət dövlətlərdən konkret mövqe tələb edir. Rusiyanın Dağlıq Qarabağ münaqişəsini zaman-zaman qızışdırması, ABŞ və Aİ-nin Azərbaycan hakimiyyətindən demokratiya və insan haqları məsələlərində tələbləri də bununla bağlıdır. Yəni hərəkata üzvlük ayrı-ayrı siyasi qütblərin Azərbaycana təzyiq rıçaqlarını gücləndirir və bu, Azərbaycana heç nə vəd etmir. Rəsmi Bakının belə bir situasiyada konkret mövqe seçməsi zərurət kimi görünür.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə deyib ki, Azərbaycan hakimiyyətinin xarici siyasətini anlamaq olmur. AMİP yetkilisi bunu hakimiyyətin qeyri-stabil və sistemsiz siyasət yürütməsiylə əlaqələndirib: "Bu da bir çox hallarda Azərbaycan üçün çətin vəziyyətlər yaradır. Müharibə şəraitində olan bir ölkənin "Qoşulmama Hərəkatı”na üzv olması anlaşılan deyil. Çünki bizi müharibəyə məcbur edən ölkənin (Ermənistanın) hərbi müttəfiqləri var. KTMT-nin üzvüdür. Azərbaycan da onların qarşısına çıxmaq və müharibə əsnasında özünə dəstək təmin etmək üçün hansısa hərbi blokla assosiasiya sazişi imzalamalıdır, əlaqələri genişləndirilməlidir. Xüsusilə, Türkiyə vasitəsilə NATO-ya inteqrasiya məsələsi gündəmdə olmalıdır. Amma Azərbaycan hakimiyyəti qorxaqcasına siyasət yürüdür. Sanki Rusiyanın təzyiqlərindən çəkinirmiş kimi görünür və NATO-ya yaxınlaşmaq istəmir, Rusiyanı da yaxınına buraxmır. Azərbaycan bu vəziyyətdə havada qalmış kimi görünür. Başa düşürəm, torpaqlarımız işğal olunub, Ukrayna və Gürcüstan əraziləri Rusiya tərəfindən zəbt olunub. Amma bu hadisələrin gələcəkdə növbəti dəfə Azərbaycanda təkrarlanmaması üçün ən azından hərbi müttəfiqlərin sayını çoxaltmaq lazımdır”.


Millət