Şriftin ölçüsü / 637

Müxalifət partiyalarının acınacaqlı maddi durumları göz önündədir

05 Oktyabr 2016 [15:33]
Əli Oruclu: "Partiyada daimi çalışan və əməkhaqqı alan işçilər yoxdur”

Medianın zaman-zaman gündəmə gətirdiyi məsələlərdən biri də Azərbaycanda mövcud olan müxalifət partiyalarının fəaliyyəti ilə bağlıdır. Təbii ki, ölkə ictimaiyyətini maraqlandıran həmin təşkilatların aktiv və ya passiv olması, siyasi proseslərdə necə iştirak etməsi deyil.

Çünki Azərbaycanda mövcud olan əksər müxalifət partiyalarının səsi-sorağı sadəcə seçkidən-seçkiyə gəlir. Demək olar ki, bir çox partiyanın fəaliyyəti sıfırdır. Bu baxımdan insanların diqqətini çəkən başqa məsələdir. Müxalifət partiyalarında rəhbərlikdə, idarəetmədə çalışan insanlar qurumdan əməkhaqqı alırlarmı, yoxsa onların hamısı ictimai əsaslarla, yəni maaşsız çalışırlar? Nəzərə alsaq ki, hər partiyanın Mərkəzi Aparatı var və Aparatda bir neçə şəxs fəaliyyət göstərir, deməli, işləyənlərə müəyyən miqdarda əməkhaqqı vermək zərurəti yaranır. Məsələni araşdırmaq üçün bir neçə müxalifət partiyası ilə əlaqə saxladıq. Mövzu ilə bağlı "Şərq”ə danışan Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu təşkilatda çalışanların maaş almadığını dedi: "Bizim partiyada bütün işçilər ictimai əsaslarla çalışır. Onların heç birinə məvacib vermirik. Çünki maddi gəlirimiz yoxdur. Partiyanın yüngülvari cari xərclərini də öz hesabımıza həll edirik. Ümumiyyətlə, elə çox işçimiz də yoxdur. Daimi işləyən işçimiz isə heç yoxdur. Mən özüm şənbə-bazar, bayram günləri partiyaya gəlirəm, eləcə də işçilərdən kim istəsə, vaxtları olsa təşkilata gəlir, burada işlərini görürlər”.

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu bəyan etdi ki, müxalifət partiyalarının acınacaqlı maddi durumları göz önündədir. Onun fikrincə, partiyalar heç bir maddi-texniki təminat və qərargah olmadan fəaliyyət göstərmək məcburiyyətində qalırlar: "Ölkənin aparıcı siyasi təşkilatları tələb olunan kriteriyalardan kənarda qalıblar. Başqa partiyaları deyə bilmərəm, amma AMİP büdcədən və hansısa naməlum mənbələrdən heç bir maliyyə yardımı almır. Ona görə də partiyada daimi çalışan və əməkhaqqı alan işçilər yoxdur. Bəzi kommunal və digər xırda-para ödənişləri yığılan üzvlük haqları və ianələrin sayəsində həyata keçiririk. Ancaq toplanan üzvlük haqları da o qədər yüksək məbləğ deyil”.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah da partiyada durumun fərqli olmadığını söylədi: "Müsavat Partiyasında hamı ictimai əsaslarla çalışır. Əməkhaqqı alan yoxdur. Digər çalışanlardan fərqli olaraq rəhbərlik və başqan müavinləri adətən hər gün qərargahda olurlar”.

İsmayıl


Millət