Şriftin ölçüsü / 680

Dağlıq Qarabağ probleminin həlli Azərbaycan xalqına və ordusuna güvənməklə milli həmrəylikdən keçir

05 Oktyabr 2016 [15:35]
Politoloqlar Kerrinin "münaqişənin nizamlanması üçün şərait yaranmayıb” fikrini birmənalı qarşılamır

Xəbər verdiyimiz kimi, ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və "Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda çıxışı zamanı bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb. "Müasir dünyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki hər şeydən əvvəl, liderlər buna hazır deyillər”, - deyə Kerri qeyd edib.

Xatırladaq ki, ABŞ Rusiya və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir.

Politoloq Əli Oruclunun "Ekspress”ə dediyinə görə, Con Kerrinin bu cür açıqlaması bir daha onu göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli kənar dövlətlərin heç birinin marağında deyil. Politoloq hesab edir ki, uzun-uzadı həmsədrlərin də regiona səfərləri mənasız və vaxt itkisindən başqa bir şey deyil: "Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycan xalqına və ordusuna güvənməklə milli həmrəylikdən keçir. Yəni biz özümüz bu problemin həllini tapmalıyıq. Və bu problemin də yeganə həlli hərbi yoldur. Bunun başqa variantını görmürük. Hamımız şahidi olduq ki, aprel döyüşlərində qısa müddət ərzində məğlubiyyətə düçar olmuş erməni ordusu çox böyük panika, böyük bir ruh düşkünlüyü yaşadı. Hətta dördgünlük müharibə Ermənistanda siyasi sistemin, hakimiyyətin laxlamasına gətirib çıxardı. Ona görə də mən xarici dövlət rəhbərlərinin bu tipli bəyanatlarına heyrətlənmirəm. Bu, bizim problemdir və bunu özümüz həll etməliyik. Çox böyük yanlış siyasət yürüdülüb ki, bu problemin həlli xarici dövlətlərin himayəsinə verilib və biz də nicatı həmin xarici dövlətlərdən gözləyirik”.

Müsahibimizə görə, ABŞ dövlət katibinin, eyni zamanda, ondan əvvəl rusiyalı həmsədrin verdiyi bəyanatlar, Rusiyanın Ermənistana göndərdiyi "İsgəndər” raketlərinin paradda nümayişi onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli nə Amerikanın, nə də Rusiyanın marağındadır. "Bu, bizim münaqişədir və bunu özümüz həll etməliyik”.

Politoloq Nəsimi Məmmədli isə bildirdi ki, Qarabağ məsələsinin indiki regional və beynəlxalq şərtlər daxilində həlli elə də asan deyil. "Bu baxımdan səslənən bəyanatı əsaslı hesab edirəm. Xüsusilə də dünyanın əsas güc mərkəzində belə bir qənaət mövcuddursa, deməli, durum heç də sadə deyil. Əslində bu problemin ədalətli həlli anlayışı da çox nisbidir. Bizim ədalətli həll variantımız erməni və müttəfiqlərinin, ermənilərin ədalətli həll variantı isə bizim maraqlarımıza cavab vermir”.

Həmsöhbətimizin sözlərinə görə, ABŞ əsasən beynəlxalq hüququn üstün prinsiplərindən çıxış edərək problemin həllində ərazi bütövlüyünün toxunulmazlığına nəzəri dəstək versə də, praktik addımlara tələsmir. Rusiya isə problemin yaradıcısı və idarə edəni kimi yalnız öz strateji və regional maraqlarına tam təminat istəyir. "Bu isə qərbin strateji maraqları ilə toqquşur. Suriya və Ukrayna böhranının ikinci aktiv fazaya keçməsi Qarabağ danışıqlarını arxa plana keçirib. Belə durumda münaqişə Azərbaycanın maraqlarına uyğun şəkildə həll edilə bilməz. Bir neçə rayonun Rusiyanın nəzarəti və təminatı altında işğaldan azad edilməsi bizə daha ağır nəticələrlə başa gələ bilər. Buna heç bir halda risk etmək olmaz”, - deyən Məmmədli təəssüflə qeyd etdi ki, Rusiyanın maraqlarına qarşı hər iki tərəfin hökumətləri müqavimət göstərməyə qadir deyil: "Aprel döyüşləri sübut etdi ki, uğurlu müharibə variantı da, hələ ki, mümkün deyil. Bunun üçün əlverişli fürsət ya buraxılıb, ya da hələ yetişməyib. Odur ki, problemin həllinin daha da çətinləşdiyi qənaəti görünür”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb”, - deyən ABŞ-ın dövlət katibi Con Kerri haqlıdır. Onun sözlərinə görə, indiki durumda Qarabağ münaqişəsinin masada həlli mümkün deyil, prosesdə irəliləmə yoxdur: "Azərbaycan ordusunun aprel ayında işğalçıya zərbəsi də böyük dövlətləri hərəkətə gətirmədi, böyük dövlətlərdən heç biri müharibəni önləmək üçün Ermənistan hakimiyyətinə təsir edib mərhələli həllə yaşıl işıq yandırmadı. Əslində Kerrinin bu sözləri bizə əlavə stimul verir. Yəni əgər münaqişəni danışıqlar yoluyla həll etmək mümkün deyilsə, bunun alternativi hərbi toqquşma və işğalçınnı daima təzyiq altında saxlamaqdır”.