Şriftin ölçüsü / 503

Dağlıq Qarabağ münaqişəsi böyük dövlətlərin marağında olan münaqişədir

13 Oktyabr 2016 [14:43]
"Qazaxıstan prezidenti məsələnin Azərbaycanın xeyrinə həll olunmasını istəyir, amma...”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün Azərbaycana gəlməliydi. Lakin onun səhhətində yaranan problemlə əlaqədar səfər təxirə salınıb. Qeyd edək ki, Azərbaycandan sonra Qazaxıstan prezidenti Ermənistana gedəcəkdi. Onun İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirakı gözlənilirdi.

Nursultan Nazarbayev hər zaman Azərbaycanın ərzai bütövlüyünü dəstəklədiyini bəyan edib və Dağlıq Qarabağ münaqişəsinin müsbət həll olunmasının tərəfdarı olub. Qazaxıstan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirə bilərmi?

Politoloq Zərdüşt Əlizadə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır və buna görə də Qazaxıstan prezidenti Rusiyanın razılığı olmadan bu problemin həllində vasitəçilik edə bilməz: "Nazarbayev istəyər ki, bu məsələ Azərbaycanın xeyrinə həll olunsun. Amma ondan asılı məsələ deyil. O, Azərbaycana görə Rusiyanın siyasi xəttinə qarşı çıxmaz. Nazarbayev çalışır ki, məsələ sülh yolu ilə həll olunsun. O çox arif, müdrik kişidir və çox gözl bilir ki, bütün bu işləri qurdalayan, qızışdıran Rusiyadır. Ona görə də Rusiyaya qarşı açıq gedə bilməyəcək. Yəni müəyyən bir çərçivə daxilində fəaliyyət göstərib dəfələrlə Ermənistana dediyini deyib. Amma bundan artığına qadir deyil”.

Əlizadənin sözlərinə görə, Rusiyanın marağında bir şey var, o da Dağlıq Qarabağ münaqişəsi vasitəsilə hər iki ölkəyə təsir etməkdir: "Rusiya istəmir ki, Qarabağ münaqişəsi həll olunsun. Bölgə Rusiyanındır, ona görə də istər Qazaxıstan, istər Türkiyə bu məsələdə acizdir”.

Politoloq Elxan Şahinoğlunun dediyinə görə, Qazaxıstan Azərbaycanla çox sıx əlaqəsi olan ölkədir. "Qazaxıstanla iki - siyasi və iqtisadi istiqamətdə strateji əməkdaşlığımız var. İqtisadi istiqamətdə Bakı-Tiflis-Qars dəmir yolu inşa olunub bitməlidir və bu dəmir yolu ilə tək Azərbaycan deyil, Qazaxıstan yükləri də daşınmalıdır. Bu əməkdaşlığa hər iki dövlətin ehtiyacı var. Düşünürəm ki, Nazarbayevin Azərbaycana səfəri bu məsələlərin üzərində olacaq. Neft daşımaları Azərbaycan üzərindən artırıla bilər”, - deyən müsahibimizin bildirdiyinə görə, Nazarbayev əslində 90-cı illərdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyəti olub.

Son hadisələrə diqqət çəkən politoloqun sözlərinə görə, Ermənistan Rusiyanın istəyi ilə Avrasiya İttifaqına daxil edilmək istəyəndə Qazaxıstan prezidenti açıq şəkildə bildirib ki, Azərbaycanın maraqlarını arxa plana ala bilmərik. "Niyə? Çünki Ermənistanın bir istəyi də ondan ibarət idi ki, Dağlıq Qarabağda istehsal olunan malları Avrasiya Birliyində rahat şəkildə sata bilsin. Nazarbayev isə onlara xəbərdarlığını etdi”.

E.Şahinoğlu da hesab edir ki, N.Nazarbayev Azərbaycanın ərazi bütövlüyünün təminində maraqlıdır. "Vasitəçilik təşəbbüsləri də zaman-zaman olub. Onun Türkiyə və Rusiyanın barışdırılmasında da önəmli rolu olub. Ərdoğanın məktubunun birbaşa Putinə çatdırılmasında Nazarbayevin xidməti danılmazdır. Dağlıq Qarabağ münaqişəsinin həllində də Qazaxıstan ATƏT-in sədri olarkən çox fəallıq nümayiş etdirdi. Amma çox təəssüf ki, Ermənistan yenə də işğalçılıq siyasətindən əl çəkmədi”.

Müsahibimizə görə, Nazarbayev Azərbaycana səfərində də ölkəmizin ərazi bütövlüyü ilə bağlı yenə də mühüm açıqlamalar verəcək. "Onun Ermənistana səfəri isə sırf simvolik xarakter daşıyır. Çünki orda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə toplantısıdır. Yəni məcburiyyət qarşısında ora da getməlidir”.

Politoloq Əli Oruclu isə bildirdi ki, Nursultan Nazarbayevin MDB məkanında nüfuzu böyükdür. "Eyni zamanda, türk dövlətləri siyasiləri içərisində də sözükeçən liderlərdən biridir”.

Məsələnin başqa tərəfinə toxunan politoloq bildirir ki, Qazaxıstan bundan da əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirməyə çalışıb. "Hətta belə bir məsuliyyət də üzərinə götürüb. Amma bu, elə bir münaqişədir ki, onun həllinə Qazaxıstan kimi dövlətin gücü çatmaz. Amma hər halda müəyyən detallarda anlaşılmazlıqların həlli ilə bağlı rol oynaya bilər. Dağlıq Qarabağ münaqişəsi böyük dövlətlərin marağında olan münaqişədir və ona görə də bunun həlli yubadılır. Vasitəçiliyin nə qədər olması əhəmiyyət daşımır. Çünki indiyə qədər bir sıra vasitəçilər görmüşük. İrandan tutmuş Qazaxıstan da daxil olmaqla ATƏT-in Minsk qrupunun üzvləri vasitəçilik ediblər. Ancaq problem nəinki həll olunmur, heç həllinə doğru yaxınlaşmaq olmur. Əksinə daha da çətinləşir, dalana dirənir”.

Oruclu bildirir ki, məsələnin həlli yolu ancaq Azərbaycan xalqına arxalanmaq, Azərbaycan ordusuna güvənməkdir. "Prezident son çıxışında da bunu açıq bəyan etdi ki, Azərbaycana basqılar günü-gündən artır ki, Dağlıq Qarabağın müstəqilliyi Azərbaycan tərəfindən tanınsın. Bu onu göstərir ki, dünya birliyi, xüsusən də Qərb Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə maraqlı deyil”, - deyən Ə.Oruclunun sözlərinə görə, əslində bu məsələyə xristian-islam faktorundan da baxmaq lazımdır.


Millət