Şriftin ölçüsü / 639

Hərbi əməliyyatların başlanması ola biləcəyini hər kəs bilməlidir

22 Oktyabr 2016 [18:20]
"Ermənilərin muxtar respublika təklifinə mənfi cavab bildirməsi bir daha göstərdi ki, hərbi əməliyyatlara başlamaqdan başqa yol yoxdur”

Prezident İlham Əliyevin Dağlıq Qarabağa Azərbaycanın tərkibində Muxtar Respublika statusu verilməsinin mümkünlüyü ilə bağlı açıqlamasına ölkə siyasətçiləri, ictimai xadimlər, siyasi şərhçilər münasibət bildirməkdədirlər.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkə başçısının bu açıqlaması konkretliyi ilə fərqlənir: "Prezident bu açıqlama ilə həm ermənilərə, həm də vasitəçilərə Azərbaycanın ən böyük güzəştinin Dağlıq Qarabağa muxtar respublika statusu ola biləcəyini konkret şəkildə çatdırıb. Bu o deməkdir ki, muxtar respublikaya razılıq olmayacaqsa, müharibədən başqa yol qalmayacaq. Azərbaycanın işğal altında olan ərazilərinin nəyin bahasına olsa da geri qaytarılacağı, mövcud status-kvonun saxlanılmasının mümkünsüzlüyü və Dağlıq Qarabağa heç bir halda müstəqilliyin verilməyəcəyi ilə bağlı dövlət başçısı dəfələrlə müxtəlif tribunalardan Azərbaycan dövlətinin mövqeyini bəyan edib. Azərbaycan prezidentinin Rusiyanın ”Sputnik" agentliyinə verdiyi müsahibədə həmin mövqe növbəti dəfə ifadə olunub və əlavə olaraq Dağlıq Qarabağa ən yaxşı halda muxtar respublika statusu verilə biləcəyi ilə bağlı açıq mesaj verilib. Fikrimcə, bu, bütövlükdə Azərbaycan cəmiyyətinin, o cümlədən müxalif siyasi təşkilatların da məsələyə yanaşmasını əks etdirən mövqedir. Azərbaycan Milli İstiqlal Partiyası işğal altında olan torpaqlarımızın siyasi-hərbi yolla geri qaytarılması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və bu məsələdə iqtidar-müxalifət anlayışının arxa plana keçirilməsinin vacibliyini dəfələrlə bəyan edib. Biz bu gün də həmin mövqedəyik və mövqeyimizin prinsipiallığını mütəmadi olaraq keçirdiyimiz çoxsaylı görüşlərdə beynəlxalq təşkilatların, avropalı siyasilərin və xarici partnyorlarımızın diqqətinə çatdırmışıq. Hesab edirəm ki, məsələnin həllinə bilavasitə cavabdeh olan beynəlxalq təşkilatlar, ilk növbədə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən aparıcı ölkələr, eləcə də regionda siyasi və iqtisadi marağı olan güclər Azərbaycanın iqtidarlı-müxalifətli bu mövqeyini nəzərə almalı, nəhayət, anlamalıdırlar ki, Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə çatmadan regionda sabitliyə və demokratik təsisatların inkişafına nail olmaq mümkün deyil. Azərbaycana torpaqlarını güzəştə getməsi üçün təzyiqlərin cavabının torpaqlarımızın azad olunması uğrunda hərbi əməliyyatların başlanması ola biləcəyini hər kəs bilməlidir".

KXCP Ali Məclisinin sədri Bəybala Əbil isə bildirdi ki, Dağlıq Qarabağla bağlı aparılan danışıqlar, Azərbaycana konkret haradan təzyiq edildiyi barədə xalqa açıq məlumat verilməlidir. Eyni zamanda muxtar respublika anlayışının altında konkret hansı statusların verilməsindən söhbət getdiyi detallarına qədər xalqa, siyasi qüvvələrə aydın olmalıdır: "Hakimiyyət 23 il əvvəl başqa şeylər danışırdı. Bir illik AXC hökumətini Qarabağ problemini həll edə bilməməkdə günahlandırırdı. Hələ də bu proses davam edir. AXC hakimiyyəti dövründə Qarabağın əhəmiyyətli hissəsi işğaldan azad edilmişdi. YAP-ın hakimiyyəti dövründə isə ermənilər 5 rayonu da işğal edib. İndi ermənilər hətta bu beş rayonu belə geri qaytarmaq məsələsində inadkarlıq göstərirlər. Artıq 23 ildir ”danışıqlar" gedir. 23 il aparılan danışıqların məzmunundan Azərbaycan xalqının xəbəri yoxdur. Xalqa ətraflı məlumat verilməlidir ki, xalq da, siyasi qüvvələr də məsələyə konkret münasibət ortaya qoya bilsin. Ermənilərin Dağlıq Qarabağa muxtar respublika verilməsi təklifinə dərhal mənfi cavab bildirməsi bir daha göstərdi ki, hərbi əməliyyatlara başlamaqdan başqa yol yoxdur".


Millət