Şriftin ölçüsü / 1013

Məmurların islah olunmasının bir yolu var ki, onlara öz yerlərini göstərmək lazımdır

22 Oktyabr 2016 [18:25]
Əli Orucov: "Onlara öz yerlərini göstərmək lazımdır”

"Azərbaycanda qış rejiminə keçid noyabrın 1-də baş verir. Yayda isə qazın təzyiqi aşağı salınır. Hər il qış rejiminə keçiddə təzyiq 3 dəfə artırılır. İndi bir neçə gündən sonra hava istiləşəcək, temperatur qalxsa da, insanların qaza olan təlabatı qış rejimindəki kimi qalır. İnsanlar qazın "xod”unu almır, əvəzində pəncərəni açıq saxlayır”. Fikirlər ARDNŞ prezidenti Rövnəq Abdullayevə məxsusdur.

Həm məzəli, həm də qorxulu

Baş nazir Artur Rəsizadə ölkədə tərəvəz məhsullarının qiymətlərinin artmasına münasibəti belə bildirilib: "Xiyar bahadırsa, sizə kim deyir ki, dekabrda xiyar yeyin. Biz o vaxt qışda təzə xiyar yemirdik”. 2009-cu ildə də baş nazir bahalaşmaya "Təzə xiyar bahadırsa, insanlar qoy gedib duzlu xiyar yesinlər” kimi ironik bir münasibət sərgiləmişdi. Çörək və unun qiymətinin artmasına spiker Oqtay Əsədov "Mən çörək yemirəm deyə, qiymətini də bilmirəm” cavabını verdi.

2015-ci ildə Binəqədidə yaşayış binası yandı və bunun təxribat olduğu, arxasında da müəyyən dairələrin durduğu iddia olundu. Jurnalist baş nazirin müavini Abid Şərifovun qarşısına çıxır və sual verir ki, təxribatın arxasında kim var? Abid müəllim jurnalistə belə cavab verir: "Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Ala bala, sonra?! Müəyyən olunur ki, filankəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun "pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var?!”.

Qapı arxasındakılar

Azərbaycanlı məmurlar və nazirlərin dillərindən səsləndirilən bu fikirlər hakimiyyətin xalqa olan soyuq münasibətidir. Xalqı ağır böhranın içinə atan bu məmur ordusu özlərinin yaratdıqları problemlərə münasibət bildirəndə də onu ələ salır, gülür, məzələnir. Çünki məmurlar və övladları xalqın pullarını, mülkiyyət üzərindəki haqlarını ələ keçirib əylənərkən, heç kəs onlardan bunun hesabını soruşmadı. Yoxsul xalqın qarşısında korrupsiya və rüşvətlə məmurlar qarınlarını şişirdikləri, arzulara sığmayan zənginlik içində yaşadıqları halda vətəndaş öz yoxsulluğundan utandı. Etiraz əvəzinə, öz haqqını, ədaləti tələbi əvəzinə şikayət üçün getdiyi kabinetdə məmurla əl verib görüşməsindən hər yerdə fəxarətlə danışdı, yoxsulluğundan utanıb üz qızartdı. Bəli, Azərbaycanda məmur harındırsa, bunda xalqın da günahı var.

Heç bir məmur bu ölkədə kabinetinin qapısını açıb, vətəndaşın problemini öz dilindən eşitmək istəmədi. Heç bir məmur özünü problemlərin hər gün bir az sıxıb, özünü öldürmək üçün "Koroğlu” körpüsünə çıxaran insanları dinləmədi. Rövnəq Abdullayev də, Abid Şərifovun da, Oqtay Əsədov da, Artur Rəsizadə də, aşağıdan yuxarı bütün məmur ordusu insanları kabinetlərinin qapılarından içəri buraxmadılar. Çünki onlar səfalətə məhkum etdikləri vətəndaşların yoxsulluqlarından diksinirlər, iyrənirlər, sevmirlər onları. Hər gün bu xalqı məsxərəyə qoyurlar və özlərinə kin, nifrət qazanırlar. Lakin onlar günahlar üzərində qurduqları səltənətlərində xoşbəxtdirlər, rahatdırlar.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə deyib ki, vətəndaşların problemlərinə qeyri-ciddi yanaşmaq məsuliyyətsizlikdir. Ə.Orucov əslində bunun günahının məmurlarda yox, xalqın özündə olduğu qənaətindədir: "Belə məmurlar uzun illərdir vəzifədədirlər və xalqın pulunu, malını dağıdırlar, mənimsəyirlər. İndiyədək də xalq heç kimin yaxasından tutub soruşmayıb ki, "sən bu qədər pulu, belə dəbdəbəli şəraiti nəyin hesabına əldə etmisən?”. İlk növbədə insan özünə hörmət qoymalıdır ki, kənardakıların da hörmətini qazana bilsin.

Mən həmin məmurları qınamıram, çünki onlar bu rejimin yetişdirdiyi insanlardır. Məsuliyyət vətəndaşların üzərindədir ki, onların indiyədək vəzifədə qalmalarına şərait yaradıblar. Digər yandan bu, Azərbaycan hakimiyyətinin xalq münasibətinin necə olmasının, iqtidar - xalq münasibətlərinin göstəricisidir. Dəfələrlə bir sıra məmurlar xalqın gözləri qarşısında vətəndaşları təhqir ediblər, edirlər. Metropolitenin keçmiş rəhbəri Tağı Əhmədovun danışıqları hamının yadındadır, Artur Rəsizadədən də dəfələrlə xalqa qarşı neqativ münasibətlər görmüşük. Ən yüksək pillədən tutmuş, aşağıyadək bütün məmur ordusu xalqa yuxarıdan aşağı baxır, problemlərinə də qeyri-ciddi münasibətlər sərgiləyir. Məmurların islah olunmasının bir yolu var ki, onlara öz yerlərini göstərmək lazımdır”