Şriftin ölçüsü / 641

Bakını idarə edə bilmirlərsə, bu hakimiyyətin öz yerində qalması doğru deyil

31 Oktyabr 2016 [14:45]
3 yaşlı mer Bakıdan vaz keçir, vəzifədən yox

Vüsal Qarayev: "Kim haranı istəsə satır, alır, tikir, sökür. Hacıbala müəllim də seyr edir”

Mirzə Sakit: "Komanda üzvlərinin əksəriyyəti istefaya göndərilməlidir”

Əli Orucov: "Onu əvəzləyəcək kifayər qədər peşəkar kadrlar var”

Rövşən Dəmirli: "Siyasi sistem yenilənməlidir”

Bakıya yağış yağırsa, paytaxtda hansı problemlərin yarandığını axtarmağa ehtiyac yoxdur. Çünki yağış yağırsa, bu, "Bakı batır” deməkdir. Hər yağan yağışın və yağıntının bütün növlərinin çəkdiyi mənzərə eynidir: Dərnəgül şossesi, Biləcəri qəsəbəsi, Yasamal və Binəqədi rayonlarında rahat şəkildə qayıqla üzmək olar. Kanalizasiya boruları partlayır və su qurşağacan qalxır. Yağış Azərbaycanda Bakının daş və mərmərdən yox, sabun köpüyündən inşa olunduğunu göstərən və bu haqda doğru xəbər verən yeganə "telekanal”dır.

Çünki yağışın ilk damlası yerə düşən kimi Bakı sakinləri ilə birlikdə suda üzməyə başlayır. Hacıbala Abutalıbov, yağış və Bakı problemləri: təkcə o fakt kifayətdir ki, şəhər İcra Hakimiyyəti və digər bütün dövlət orqanları binalarının qarşısında yağış yağarkən kibrit çöpünün belə üzəcəyi gölməçə əmələ gəlmir. Nə hikmətdirsə...

Qaçmaq işi

Paytaxta yağış yağır və şəhərin ağır çəkidə olan problemləri su üzünə çıxır. Yağışdan sonra da lil və palçığa dönmüş problemlər "yuyulmur”. Balacadan böyüyə hər kəs Bakı meri Hacıbala Abutalıbovu tənqid hədəfinə çevirir. Sosial şəbəkələr, internet saytları, qəzetlər, hətta Bakı meriyası ilə soyuq münasibətləri olan bir sıra telekanallar Abutalıbovun üzərinə düşürlər. Lakin hər tərəfdən ictimai qınaq blokadasına alınmış 72 yaşlı mer nə istefaya gedir, nə göndərilir, nə də baş verənlərlə bağlı açıqlama verir. Heç jurnalistlərlə də arası yoxdur, metropolitenin keçmiş rəhbəri Tağı Əhmədov qədər mediaya nifrət edir. Amma bu nifrət və kin yersizdir, çünki uşaqlar "gizlən-qaç” oynamırlar, söhbət 4 milyonun yaşadığı bir şəhərin taleyindən gedir. Hacıbala Abutalıbov jurnalistlərdən ya qaçır, ya da onu uzun illərdir öz postunda qocaldanlar gizlədirlər. Hər yağış yağanda belə edir, dabanına tüpürüb gücü çatan qədər qaçır. Niyə? Bəyəm, Hacıbala Abutalıbovun yerinə kadr yoxdur? Suallara nəzəri olsa da cavab vermək bu qədər əziyyətli işdir? Yoxsa, problemli Bakı Hacıbala Abutalıbovun üzvü olduğu siyasi komandaya sərf edir?

"Belə meri kim istəməz?”

AXCP-nin sözçüsü Vüsal Qarayev "Cümhuriyət”ə Bakı ilə yanaşı bütöv Azərbaycanın fundamental problemlərinin olduğunu bildirib. V.Qarayev hesab edir ki, ölkənin mövcud vəziyyəti insanlar üçün çoxlu sayda problemlər yaradır: "Ümumiyyətlə, Azərbaycanda hansı sahə normaldır? İndiyədək Azərbaycanda hansı problem olan sahənin rəhbərini ictimai qınağa görə istefaya göndəriblər? Bu ümumi sistemin problemidir. Kimsə hakimiyyətə ya kiminsə dəstəyi, himayəsi ilə, ya da pulunun gücünə gəlir. Hər iki halda o insanı tutduğu vəzifədən uzaqlaşdırmaq mümkün deyil. Bu Azərbaycanın reallığıdır. Ümumiyyətlə, problem oldu-olmadı, bir şəxs eyni vəzifədə uzun illər qalmamalıdır. Azərbaycanda isə kresloda dünyaya gəlib, kresloda da canlarını tapşıranların sayı kifayət qədərdir. Sırf Hacıbala Abutalıbovadan söhbət gedirsə, o insan sadəcə "günah keçisi”dir. Yəni, adı Bakının meridir, fəaliyyət isə sıfıra bərabərdir. Kim haranı istəsə, satır, alır, tikir, sökür. Hacıbala müəllim də seyr edir. Belə meri kim istəməz? Məsələ bu qədər sadədir”.

"...hamı Hacıbalanı çırağla axtarmalı olacaq”

Satirik şair Mirzə Sakit "Cümhuriyət”ə bildirib ki, problem təkcə Bakı merinin öz postunda qalmasıyla bağlı deyil. Mirzə Sakit hesab edir ki, Hacıbala Abutalıbov mövcud hakimiyyətin görünən üzlərindən biridir: "Hacıbalanı istefaya göndərib yerinə başqasını təyin etsələr, o təzə gələn adam elə möhtəkirlik edəcək ki, sonra hamı Hacıbalanı çırağla axtarmalı olacaq. Onu öz postundan uzaqlaşdırmaqla heç nəyə nail olmaq olmaz. Ümumilikdə komanda üzvlərinin əksəriyyəti istefaya göndərilməlidir”.

"Bəlkə də ən aşağı faiz merə çatır”

AMİP Siyasi şurasının üzvü Əli Orucov "Cümhuriyət”in diqqətinə çatdırıb ki, problemlərin kökü Hacıbala Abutalıbova bağlanmır. Ə.Orucov qeyd edib ki, hakimiyyətin daxilində onu əvəzləyəcək kifayər qədər peşəkar kadrlar, mütəxəssislər var: "Təkcə Hacıbala Abutalıbov qınaq obyekti olmamalıdır. Əgər bu qədər qınaqdan sonra vəzifəsində qalırsa və əvvəlki qaydada Bakını idarə edirsə, demək ki, problem Abutalıbovluq deyil. Problemin kökü sistemin yuxarılarından başlayır. Pullar birlikdə yığılır, birlikdə bölüşdürülür və birlikdə yeyilir, qalan vəsaitlər də sağlam olmayan istiqamətlərə xərclənir. Buna görə də heç kəs Hacıbala Abutalıbovdan heç nə tələb edə bilmir. Çünki onlar yeyintinin ortaqlarıdır. Bəlkə də ən aşağı faiz Bakı merinə çatır. Əgər onlar bir Bakını idarə edə bilmirlərsə, bundan sonra bu hakimiyyətin öz yerində qalması doğru deyil. Bu boyda Azərbaycanı necə idarə edəcəklər?”.

"Təkcə onun üstünə düşmək ədalətsizlikdir”

ADR Hərəkatının təşkilati məsələlər üzrə departamentinin rəhbəri Rövşən Dəmirli "Cümhuriyət”ə bildirib ki, mövcud meri dəyişməklə Bakının problemlərini həll etmək mümkün olmayacaq. R.Dəmirli hesab edir ki, məsələlərin həll yolu siyasi sistemdə ciddi dəyişiklikdən keçir: "Hakim komandanın yenilənməsinə ehtiyac var, islahatlar keçirmək lazımdır. Mövcud nizam dəyişmədən heç bir problemi həll etmək mümkün olmayacaq. Təkcə Hacıbala Abutalıbovun üstünə düşmək ədalətsizlikdir. Bu gedib başqa Hacıbala Abutalıbov gəlsə də vəziyyət dəyişməyəcək. Hansı dövlət qurumu normal işləyir ki, Hacıbala Abutalıbov da normal işləsin? Ümumiyyətlə, hakimiyyət daxilində istefa vermək mədəniyyəti də yoxdur. Bu mədəniyyət formalaşmayıb, bu heç müxalifətdə də yoxdur. Əgər uğur əldə edə bilmirsənsə, istefa verməlisən”.


Millət