AMİP Lideri Etibar Məmmədov Siyasi Şurası üzvü Aminə Vəliyevanı təbrik etdi
22 Noyabr 2016 [16:08]
Azərbaycan
Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Aminə xanım Vəliyevanın yubileyi
münasibəti ilə Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun
T
Ə B R İ K İ
Hörmətli
Aminə xanım,
Sizi 65 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə
möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da
uğurlar arzulayıram.
Siz hələ gənc yaşlarınızdan Azərbaycanın azadlıq və
müstəqillik ideyalarının daşıyıcılarından biri olmaqla hər zaman istiqlal və istiqrar mübarizəsinin ön sıralarında
olmusunuz. Tutduğunuz vəzifədən asılı olmayaraq Sovet imperiyasının tezliklə
dağılması və xalqların buxovdan xilası yolunda göstərdiyiniz məqsədyönlü və
ardıcıl fəaliyyətdən geri çəkilməmisiniz.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayan
Milli Azadlıq Hərəkatı Sizə yeni ilham, yeni nəfəs verdi və illərlə daşıdığınız
ali ideyaların həyata keçməsinə olan ümidinizin reallaşması üçün milyonların
apardığı mücadilədə özünüzə məxsus rol oynadınız. Ölkəmizin yenidən müstəqillik
qazanmasında Sizin də xidmətləriniz danılmazdır.
Siz ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə
ağır yaralanaraq müalicə alan əsgərlərimizə bir ana kimi, bacı kimi, doğmaları
kimi hər cür dəstək və kömək göstərdiniz. Mənəvi və maddi yardımlarınızı əsirgəmədiniz.
Azərbaycanın ictimai-siyasi həyatında Sizin ayrıca
dəsti-xəttiniz var. Çoxpartiyalı siyasi sistemə keçidin əsasını qoyan və ilk
siyasi partiya olaraq yaranan Azərbaycan Milli İstiqlal Partiyasının
qurucularından biri kimi ilk qadın siyasətçilərdən olmaqla adınızı çağdaş
siyasi tariximizə yazdıra bilmisiniz. İstər partiyada, istərsə də partiyadan
xaricdə olan kadrların, gənc nəsil siyasətçilərin yetişməsində, xüsusən də,
qadınların ictimai-siyasi proseslərə cəlb edilməsi yönündəki təşəbbüsləriniz təqdirəlayiqdir.
Sizin yaşam kredonuz, keçdiyiniz yol və göstərdiyiniz fəaliyyət gələcək nəsillər
üçün əsl nümunədir.
Siz qayğıkeş ana, zəhmətkeş və fədakar ailə
başçısı, mehriban və sadiq dost, güvənilən, qorxmaz və əqidəli silahdaşsınız. Yüksək
əxlaqi keyfiyyətlərinizə və xarakterinizə, qazandığınız etimad və inama görə
partiyada dəfələrlə Ali Qurumlara seçilmisiniz. Məsuliyyətli və çətin vəzifələrin
öhdəsindən bacarıqla gəlmisiniz. Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi
Şurasının üzvü və AMİP Qadınlar Təşkilatının sədri olaraq ən məsul görəvləri
tutmaqla partiyada sözü keçən, şəxsinə böyük hörmət bəslənilən simalardansınız.
İnanıram ki, arzusunda və mücadiləsində olduğunuz
Bütöv, Demokratik, Çiçəklənən və Qüdrətli Azərbaycan Dövlətinin vətəndaşı olmaq
səadətini də yaşamaq Sizə qismət olacaqdır.
Sizi bir daha təbrik edir, ən xoş arzularımı
bildirirəm.