Şriftin ölçüsü / 761

2017-ci ilə böyük iddialarla və bu iddiaları gerçəkləşdirə biləcək enerji, inam və güvənlə gedirik

16 Dekabr 2016 [12:57]
Əli Oruclu: "Dövlətn və milli maraqların tələb etdiyi halda əməkdaşlıq da mümkündür"

"Hər şeyi iqtidarın üzərinə buraxıb büdrəmələrə, səhvlərə tənqidi yanaşmaqla iş bitmir"

Artıq 2016-cı ilin başa çatmasına sayılı günlər qalıb. Bu il də bir sıra mənfi və müsbət məqamları ilə tairixin yaddaşına köçməkdədir. Əvvəlki illər kimi bu il də ənənəvi olaraq dəyişməyən hal Azərbaycan müxalifəti ilə bağlı oldu. Belə ki, başa vurmaqda olduğumuz il də Azərbaycan müxalifəti üçün uğursuz oldu desək yanılmarıq. Bəs görəsən 2016-cı ili müxalifət partiyaları necə dəyərləndirir? Bu və digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucluya müraciət etdik. AMİP rəsmisi təmsil etdiyi partiyanın qarşıdakı il üçün hədəfləri barədə də məlumat verib.

-Əli bəy, artıq 2016-cı il də başa çatmaq üzrədir. Bu ili siyasi baxımdan, xüsusilə müxalifətin durumu baxımından necə dəyərləndirərdiniz?

-Cari ilin başa çatmasına sayılı günlər qalıb. Başa vuracağımız 2016-ci il neqativ olan, problemlərin daha da dərinləşdiyi il kimi yadda qaldı. 1-4 aprel döyüşləri Azərbaycanda hərbi-vətənəpərvərlik ruhunu yüksəltsə, ordumuz düşmənə sarsıdıcı zərbələr endirsə də, bunun davamı gəlmədi. Diplomatiya sahəsində Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda bu möhtəşəm uğur masaya gətirilmədi. Cəbhədəki mövqelərimiz diplomatiyada da möhkəmləndirilmədi. Torpaqlarımızn işğaldan azad olunması yönündə heç bir irəliləyişə nail olunmadı. Siyasi partiyalar arasında rabitə əvvəlki kimi zəifdir və təmərküzləşmə, inteqrasiya prosesləri getmir. Təəssüf ki, ili yola salsaq da, problemlərini özümüzlə yeni ilə daşıdıq. Amma bu heç də pessimist olmağa əsas verməməlidir.

-2017-ci ildən gözləntilər nədir və qarşıdakı ildə müxalifət toparlana biləcəkmi?

-Ölkədə yaranmış vəziyyət, regionda və dünyada gedən proseslər, təktərəfli dünyanın sürətlə qütbləşməsi təkcə iqtidarın deyil, müxalifətin üzərinə də məsuliyyət qoyur. Müxalif düşərgə olaraq bizim də üzərimizdə həyata keçirməli olduğumuz vəzifələr var. Hər şeyi iqtidarın üzərinə buraxıb büdrəmələrə, səhvlərə tənqidi yanaşmaqla iş bitmir. Azərbaycanın qloballaşan, sürətlə dəyişən və qütbləşən dünyada təhlükəsizliyinə, onun stabil inkişafına müxalifət də öz tövhəsini verməlidir. Yeri gələndə, zərurət yarandıqda hakimiyyətə dəstək də verilməlidir. Dövlətn və milli maraqların tələb etdiyi halda əməkdaşlıq da mümkündür. Müxalifətin bütün yükü, beynəlxalq təzyiqləri, məsuliyyəti, bütövlükdə ölkənin və millətin taleyini iqtidarın üzərinə qoyub kənardan seyrçi mövqeyindən çıxış etməsini doğru saymıram. Çox da uzağa getməyək. Qardaş Türkiyə nümunəsi kifayət edər. 15 iyulda hərbi çevrilişə cəhd zamanı iqtidarlı-müxalifətli hamı özünü tankın qabağına atdı, hakimiyyəti dəstəklədi. Nəyə görə? Güclü Türkiyə dövləti üçün? Türkiyə bütün Qərbə qarşı dirəniş göstərir, heç nəyə fikir vermədən müstəqil siyasət yürüdə bilr. Çünki Türk xalqı, Türk milləti güclüdür. Xalq, millət güclü olduğu üçün də iqtidarı da, müxalifəti də güclü olur. Azərbaycan da bu ənənəni əxz eləməlidir. Xalq, millət güclü olmasa, qurduğu dövlətinə, yaratdığı hakimiyyətinə sahib çıxmasa, öz taleyini başqalarının ümidinə buraxsa, o zaman müxalifətin toparlanıb toparlanmamasının əhəmiyyəti qalmır. Xalq toparlanmalıdır ki, siyasi təsisatlarını da toparlada bilsin. Xalq eyni qaydada həm hakimiyyətdən, həm də müxalifətdən hesabat sormalıdır, hər iki institutun çevik işləməsinə, funksionallığını artırmasına məcbur etməlidir. Siyasi təsisatlara nəzarət olmayınca, xalq həmin təsisatların lokomotivi funksiyasını üzərinə götürməyincə müxalifət də, iqtidar da öz istədiyini edəcək. Xalq, millət amili nəzərə alınmadan, cəmiyyətin özü-özünü fəallaşdırıb siyasi proseslərə qoşulmadan müsbət heç nəyə nail olunmayacaq. Hesab edirəm ki, cəmiyyətin fəal və ayıq kəsimi bizi gözləyən təhlükələrin ciddiliyini dərk edib, siyasi proseslərin katalizatoru olmalıdır.

-Partiya olaraq nəhayət ki, 2017-ci ildə qurultayınızı keçirə biləcəksinizmi?

- 2017-ci ildə partiyanın qurultayının keçirilməsində mən elə bir ciddi problem görmürəm. Yerlərdə hesabat seçki-yığıncaqları keçirilib, qurultay nümayəndələri seçilib. Texniki və maliyyə problemlərinin həlli qalır ki, bu da nizama düşər. AMİP-in qurultayları həmişə ölkə üçün böyük hadisə olub və siyasi proseslərin axarına ciddi təsir göstərib. Bu dəfə də belə olacaq. AMİP qurultayını yüksək səviyyədə keçirib, ictimai-siyasi gündəmi dəyişəcək.

-Bəs, növbəti il üçün AMİP-in hədəfləri nə olacaq?

-Partiyanın dəyişməyən hədəfləri var. Bu ilk növbədə dövlətçiliyimizin qorunması, stabilliyin saxlanılması, demokratik dəyərlərin bərqərar olunması, indiki hərtərəfli böhrandan və beynəlxalq güclərin regional qarşıdurması və rəqabətindən itkisiz çıxmamız üçün üzərinə düşən vəzifəni yerinə yetirməkdən ibarətdir. Təbii ki, siyasi partiya olaraq hakimiyyətə gəlmək də ilkin hədəflərimiz sırasındadır. İnanıram ki, 2017-ci ildə AMİP ölkənin hakim partiyası olacaq. Bəlkə də mənim bu fikirlərimi kimlərsə şübhə altına və qəribçiliyə salsın, amma unutmaq olmaz ki, dünya çox sürətlə dəyişir. Elə sürətlə ki, nəinki bunu proqnozlaşdırmaq mümkün olmur, hətta proseslərə çatmağa, dinamikaya uyğunlaşmağa vaxt qalmır. AMİP heç vaxt hadisələri və prosesləri şansa bağlamayıb. Əksinə yaratdığı bu şans və imkanlardan başqaları bəhrələnib. Ona görə yox ki, bacarmamışıq. Ona görə ki, fürsətçil deyilik, şəxsi məqsədlərini güdənlərlə, yalançılarla, talançılarla heç vaxt bir yerdə olmamışıq, ola bilməmişik. Ölkəni qarşıdakı fəlakətli durumdan çıxara biləcək yeganə qüvvə varsa, o da AMİP-dir.Taktiki addımlara gəlincə isə bu təbii ki şəraitə və proseslərin axarına uyğun olaraq dəyişə bilər. Amma yenə də ənənəmizə uyğun olaraq sağlam qüvvələrlə əməkdaşlığı da istisna etmirəm. Eyni zamanda çalışılacaq ki, partiya beynəlxalq əlaqələrini daha da genişləndirsin və bu əlaqələrdən, yüksək tribunalardan Azərbaycanın maraqları üçün istifadə edilsin. Bir sözlə, 2017-ci ilə böyük iddialarla və bu iddiaları gerçəkləşdirə biləcək enerji, inam və güvənlə gedirik.

OLAYLAR


Millət