Şriftin ölçüsü / 265

İqtisadi artıma risk yaradan amillər ...

16 Dekabr 2016 [13:01]
Azərbaycanın "Ba1" səviyyəsində olan suveren reytinqinə neqativ proqnozun verilməsi iqtisadi artım üçün bəzi risklərin olmasını özündə ehtiva edir. "APA-Economics" xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Mütəxəssislər hesab edir ki, iqtisadi artıma risk yaradan amillər manatın dəyərdən düşməsi, inflyasiyanın yüksək həddə olması, bank sektorunun zəifləməsidir. "Bu amillər investisiyalar üçün perspektivləri azaldır", - deyə agentlik qeyd edir.

Bununla yanaşı, agentlik bildirir ki, dövlət büdcəsinə kifayət qədər gəlir gətirən karbohidrogen ehtiyatlarının olması reytinqə müsbət təsir edir. Bundan başqa, ekspertlərin sözlərinə görə, dövlət borcu artsa da, aşağı həddə qorunub.

"Müsbət tərəflərdən biri də Azərbaycan Dövlət Neft Fondunun iri həcmdə ehtiyatlara sahib olmasıdır ki, bu vəsaitlər daxili və xarici şokların qarşısını almağa yardım edir", - deyə məlumatda bildirilir.

"Moody`s"in proqnozuna əsasən, cari ötən il 1,1% artan Azərbaycan iqtisadiyyatı cari ildə 3,3%-lik azalma ilə üzləşəcək. Buna səbəb ixracın və investisiyaların həcminin azalmasıdır. Bununla yanaşı, "Moody 's" gələn il Azərbaycan ümumdaxili məhsul istehsalının (ÜDM) 1,1% artacağını proqnozlaşdırır.

Agentliyin ekspertləri onu da qeyd edir ki, 2018-ci ildə ölkəmizin iqtisadiyyatı 1,9% genişlənəcək: "2018-ci ildə karbohidrogenlərin qiymətinin artması, kreditləşmənin artması və "Şahdəniz-2" layihəsində hasilatın artması dövlət büdcəsinə daxilolmaları artıracaq".

"2016-cı il üzrə dövlət büdcəsinin təhlili onu göstərir ki, Azərbaycan hökuməti fiskal konsolidasiyaya sadiqdir", - deyə agentliyin ekspertləri qeyd edib.


Millət